"Fövqəladə hallar uşaqların gözü ilə" sərgisi açılıb
Bizi izləyin

Qırmızı.az

"Fövqəladə hallar uşaqların gözü ilə" sərgisi açılıb

Bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş "Fövqəladə hallar uşaqların gözü ilə" uşaq yaradıcılıq müsabiqəsinin sərgisi açılıb.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, məktəblilər arasında keçirilən "Fövqəladə hallar uşaqların gözü ilə" Ümumrespublika Uşaq Yaradıcılıq Müsabiqəsində məktəblilərin əl işləri nümayiş olunub. Sərgi Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilib.

Sərgidə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, nazirliklərin, Akademiyanın yüksək rütbəli zabitləri və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə qonaqlar Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin heykəli önünə əklil qoyub və dahi şəxsiyyətə dərin ehtiramlarını bildiriblər.

Bundan sonra Akademiyanın foyesində respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil müəssisələri şagirdlərinin iştirak etdiyi müsabiqəyə "Rəsm", "Plakat", "Əl işi", "Yumşaq oyuncaq", "Yanğın qəza-xilasetmə texnikasının modeli" və "Şeir" nominasiyaları üzrə işlər təqdim olunub.

Müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılmasıdır.

Rayon və şəhər müsabiqələrinin yekunları üzrə müsabiqənin təşkilat komitəsinə 345 rəsm, 211 plakat, 127 əl işi, 81 model, 67 yumşaq oyuncaq və 63 şeir təqdim olunub. Bu işlər FHN, Təhsil Nazirliyi, Rəssamlar və Bəstəkarlar İttifaqları, Yazıçılar Birliyi və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. İştirakçılardan 23 nəfər 1-ci yer, 32 nəfər 2-ci yer və 23 nəfər isə 3-cü yer tutub. 26 nəfər isə həvəsləndirici mükafatlara layiq görülüb.

Sərginin ilk günü müsabiqənin qalibləri elan olunub. Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. (Publika.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm