Azərbaycan Respublikasının 28 may - Respublika günü
Budapeştin mərkəzində yerləşən "İnterContinental" otelində qeyd
edilib.
Diasporla iş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən
məlumata görə, səfirlik tərəfindən təşkil olunmuş tədbirdə
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Macar-Azərbaycan
Dostluq Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər Birliyinin
təmsilçiləri, həmçinin, Macarıstanın dövlət və hökumət rəsmiləri,
Macarıstan Parlamentinin deputatları və siyasi partiyaların
təmsilçiləri, KİV nümayəndələri, iş adamları, xarici ölkələrin
diplomatik korpus nümayəndələri və bu ölkədəki Azərbaycan
diasporunun üzvləri iştirak edib.
Azərbaycan və Macarıstanın dövlət himnlərinin səsləndirilməsi ilə
başlayan tədbirdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət
Quliyev çıxış edərək, 96 il bundan əvvəl müsəlman Şərqində ilk
demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin
tarixindən bəhs edib.
Vilayət Quliyev dörd il sonra Cümhuriyyətin yüz illiyinin qeyd
olunacağını xatırladaraq, Azərbaycan xalqının bu yüz ildə çox böyük
sarsıntılar keçirdiyini, çox böyük hadisələrlə üzləşdiyini diqqətə
çatdırıb. Səfir, cəmi iki il mövcud olmuş müstəqil Azərbaycan
Cümhuriyyətinin 70 il ərzində keçmiş Sovet İttifaqının
respublikalarından biri kimi öz iqtisadi potensialının və
dövlətçilik institutlarının yalnız kiçik bir qismini qoruya
bildiyini deyib və əlavə edib ki, 1991-ci ildə yenidən
müstəqilliyinə qovuşan ölkəmizin artıq 23 ildir dünyanın siyasi
xəritəsində suveren dövlət kimi öz yerini tutur.
Torpaqlarımızın iyirmi faizinin Ermənistanın işğalı altında
olduğunu xatırladan səfir, bu dəhşətli faktın Azərbaycan xalqını
gələcəyə nikbin nəzərlərlə baxmaqdan çəkindirmədiyini, iqtisadi və
intellektual potensialı kifayət qədər yüksək ölkəmizin zəngin
enerji ehtiyatlarına, son dərəcə əlverişli geosiyasi mövqeyə malik
olduğunu qeyd edib.
Tədbir çərçivəsində ölkəmizin hərtərəfli inkişafını və
nailiyyətlərini əks etdirən müxtəlif nəşrlərdən ibarət hazırlanmış
sərgini mərasim iştirakçıları maraqla qarşılayıb. Sərgi zamanı
ölkəmizin tarixi, mədəniyyəti, iqtisadiyyatı və ədəbiyyatına dair
macar və ingilis dillərində çap edilmiş 40-a yaxın adda kitab və
ingilis dilində nəşr olunan "İrs-Heritage" jurnalının yeni
nömrələri iştirakçılara paylanıb.
|