• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Sığortaları onlayn ödəyənlərin sayı yüz mindən çoxdur

Sığortaları onlayn ödəyənlərin sayı yüz mindən çoxdur

Dövlət Sosial Müdafiə Fondu (DSMF) göstərdiyi elektron xidmətlərlə bağlı maarifləndirmə və məlumatlandırma işini ayrı-ayrı bölgələrdə davam etdirir.

Fonddan Publika.az-a verilən məlumata görə, mayın 30-da Yevlaxda keçirilən "Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi" adlı növbəti regional təqdimatda Yevlax, Tərtər, Bərdə, Ağcabədi, Laçın, Ağdam, Goranboy, Mingəçevir, Göyçay, Ucar, Ağdaş, Zərdab, Naftalan və Xocalı rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən DSMF-nin şöbə müdiri Famil Qədimov ölkə Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın əhəmiyyətindən bəhs edərək bildirib ki, ölkədə "elektron hökumət"in formalaşdırılmasına ciddi diqqət yetirilir və bu, məmur-vətəndaş münasibətlərinin informasiya texnologiyaları vasitələrindən istifadə etməklə sadələşdirilməsinə, şəffaflaşdırılmasına xidmət edir. Çoxsaylı pensiyaçı, sığortaolunan və sığortaedənlərə müasir əsaslarla xidmətin təşkili məsələlərinin həllində DSMF öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və DSMF əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl işlər həyata keçirməkdədir.

DSMF müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirir.

DSMF-nin elektron xidmətlərindən biri də "Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi"dir və hazırda sığortaedənlər bu elektron xidmətdən fəal şəkildə istifadə edirlər. Bu xidmət növü sığortaedənlər, o cümlədən işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırmaqla yanaşı, bu sahədə şəffaflığın daha da artırılmasına xidmət edir. "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" ölkə Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin asanlaşdırılması üçün ödənişlərin Mərkəzi Bankın Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) vasitəsilə də həyata keçirilməsi təmin edilib. Bu məqsədlə Mərkəzi Bank və DSMF arasında "AzDataKom" şəbəkəsi üzərində rabitə kanalı qurulub, lazımi texniki avadanlıq və lisenziyalı əməliyyat sistemi ilə təchiz edilib. 1 may 2014-cü il tarixə Fondun 86 yerli orqanı üzrə 713798 sığortaedən haqqında məlumat KÖMİS-ə inteqrasiya edilib.

Elektron xidmətdən istifadə etmək üçün http: //www.e-gov.az - "Elektron Xidmətlər Portalına" daxil olaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunan elektron xidmətlərin siyahısından "Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi" elektron xidmətini seçmək lazımdır. Məcburi dövlət sosial sığorta haqlarının ödənişi real vaxt rejimində həyata keçirilir. 2014-cü ilin I rübü ərzində məcburi dövlət sosial sığorta vəsaitlərin onlayn ödənilməsi elektron xidmətindən 131653 istifadə sayı müəyyənləşdirilib.

"Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi" adlı təqdimatla çıxış edən DSMF-nin informasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev Fondun əhaliyə göstərdiyi digər çoxsaylı elektron xidmətlər və onlardan istifadə qaydaları barədə də ətraflı məlumat verib. Qeyd edilib ki, Fondun elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsi, elektron xidmətlərdən istifadə imkanının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların "elektron hökumət" üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi yönündə fəaliyyəti bundan sonra da davam etdiriləcəkdir.

Regional təqdimat mərasimində iştirakçıların DSMF-nin elektron xidmətləri ilə bağlı sualları cavablandırılıb, təklifləri müzakirə olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR