Peşmançılıq...
Bizi izləyin

Qırmızı.az

Peşmançılıq...

Peşmançılıq...

Bir işə görə peşman olmaq, əslində, tövbə etmək deməkdir.

Həzrəti Məhəmməd(s.a.v)

İnsan qəribədir. Bəzən etdiyi hərəkətlərdən, danışdığı sözlərdən peşman olsa da bunu etiraf etmək istəməz. Bunun nüfuzuna xələl gətirəcəyindən, onun haqqında zəif xarakterli insan fikri formalaşdıracağından, bəzən isə təkəbbüründən, eqosundan etmək istəməz.

Amerika ictimai –siyasi xadimi Tomas Robert Düarın gözəl bir fikri var. “Peşmançılıq nüfuza xələl gətirsə də ruhu xilas edər”. Ruhu xilas etmədən isə heç birimiz gerçək insan olma yolunda irəliləyə bilmərik...

Böyük islam alimi və mütəfəkkiri Muhəmməd Qəzzali deyirdi ki, məzardakıların peşman olduqları şeylər üçün dünyadakılar bir-birlərini qırırlar. Gerçəkdən də insan az düşünür. Çünki əslində sonradan peşman olacağımız bir çox şeyləri zamanında etməmək bizim öz əlimizdədir.

Əslində hər şey o qədər böyük önəm vermədiyimiz və peşmançılıq çəkmədən etdiyimiz kiçik günahlardan başlanır. Mənasına varmadan törətdiyimiz kiçik günahlar gələcəkdə utanmazcasına və peşmançılıq çəkmədən törədə bildiyimiz böyük günahlara yol aça bilər.

Fransız yazarı Jozef Juber bu fikirlərlə insanları sonradan peşman olacağı addımları zamanında atmamağa çağırırdı. Alman alimi və yazıçısı Georq Lixtenberq isə yazırdı ki, buraxılan səhvlərə görə peşmançılıq çəkməkdənsə, bu səhvlərə yol verməməyə çalışmaq lazımdır.

Necə etmək sualına ən qısa və doğru cavablardan birini isə tanınmış fransız filosofu və yazıçısı Mari Fransua Arue Volter verib. “Peşman olmaq istəmirsənsə, pis vərdişlərdən çəkin”.

Qədim Çin mütəfəkkiri Konfutsi isə qəzəblə peşman olmaq duyğusunu səbəb və nəticə kimi görürdü və deyirdi: ”Qəzəbinə hakim olmasan, heç nədən başına iş açıb peşman olarsan”. Doğrudur hər insan xəta edə bilər, amma gerçək insan xətalarını, səhvlərini anlayıb peşman olanlar və tövbə edənlərdir.

Etdiyin səhvdən dönməkdən qorxma deyən Konfutsidən yüzillər sonra tanınmış Amerika yazıçısı Mark Tven tövbə etməni əxlaqı təmir etməklə müqayisə edərək yazırdı:” Tövbə etmək əxlaqı təmir etmək kimi bir şeydir”. Atalar sözlərimizdə isə gözəl bir hikmət var.

Ziyanın yarısından dönmək də xeyirdir deyirik... Peşmançılıq hissi ilə axıdılan göşyaşını isə müdrik insanlar zəiflik əlaməti kimi deyil, tam əksi güclülük kimi qəbul edirdilər. Böyük türk mütəfəkkiri və şairi Həzrəti Mövlanə deyərdi ki, içdəki kiri su deyil, gözyaşı təmizləyər.

Etdiyin əməldən zamanında peşman olmaq üçün isə italiya tarixçisi və yazıçısı Nikkola Makiavellinin təbirincə desək insan istəsə, vaxt tapa bilər.

Amma təəssüf ki, bu gün etdiyi hərəkətlərdən peşman olmayanların və tövbə etməyənlərin sayı getdikcə çoxalır və bu tendensiya hamımızı, insanlığı ciddi narahat etməklə bərabər ciddi düşündürməlidir.

Həzrəti Peyğəmbərimizin (s.a.v) yüzillər öncə söylədiyi sözlərlə bu gün də insanlığa səslənir və deyir: “Bir işə görə peşman olmaq, əslində, tövbə etmək deməkdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm