Polad Bülbüloğlu: “Qarabağla bağlı “kabab və kürü diplomatiyası" boş şeylərdir” – ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Polad Bülbüloğlu: “Qarabağla bağlı “kabab və kürü diplomatiyası" boş şeylərdir” – ÖZƏL

Polad Bülbüloğlu: “Qarabağla bağlı “kabab və kürü diplomatiyası" boş şeylərdir” – ÖZƏL

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycanın Rusiyaya yaxın 5-7 ildə 18 milyard dollar investisiya yatıracağına dair yayılmış məlumatlara münasibət bildirib.

Səfir P. Bülbüloğlu Publika.az-a eksklüziv açıqlamasında deyib: “Guya, nazirimiz Şahin Mustafayev deyib ki, 18 milyard investisiya qoyulub və sairə. Ancaq bu səhvdir. Orada heç bir rəqəm deyilməyib. Ümumi söhbət aparılıb. Nə danışırsınız, 18 milyard yatırım olar? Bilirsiniz bu nə qədər vəsaitdir? Bu cür məlumatlar qeyri-ciddidir”.

Diplomat qeyd edib ki, hazırda Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq daha da genişlənir: “İki ölkə arasında müxtəlif məsələlər həll olunur və sairə”.

Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmağa hazırlaşması barədə yayılan məlumatlara da toxunan P. Bülbüloğlu bildirib ki, Azərbaycanın Avrasiya İttifaqı ilə bağlı mövqeyini ölkə başçısı da ifadə edib: “Cənab Prezident də birmənalı şəkildə bəyan edib ki, bu məsələ hazırda gündəlikdə deyil. Yəni Azərbaycanın Avrasiya İttifaqına qoşulması bu gün Cənab Prezidentin stolunun üzərində deyil. Ancaq Serj Sarkisyan bildirib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına Qarabağsız daxil olacaq. Bütün bunlar isə onu göstərir ki, Ermənistan rəhbərliyi çox çətin vəziyyətə düşüb. Bu gün Ermənistan rəhbərliyi dönə-dönə bəyan edir ki, Qarabağ Ermənistanın ərazisi deyil. Azərbaycana da bu lazım idi. Bu, Azərbaycan diplomatiyasının, o cümlədən hörmətli prezidentimizin qələbəsidir”.

Səfir vurğulayıb ki, Dağlıq Qarabağı müstəqil dövlət kimi heç kəs tanımayacaq: “Bu gün Ermənistan rəhbərliyi bəyan edir ki, Dağlıq Qarabağ nə Azərbaycanın, nə də Ermənistanın deyil. Digər tərəfdən isə Dağlıq Qarabağ müstəqil dövlət də deyil. Bəs o zaman Dağlıq Qarabağ nədir? Əlbəttə ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya birliyi, o cümlədən BMT və Rusiya da belə tanıyır. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.

Rusiya-Azərbaycan və Rusiya-Ermənistan münasibətlərinin müqayisəsini şərh edən P. Bülbüloğlu qeyd edib ki, siyasətdə dost anlayışı yoxdur: “Siyasətdə siyasi və milli maraqlar var. Misal üçün, bu gün mənim milli marağım səninlə dost olmağı tələb edir. Ancaq sabah isə bu siyasət xalqın və dövlətin maraqlarına uyğun olmasa, o zaman sən mənim dostum olmayacaqsan. Yəni istər-istəməz söyləmək olar ki, siyasətdə əbədi dostluq yoxdur. Mən hərdən bəzi dostlara da deyirəm ki, Qarabağla bağlı “kabab diplomatiyası”, “kürü diplomatiyası” boş şeylərdir. Düzgün iş qurulmalı və maraqlar tam doğru izah olunmalıdır və bu yolla da gedilməlidir. Yoxsa ki, bu gün filankəsə kabab vermişəm, deməli, o da mənə kömək edəcək və sairə. Bu cür yanaşma artıq effektini itirib”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm