• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rövşən Əkbərov: "Düzgün zabiti vaxtı çatanda çağırıb təyin edirlər" – ÖZƏL

Rövşən Əkbərov: "Düzgün zabiti vaxtı çatanda çağırıb təyin edirlər" – ÖZƏL

Azərbaycanın Milli Qəhrəmanı, Müdafiə Nazirliyinin Şəmkir Ordu Birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov son günlər düşmənlə təmas xəttində yaranan gərginliyə və əsgər ölümlərinə münasibət bildirib.

Ordu komandiri R.Əkbərov Publika.az-a eksklüziv açıqlamasında deyib ki, hazırda bizim korpusa daxil olan hərbi hissələrdə vəziyyət stabildir:

“Biz hər zaman Ali Baş Komandan-Prezident İlham Əliyevin əmrini yerinə yetirməyə hazırıq. Ermənilər mütəmadi olaraq atəşkəs rejimini pozurlar. Ancaq əsgərlərimiz ermənilərə layiqli cavab verirlər. Ermənilərin bir qarış belə irəliləməsinə imkan vermərik. Mənim əsgərlərim çox hazırlıqlı və düşmənə layiqli cavab verən vətənpərvər və vicdanlı insanlardır. Onlar torpaqlarımızı düşmən tapdağından azad etməyə hər an hazırdır. Sadəcə olaraq biz Ali Baş Komandanın əmrini gözləyirik. Mənim əslim indi erməni işğalı altında olan Şuşadandır. Mən azərbaycanlıyam və çox istəyirəm ki, tezliklə Şuşada da Azərbaycan bayrağı dalğalansın. İnşallah, o gün çox uzaqda deyil. Torpaqlarımızı azad etmək üçün həm hərbi gücümüz, həm də qeyrətimiz var. Əsgərlərimizin də döyüş ruhu çox yüksəkdir. Mən döyüş bölgəsinin korpus komandiri kimi deyə bilərəm ki, düşmənlə təmas xəttində xidmət edən əsgərlərimiz düşmənə hər an cavab verməyə hazırdır. Hamımız Ali Baş Komandan-Prezident İlham Əliyevin əmrini gözləyirik”.

R.Əkbərov təmas xəttində yaşanan son insidentlərdən də danışıb:

“Düşmən bizdən qat-qat çox itki verir. Ancaq ermənilər verdikləri itkiləri yaymırlar, əskinə gizlədirlər. Ona görə də cəbhədə vəziyyət tam nəzarət altındadır. Düşmənə layiqli cavab veririk və hər zaman da veriləcək”.

Yaxın vaxtlarda baş qərargah rəisi təyin olunacağı barədə mətbuatda yayılan məlumatlara da toxunan R.Əkbərov yazılanları təkzib edib:

“Bu cür yazılara əhəmiyyət vermirəm. Bunlar lazım olmayan yazılardır. Axı Cənab Prezident-Ali Baş Komandanın hansı qərar verəcəyini kim deyə bilər? Bu cür yazıları yazan adamlar uşaqlıq edirlər. Mən bu cür oyunlara getmirəm. Belə məlumatlara inanmayın. Hörmətli nazirimiz, general-polkovnik Zakir Həsənov və Baş Qərargah rəisi öz vəzifələrini layiqincə icra edirlər. Mən də burada öz vəzifə borcumu icra edirəm. Bilirsiniz, əsl zabit, general heç vaxt vəzifə barədə düşünməz. Düzgün, təmiz və vətənpərvər zabiti vaxtı çatanda çağırıb təyin edirlər. O da əmri icra edir”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR