"Bloqçunun başı pul qazanmağa qarışıb"
Bizi izləyin

Qırmızı.az

"Bloqçunun başı pul qazanmağa qarışıb"

"Bloqçunun başı pul qazanmağa qarışıb" - MÜSAHİBƏ

Bloqçu Etibar Salmanlının müsahibəsi

– 1987-ci ildən bu yana Azərbaycanda yaşamağa çalışıram, yəni həmin il Bakıda doğulmuşam. Bakı Dövlət Universitetini bitirmişəm.

Nə vaxtdan bloqçuluq fəaliyyətinə başlamağı qərara aldınız?

– Universitet dövründən jurnalistikaya marağım vardı. 2004-2008-ci illərdə “Azadlıq” qəzetinin “Gənclik” şöbəsində, “Futbol+” və “Het-Trik” qəzetlərində yazılarla çıxış etmişəm. Universiteti bitirib hərbi xidmətə getdim və “vətənə borcumu” qaytarandan sonra Bakıya qayıtdım. Jurnalistikaya həvəsim özümə də məlum olmayan səbəblərdən bitmişdi, ancaq yazı yazmaq istəyirdim. Bu səbəbdən WordPress platformasında özümə bloq açdım, gündəlik yazılarımı ora yerləşdirməyə başladım.

Əsas işiniz nədir? Bloqçuluq fəaliyyətiniz sizə mane olurmu?

– Əsas işim hazırda jurnalistlik, köşə yazarlığı və sosial media təlimçiliyidir. Bloqçuluq işlərimə yox, ancaq işlərim bloqçuluğuma mənfi təsir göstərir. Başım pul qazanmağa qarışdığından bloq yazılarımda zəifləmə, gecikmə olur. Bloquma nəzər yetirsəniz, görərsiniz neçə həftədir bloqumu yeniləyə bilmirəm. Ancaq bu ayın sonundan bloquma yenidən diqqəti artıracağam .

Bloqunuzda ən çox hansı mövzulara müraciət edirsiniz? Deyəsən, ədəbi mövzular sizi daha çox maraqlandırır.

– Mən bloqumda sözün əsl mənasında bütün mövzulardan yazıram. Ədəbiyyatdan tutmuş, siyasətə, musiqiyə qədər. Nəzərə alsaq ki, bloq internet gündəliyidir, onda özünü çərçivələrə salmaq absurd bir addım olardı. Razıyam, ədəbiyyat mənim üçün daha önəmlidir və yazılarımın əksəriyyəti oxuduğum kitablardan, yazıçılardan olur. Özüm də mətbuatda, ədəbiyyat saytlarında yazı, hekayələrlə çıxış etdiyimdən bloqumda bu mövzunun üstünlük təşkil etməsi heç də təəccüblü olmamalıdır.

Deyirlər, siz Azərbaycanda ən çox oxunan bloqçularındansınız. Bu belədirmi? Populyarlığınızın sirri nədədir?

– Əslində, düz də deyirlər. Mən bloqumun statistikasına əsaslanaraq deyə bilərəm ki, bloquma giriş, hətta yazı yazmadığım zamanlarda da çox yüksəkdir. Populyarlığımın əsas səbəblərindən biri mənim bloqumda heç bir sərhədə, çərçivəyə fikir verməməyimdir. İkinci səbəb isə mən küçədə, bayırda necə danışıramsa, eləcə də bloqumda yazıram. Gündəlik, həftəlik mövzular haqqında yazmağım mənə populyarlıq gətirir. Facebook, Twitter-də aktivliyim də bloquma girişi artırır.

Azərbaycanda bloqçuluq fəaliyyəti çox az inkişaf edib, demək olar, yox dərəcəsindədir. Səbəbini nədə görürsünüz?

– Bizdə bloqçu pul qazanmaq üçün başqa işlərlə məşğul olmalı, nəsə bir saytda və yaxud hansısa işdə işləməlidir ki, öz xərclərini qarşılasın. Bloqçu kompüterini açmalıdır, internetə daxil olmalıdır, sonra isə yazısını yazmalıdır. Əgər işıq pulunu, internet pulunu verə bilməsə, yazını necə yazsın? Bu səbəbdən maliyyə müstəqilliyi əldə etmək üçün işləməlidir.

Bloqçuluğun zəifləməsi isə bir çox səbəblərdən asılıdır. Birincisi, dediyim kimi bloqçunun başı pul qazanmağa qarışıb, həm də bloqçuluqla bağlı tədbirlər daha keçirilmir. Əvvəllər Bloqosfer, Bloq günü tipli tədbirlər olurdusa, son iki ildə bir dənə də olsun tədbir keçirilmir.

Yeni mediaya ayrılan pulları da elə yox edirlər ki, bloqçuların heç ruhu da incimir.

Hansı bloqçuların bloqlarını izləyirsiniz?

– Daimi olaraq Ramil Qafarovun, Taleh Məmmədovun, Azadlıq Radiosunun “bloqçuları” Zeynal Məmmədli, Hüseynbala Səlimov, Abbas Atilayı izləyirəm. Ancaq əsas Twitter-də aktiv olan mikrobluqçular daima diqqətimdədir. Bəzən elə olur ki, hansısa mikrobloqçunun kiçik bir statusu və ya çəkdiyi fotosu böyük yazı üçün mənə ideya verir. Ona görə mütləq istər tanınmış, istər də tanınmamış bütün mikrobloqçuların profilini hər gün izləyirəm.

Sosial şəbəkələr bloqları sıradan çıxarırmı?

–Yox, bu mümkün olan bir şey deyil. Sosial şəbəkələr bloqlara təsir etsə də, sıradan çıxara bilmir. Əgər düşünsək ki, biz sosial şəbəkələr sayəsində bloqumuzu, yazılarımızı reklam edirik, orda linklər paylaşırıq, bloqumuza Facebook şərh funksiyası, Twitter düymələri əlavə ediriksə, demək ki, bloqlarımızı sıradan çıxartmır, hətta populyarlaşmasına müsbət mənada təsir edir.

Bloqunuzu “Etibarlı mənbə “adlandırırsınız. Sizin yazılarınıza nə dərəcədə inanmaq olar? Mənbəniz etibarlıdırmı?

– Mənim bəxtim gətirib ki, adım Etibardı, bloqumun ünvanı etibarlıdır,(etibarli.wordpress.com) Twitter ünvanım etibarlis(twitter.com/etibarlis), hətta instagram hesabım etibarlis-dir(instagram.com/etibarlis). Yəni adım mənə bloqçuluqda populyar olmağa yardım edir. Hamımız bilirik ki, bu gün mətbuatda, internet mediasında ad, sloqan mühüm rol oynayır. Mənim mənbəm gözlərimdir, gördüyüm, bildiyim şeylərdən yazıram. Əgər mən nəyisə yazmışamsa, demək, o yüz faiz baş verib. Düşünürəm, mənim “Etibarlı mənbəm” “Yeni Müsavat”ın və əksər saytların “etibarlı mənbəsi”ndən daha etibarlıdır. Buna əmin ola bilərsiz.

Ruhanə Paşazadə/Pressforum.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm