“Elm sahəsində nöqsanlar var” – Misir Mərdanov
Bizi izləyin

Qırmızı.az

“Elm sahəsində nöqsanlar var” – Misir Mərdanov

“Elm sahəsində nöqsanlar var” – Misir Mərdanov

İyunun 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanovun başçılıq etdiyi nümayəndə heyəti Qırğızıstana səfərə gedəcək.

Bu barədə Publika.az-a Misir Mərdanov məlumat verib.

Səfər çərçivəsində iyunun 3-8-də İsıkgöldə Türk dünyası Riyaziyyat Cəmiyyətinin növbəti konqresinin keçiriləcəyini vurğulayan M. Mərdanov sözügedən tədbirdə iştirak edəcəklərini bildirib.

M. Mərdanov deyib ki, son üç ildə Türk dünyası Riyaziyyat Cəmiyyətinə Azərbaycan sədrlik edir:

“Mən Türk dünyası Riyaziyyat Cəmiyyətinin prezidentiyəm. İndi həmin tədbirə gedib sədrliyi Qırğızıstana təhvil verəcəyik. Tədbirdə Azərbaycandan gedən nümayəndələr elmi məruzələrlə çıxış edəcək və 3 il ərzində Azərbaycan tərəfindən atılan addımlarla bağlı məlumat verəcəyik”.

Azərbaycanda riyaziyyat və mexanika elminin tanınması sahəsində də bir sıra irəliləyişlərin olduğunu vurğulayan M.Mərdanov qeyd edib ki, 2013-cü ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu əməkdaşlarının 30 məqaləsi “Reuters” agentliyinin siyahısına düşmüş jurnallarda çap olunub:

“Yəqin ki, iyulun əvvəlində biz həmin məqalələrin müəlliflərinə Azərbaycanda ilk dəfə olaraq mükafat təqdim edəcəyik. Düşünürəm ki, bu da gələcəkdə Azərbaycanda bu sahədə də elmin inkişafı üçün stimul rolunu oynayacaq. Cənab Prezident digər sahələrlə yanaşı, elmin inkişafına da böyük diqqət ayırır. Azərbaycanda Milli Elmlər Akademiyasının bazası möhkəmlənir. Təkcə bir faktı deyim ki, son bir ildə Prezidentin iştirakı ilə Şamaxı Astro-Fizika rəsədxanasının yerləşdiyi qəsəbə əsaslı təmirdən sonra istifadəyə verilib. Həmin açılış mərasimində də Cənab Prezident dedi ki, vaxt gələcək ki, Azərbaycan elm sahəsində də liderlik edəcək. Bütün bunlar onu göstərir ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən elmə çox böyük diqqət yetirilir. Alimlər də öz işlərini elə qurmalıdır ki, bu işlərə layiq olsunlar”.

M. Mərdanov həmçinin müəyyən nöqsanların da olduğunu diqqətə çatdırıb:

“Təbii ki, elm sahəsində nöqsanlar var. Çalışırıq ki, həmin nöqsanlar tez bir zamanda aradan qaldırılsın. Ancaq Azərbaycanın onlarla alimləri var ki, bu gün dünyanın müxtəlif ölkələrində çalışırlar. Bunu deməkdən çəkinmək lazım deyil. Təkcə riyaziyyat sahəsində 40 nəfər yaxın azərbaycanlı elmlər doktoru Meksika, Yaponiya və digər ölkələrdə elmi tədqiqat və elmi tədris müəssisələrində uğurla çalışırlar. Reytinq cədvəllərində onların siyahısına baxanda adam çox sevinir. Onlar dünyada Azərbaycanın adını uca tuturlar. Biz onlardan yaxşı istifadə etməliyik. Apardığımız kiçik araşdırma nəticəsində dünyanın bir çox ölkələrində 500-ə qədər azərbaycanlı alimin çalışdığını müəyyən etmişik. Düşünürəm ki, bu cür adamların sayı daha da çoxdur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm