Füzulidə İlyas Əfəndiyevin 100 illiyi qeyd edilir
Bizi izləyin

Qırmızı.az

Füzulidə İlyas Əfəndiyevin 100 illiyi qeyd edilir

Füzulidə İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir

Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq respublikamızın hər yerində Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin 100 illik yubileyi təntənə ilə qeyd edilir. Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi Füzuli rayonunda da silsilə tədbirlərlə qeyd olunur. Xalq yazıçısının 100 illik yubileyinin keçirilməsi barədə rayon İcra Hakimiyyəti tərəfindən Sərəncam imzalanmış, tədbirlər planı hazırlanmışdır.

Tədbirlər planına uyğun olaraq rayonun 1 №-li Qayıdış qəsəbəsində və Əhmədbəyli kənd tam orta məktəbində görkəmli nasir və dramaturq, Xalq yazıçısı, “Şöhrət” ordenli İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.

1 №-li Qayıdış qəsəbə tam orta məktəbində keçirilən tədbiri məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi Sevda Rüstəmova açaraq İlyas Əfəndiyevi Azərbaycan dramaturgiyasının və nəsrinin qüdrətli nümayəndəsi kimi xarakterizə etmiş, onun həyat və yaradıcılığı barədə ətraflı məlumat verilmiş, ədəbiyyatımıza verdiyi töhfələrdən danışmışdır.

Əhmədbəyli kənd tam orta məktəbinin direktoru Sürəyya Quliyeva isə müasir Azərbaycan ədəbiyyatında xüsusi dəst–xətti olan yazıçının əsərlərinin bu gün də sevilə-sevilə oxunduğunu vurğulamışdır.

Çıxış edənlər bildirmişlər ki, milli mənəvi dəyərlərə hörmət İlyas Əfəndiyev yaradıcılığının əsas qayəsini təşkil edir. İlyas Əfəndiyevin yaradıcılığı üçün səciyyəvi cəhətlərdən biri onun cazibəli, təbii və canlı bir dildə yazması olmuşdur.

Görkəmli nasir və dramaturq, Xalq Yazıçısı, “Şöhrət” ordenli İlyas Əfəndiyevin zəngin ədəbi irsi Azərbaycan ədəbiyyatında yeni mərhələnin təşəkkülünə böyük təsir göstərmişdir. Respublikamızda teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyasının özünəməxsus yeri vardır.

Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə yazıçının xatirəsi əbədiləşdirilmiş, İçərişəhərdəki küçələrdən birinə və nüfuzlu “Elitar” Gimnaziyaya İlyas Əfəndiyevin adı verilmişdir.

Ulu Öndərin Sərəncamı ilə İlyas Əfəndiyevin “Seçilmiş əsərləri”nin yeddi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə üçcildliyi nəşr edilmişdir.

Ədibin əsərləri son illər rus, türk və digər dillərdə dəfələrlə nəşr olunmuş, haqqında monoqrafiyalar, doktorluq, namizədlik dissertasiyaları yazılmışdır.

Tədbirdə məktəblilərin ifasında İlyas Əfəndiyev haqqında görkəmli şəxsiyyətlərin fikirləri, eləcə də ona ithaf olunmuş şeirlərdən parçalar səsləndirilmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm