Bu virus Azərbaycan üçün təhlükəlidirmi?
Bizi izləyin

Qırmızı.az

Bu virus Azərbaycan üçün təhlükəlidirmi?

Səudiyyə Ərəbistanında aşkarlanmış "tac" virusuna yoluxma Azərbaycanda qeydə alınmayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Publika.az-a açıqlamasında bu virusun Azərbaycan üçün təhlükəli olub-olmamasına aydınlıq gətirib.

Onun sözlərinə görə, virusa bir neçə ölkədə yoluxma halları olsa da, bu, epidemiya səviyyəsində deyil.

“Bu virus Azərbaycan üçün təhlükəli deyil. Ümumdünya Səhiyyə Təşkilatının vahid şəbəkəsi əsasında hər hansı ölkədə yayılmış virus təhlükəli olduğu halda, bu haqda elan və tövsiyə verir. Belə hesab edirəm ki, bu, şişirdilmiş mövzudur”.

A.Qədirli bildirib ki, virus Azərbaycan üçün təhlükəli olarsa, müvafiq tədbirlər görüləcək.

“İnfeksion təhlükələrə qarşı protokol qaydalarına uyğun tədbirlər görülür. Tədbirlər yalnız təhlükə olduğu halda həyata keçirilir. Bildiyim qədəri ilə, Səudiyyə Ərəbistanında vəziyyət epidemiya səviyyəsində deyil”.

Virusun aşkarlandığı ölkələrdən gələnlərin yoxlanmasına gəldikdə, A.Qədirli hazırkı durumda buna ehtiyac olmadığını bildirib:

“Təhlükə olduğu halda həm Səhiyyə Nazirliyi, həm də Xarici İşlər Nazirliyi tərəfindən gedib-gələn vətəndaşlara xəbərdarlıq edilir. Amma təhlükə olması ÜST tərəfindən elan edilməlidir”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında "tac" adlandırılan virusdan ölənlərin sayı 189 nəfərə çatıb. Ölkədə "tac" virusuna yoluxanların sayı 571 nəfərdir. Hazırda virusa yoluxma halları Fransa, Almaniya, İordaniya və Böyük Britaniyada da qeydə alınıb.

Virusa yoluxanlarda atipik sətəlcəmi xatırladan simptomlar müşahidə olunur. İlk dəfə yeni virusun geni Erazm adına Niderland Tibb Mərkəzində kəşf edilib. Orada bu virusa hCoV-EMC (human Corona Virus-Erasmus Medical Centre) indeksi verilib.

"Tac" virusları ailəsinə aid olan viruslar (bu ad onlara səthində Günəş tacını xatırladan çoxsaylı şişlərin olmasına görə verilib) soyuqdəymədən atipik sətəlcəmə (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olurlar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm