• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Böyük dünyanın balaca sakinləri - Bu gün onların günüdür

Böyük dünyanın balaca sakinləri - Bu gün onların günüdür

Bu gün “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”dür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndikdən sonra 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr edilməsi barədə qərar qəbul edilib. Bundan sonra, iyunun 1-i “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi tarixə düşüb.

Baş Assambleya öz qətnaməsində fərz edirdi ki, Uşaqların Ümumdünya gününün ümumi bayram kimi qeyd edilməsi millətlərin arasında həmrəyliyin və əməkdaşlığın bərkidilməsinə xidmət edəcək.

BMT tərəfindən 1959-cu ildə "Uşaq Hüquqları Bəyənnaməsi, 1989-cu ildə isə "Uşaq Hüquqları Konvensiyası" qəbul edilib. 1989-cu ildən bu günədək BMT-yə və ya Cenevrə Konvensiyasına üzv olan ölkələrin sayını üstələyən 193 ölkə tərəfindən ratifikasiya edilmiş Konvensiya demək olar ki, bütün dünyada qəbul edilib.

Azərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları Konvensiyasına 1992-ci il iyulun 21-də üzv olub.

Dünyanın əksər ölkələrində olduğu kimi, “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Azərbaycanda da qeyd edilir.

Hazırda uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən birinə çevrilib. Çünki müasir dünyada uşaq hüquqları ən müхtəlif şəraitlərdə pozulur. Evdə, məktəbdə, müəssisələrdə və ən nəhayət icmalarda uşaqlar fiziki, psiхoloyi və cinsi təzyiqlərə məruz qalırlar. Uşaqlara qarşı zorakılıq üzrə dünya hesabatına görə, hər il milyonlarla uşaq məcburi əməyə cəlb edilir, fahişəlik məqsədilə istismar olunur və insan alverinin qurbanına çevrilir. Vəziyyət o dərəcədə qlobal həddə çatıb ki, BMT-nin Uşaq Hüquqları Konvensiyası bir çoх ölkələrdə icra edilmir.

2013-cü ildə uşaq hüquqlarının pozulması hallarına ən çox İsrail, Tailand, Cənubi Afrika, Braziliya, Belarus, Suriya, Ukrayna, Türkiyə və digər ölkələrdə daha çox rast gəlinib. Türkiyədə 5 min uşağın haqlarının pozulması qeydə alınıb, İsraildə uşaq alveri maksimum həddə çatıb, Suriyada müharibə şəraitinə görə, hər gün minlərlə uşağın hüquqları pozulur.

Etiraf edilməlidir ki, Azərbaycanda da uşaq hüquqları ilə bağlı bir sıra problemlər mövcuddur.

Azərbaycanda hər il təxminən 40-60 nəfər müxtəlif yaşlarda uşaq intihar edir. İntihara cəhd edənlərin sayı isə bundan daha artıq olur. Son 2 il ərzində 300-ə yaxın uşaq müxtəlif zorakılıq halları ilə üzləşib. Yalnız Bakı şəhəri üzrə son 2 il ərzində 40-a yaxın uşaq cinsi zorakılıq və istismara məruz qalıb.

Azərbaycanda uşaqların ən böyük problemi

2010-ci ildən yaradılan “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə bu ilin beş ayı ərzində 1300-dən çox müraciət daxil olub. Uşaqların müraciətləri hüquqi, psixoloji, sosial, səhiyyə, təhsil və s. sahələri əhatə edib.

Psixoloji istiqamətdə daha çox ailədaxili konfliktlər, özünə inamsızlıq, həmyaşıdlarla bağlı problem, fobiyalar, aqressiv davranış, şəxsiyyətlərarası münasibətlərdə yaranan çətinliklər, ünsiyyət çatışmazlığı və s. kimi problemlərlə əlaqədar müraciətlər daxil olur. Sosial vərdişlər, ailədaxili konfliktlər, valideyn-övlad münasibətləri və s. kimi problemlərlə əlaqədar valideynlərin də müraciəti qeydə alınaraq yardım göstərilib.

Həmçinin erkən nikahla bağlı, uşağın xaricə aparılma qaydası, uşağın anasının və atasının himayəsinə verilməsi, nikah yaşı, məhkəmə qaydasında atalığın tanınması faktının müəyyən olunması, fiziki, psixi-zorakılıq, qəyyumun təyin olunması, aliment, şəxsiyyət vəsiqəsinin alınması, ünsiyyət hüququ və s. kimi hüquqi məsələlərlə bağlı müraciətlər də daxil olub ki, bununla əlaqədar hüquqşünas tərəfindən yardım göstərilib. “Qaynar Xətt”ə müraciətlər yalnız paytaxtla məhdudlaşmır. Müxtəlif bölgələrdən də uşaqlar müraciət edə bilir.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, 2013-cü ildə 11 sosial dəstək mərkəzinə 2222 müraciət daxil edilib. Onlardan da 1017-si uşaq məsələləri ilə bağlı olub. Bu müddətdə 6900 nəfər mərkəzin təlim və müxtəlif xidmətlərindən istifadə ediblər. İl ərzində 16 erkən nikah faktı aşkarlanıb və 11 faktın qarşısı alınıb. Erkən nikahların qarşısının alınması məqsədilə “Ailəyə məktub” aksiyası çərçivəsində 12139 ailəyə məktub paylanıb. 27 ailə barışdırılıb, 11 uşağın müəssisəyə düşməsinin qarşısı alınıb.

311 uşaq sığınacaqda

Son dörd il ərzində Azərbaycan Uşaq Birliyinin sığınacağında 3765 uşaq və yeniyetməyə psixoloji, 2013 nəfərə hüquqi yardım göstərilib,786 nəfər ictimai vəkillə təmin olunub.

2013-cü il və bu ilin ilk dörd ayı ərzində 311 uşağa sığınacaq verilib, 79 valideyn qısamüddətli sığınacaqla təmin olunub. 98 uşaq təhsilə cəlb edilib. 219 uşaq ailəsinə bərpa edilib. 114 nəfər şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə ilə təmin olunub. 9 yeniyetmənin məhkəmədə müdafiəsi təmin olunub. 38 uşaq və yeniyetmə dövlət uşaq müəssisəsinə yerləşdirilib. Sığınacaqda yerləşdirilmiş 4 uşağın övladlığıa verilməsində hüquqi köməklik göstərilib.

36 uşaq övladlığa verilib

2013-cü ildə ildə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 228 nəfər uşaq rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə həmin müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.

Ötən il ölkə üzrə ümumilikdə 589 nəfər uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. Son üç il ərzində Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 36 nəfər uşaq övladlığa verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ailə başçısını itirmiş 39 342 nəfər uşağa və 63 094 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa aylıq sosial müavinət ödənilir. Həmçinin respublikamızda ünvanlı dövlət sosial yardımı alan ailələrin 38 287-i tərkibində 3 və daha çox uşağı olan ailələrdir. Bu barədə publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Ünvanlı yardım alan ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı isə 285 872 nəfərdir. Müvafiq qanunvericiliyə əsasən, ünvanlı yardım təyin olunmuş ailələrdə 1 yaşadək uşaqların hər birinə görə ailəyə əlavə olaraq ayda 45 manat müavinət də verilir.

Prezidentin “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” 27 dekabr 2013-cü il tarixli Fərmanına əsasən, beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə, bu il yanvarın 1-dən ayda 30 manat müavinətin ödənilməsinə başlanılıb. Bu ilin may ayına olan məlumata görə,beşdən çox uşağı olan qadınların uşaqlarının ümumi sayı 5300 nəfərdən çoxdur.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR