Tənbəllik və ya iki ayaqla ölümə getmək (FOTOLAR)
Bizi izləyin

Qırmızı.az

Tənbəllik və ya iki ayaqla ölümə getmək (FOTOLAR)

Bu ilin yanvar-may aylarında Bakıda 70 min 342 piyada təyin olunmayan yerlərdən keçdiyi üçün inzibati qaydada cəzalandırılıb. Onlar barəsində protokol tərtib edilib və hər biri 20 manat məbləğində cərimələniblər. Təkcə son bir həftədə 3600 piyada yol hərəkəti qaydalarını pozduqları üçün cərimələniblər. Ümumilikdə, ötən beş ay ərzində piyadalar tərəfindən ödənilən cərimənin məbləği 1 milyon 406 min 840 manat olub.

Hər gün bir neçə piyadanı isə maşın vurur. Düzdür, hərdən şıltaqlıq edib keçidləri vuran sürücülər də tapılır. Əslində, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün tikilən bu keçidlər bəzən elə bu insanların ölümünə də səbəb olur. Bəs kimdir müqəssir? Sərnişinlər, yoxsa...

Amma səbəbini bilmək üçün cəmi bir neçə dəqiqənizdən keçmək bəs edir. Biz gördük və sizə də deyək ki, agah olasınız.

Deməli, ilk olaraq, müşahidə apardığımız keçidlərlə bol olan Nobel prospektində gördüklərimizdən danışım.

Sürətlə şütüyən avtomobillər, yolla tullana-tullana qaçan piyadalar və sürücülərin siqnal səsi, yağlı söyüşləri. Yəqin ki, agah oldunuz. Bəli, piyada keçidi ola-ola ərincəklik edən piyadaların qazancı təkcə vaxta qənaət yox, həm də sürücülərin ünvanlı "tərifləri" olur.

Bəs görəsən, düz başlarının üstündə olan bu keçidləri piyadalar niyə görmür?

Elə bu sualla ilk olaraq 50 yaşlı Təhminə Muradovaya yaxınlaşırıq. Avtomobillərin arasından məharətlə şütüyüb yolu keçən bu qadının öz arqumentləri var: "Pilləkənləri qalxa bilmirəm. Yaşlı adamam". Amma bu yaşlı xalamızın qaçmağı onun min cavana dəydiyini göstərir.

Ümumiyyətlə, fikrini öyrəndiyimiz əksər piyadalar eyni arqumentləri səsləndirir. Kimi yağış yağanda ayağının sürüşdüyünü, kimi hündür olduğundan çıxa bilmədiyini israrla səbəb göstərir.

Yeri gəlmişkən, vətəndaşların iradlarından biri də keçidlərin bir-birindən uzaq məsafədə yerləşməsdir. Hələ bu azmış kimi, fiziki qüsurlu insanlar üçün də pandustlar quraşdırılmayıb.

Sürüclər isə piyada keçidlərindən istifadə etməyən vətəndaşlardan narazıdırlar: "Bizim millət tənbəldir. Ona görə də keçidlərdən istifadə etmək istəmirlər". Bilirlər ki, sürücülər onları vurub özlərini işə salmayacaqlar. Amma iş olanda bir dəfə olur.

Ekspert Ərşad Hüseynov keçidlərimizin standartlara uyğun olduğunu desə də, bəzi çatışmazlıqları da istisna etmir. Ekspertin fikrincə, bahalı mərmərlərin yerə döşənməsinə ehtiyac yoxdur. Bu, piyadaların sürüşməsi və təhlükə ilə üzləşməsinə səbəb olur. Bundan başqa, keçiddə olan şüşələr plastik olduğuna görə orada "parnik" effekti yaranır. Buna görə də keçidlərə havalandırma sistemləri quraşdırılmaldır.

"Daha sonra, texniki çatışmazlıqlar da var. Elə yerlər var ki, orada nişan qoyulmayıb, piyada bilsin ki, qarşıda keçid var".

Ərşad Hüseynov keçidlərdə əlillər üçün şəraitin yaradılmamasını haqlı iradlardan hesab edir. Keçidlər inşa olunanda onlar üçün pandustlar quraşdırılmalıdır. Biz öyrəşmişik ki, fiziki qüsurlu insanlar əllə idarə olunsun. Baxmayaraq ki, xarici ölkələrdə bu şərait 80-ci illərdə tətbiq olunub.

Bax belə, hər bir tərəfin öz marağı var. Amma bu məsələyə birbaşa aidiyyəti olan qurumlar danışmaqda maraqlı deyil. Gün ərzində əlaqə saxladığımız "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin səsini eşidə bilmədik.

Hər halda, görünür, bu qurum iradlardan bezdiyindən susmağa üstünlük verir.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm