Siqaret hər il 5 milyon insanın həyatına son qoyur
Bizi izləyin

Qırmızı.az

Siqaret hər il 5 milyon insanın həyatına son qoyur

Bu gün Ümumdünya Tütünlə Mübarizə Günüdür.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyası 1988-ci ildə 31 may tarixini Ümumdünya Tütünlə Mübarizə Günü elan edib. O vaxtdan dünyanın müxtəlif ölkələrində insanları tütün məhsullarından istifadədən çəkindirmək məqsədi ilə bu tarixi gün hər il qeyd olunur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 1,3 milyarddan çox insan siqaret çəkir. Tütün məmulatlarından istifadə hər il azı 5 milyona yaxın insanın həyatına son qoyur. 2020-ci ildə isə bu rəqəmin iki dəfə artacağı gözlənilir. ÜST-ün hesablamalarına görə, narkotik və siqaretdən istifadədən ölüm hadisələrinin sayı 3-cü yerdə qərarlaşır.

Dünya Ağ Ciyər Fondu, Amerika Xərçəng Cəmiyyəti “Tütün Atlası” adlı hesabatında bildirilir ki, Azərbaycanda bir ildə adambaşına 1877 siqaret çəkilir. Serbiyada bir ildə adambaşına 2861 siqaret çəkilir. Rusiyada bu göstərici 2786, Ermənistanda 1620, Gürcüstanda 1039-dur. Hesabata görə Əfqanıstan dünyada ən az siqaret çəkilən ölkələrdən biridir. Bu ölkədə adambaşına ildə cəmi 61 siqaret düşür.

“İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanun ilk dəfə İrlandiyada (2004-cü il) qəbul olunub. Almaniya Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İtaliya, Danimarka, Yunanıstan, Hindistan, Misir, İspaniya, Çin, Rusiyada və s. ölkələrdə oxşar qanunlar qüvvədədir.

Artıq dünya üzrə 80%-dən çox ölkədə bu cür qadağa tətbiq olunmaqdadır. Hətta araşdırmalara görə, Türkiyədə 2008-ci ildən qüvvədə olan "Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanunun qüvvəyə minməsindən 2 il ərzində siqaret çəkənlərin sayı 20% azalıb.

Rusiya Dövlət Duması xalqa açıq yerlərdə siqareti qadağan edən qanun layihəsini təsdiqləyib. Qanunda dövlət idarələri, ali təhsil müəssisələri, məktəblər, xəstəxana, restoran, qatar, hava limanı, avtobus, vağzalla, pilləkən, lift, avtobus dayanacağı, oyun sahələri kimi yerlərdə siqaret çəkmək qadağan edilib.

İnternet daxil bütün mətbuat vasitələrində siqaretin rekalmı edilməyəcək, elektron siqaret, siqareti xatırladan saqqız belə satılmayacaq. Qanun 1 iyun tarixindən mərhələ-mərhələ qüvvəyə minəcək.

ABŞ-ın Nyu-York şəhərində 2013-cü ilin may ayından etibarən şəhərdə parklar, sahillər və hətta məşhur Times Meydanında belə "siqaret" çəkmək qanunla qadağan olunub.

Yeni Zelandiya 2003-cü ildə məktəb, bağça və iş yerlərində siqareti qadağan edib. İspaniya 2011-ci ildən etibarən xəstəxana və parkların yanında siqaret çəkməyə qadağa qoyub. 2011-ci ilin avqust ayından etibarən isə Fransanın La Ciotat şəhərindəki Plage Lumiere sahilində siqaret çəkmək qanunla qadağan olunub.

Azərbaycan 2005-ci ildə BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul olunmuş "Tütünə qarşı mübarizə haqqında" 2003-cü il Çərçivə Konvensiyasına qoşulub. Konvensiya ona qoşulmuş dövlətlərdən milli qanunvericiliyə müvafiq olaraq binadaxili iş yerlərində, ictimai nəqliyyatda, qapalı ictimai yerlərdə və digər ictimai yerlərdə tütün tüstüsünün təsirindən qorunmanı təmin edən səmərəli qanunvericilik, icra, inzibati və digər tədbirlər görülməsini tələb edir.

2001-ci ildən etibarən ölkəmizdə "Tütün və tütün məmulatları haqqında" Qanun qüvvədədir. İctimai yerlərdə siqaretdən istifadənin qadağan olunması barədə həmin Qanunun 21-ci maddəsində qeyd olunub. Lakin həmin məkanların sayı məhduddur. Məkanların sayının məhdud olmasına baxmayaraq inzibati cərimələrin tətbiq olunduğu yerlərin sayı 21-ci maddədəki göstərilən yerlərin sayından daha da azdır.

Qanuna əsasən, tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, iş yerlərində, mehmanxanalarda siqaretin çəkilməsi qadağandır, lakin İnzibati Xətalar Məcəlləsində sanksiya tətbiq olunan məkanlara yalnız ictimai nəqliyyat vasitələrinin daxili məkanları daxildir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm