• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Fəlakət Riskinin İdarə Olunması" - Qəbələdə beynəlxalq konfrans - FOTOLAR

“Fəlakət Riskinin İdarə Olunması" - Qəbələdə beynəlxalq konfrans - FOTOLAR

“İqtisadi Əməkdaşlıq Təşkilatının Fəlakət Riskinin İdarə Olunması üzrə 7-ci Beynəlxalq Konfrans”ı nahar fasiləsindən sonra nümayəndə heyətlərinin ikitərəfli görüşü keçiriləcək.

Daha sonra isə BMT-nin Hümanitar Məsələlər üzrə Koordinasiya Şurasının Qafqaz və Mərkəzi Asiya üzrə Regional ofisinin rəhbəri Marsel Vassen “Beynəlxalq humanitar cavabvermə sistemi: Bu gün və sabah həyatların xilas edilməsi”, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) regional məsləhətçisi Sanjay Kumar “BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) İƏT üzv ölkələrində fəlakət riskinin idarə olunması üzrə perspektivləri”, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin fəlakət riskinin idarə olunması üzrə qlobal təşəbbüs qrupunun rəhbəri Olaf Handlogten “Fəlakət riskinin idarə olunmasında Almaniya təcrübəsi”, Almaniya Texniki Yardım Federal Agentliynin nümayəndəsi Florian Veber “Fəlakətlərə cavabvermə üzrə hazırlıq”, Almaniya Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi Parvizzhon Mahmudov “İctimai yönümlü fəlakət riskinin azaldılması”, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndəsi Alois Şlaffer “Mərkəzi Asiyada və dünyada fəlakət riskinin idarə olunması layihələri”, Türkiyənin Baş Nazirliyi yanında Fəlakətlərin və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Fuat Oktay “Van zəlzələlərində fəlakətlərin və fövqəladə halların idarə olunması” mövzusunda məruzələrlə çıxış edib.

Xatırladaq ki, konfrans iyunun 5-də başa çatacaq. Tədbirin sonunda mədəni proqramın keçirilməsi nəzərdə tutulub.

10:52

Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Qəbələ şəhərində “İqtisadi Əməkdaşlıq Təşkilatının Fəlakət Riskinin İdarə Olunması üzrə 7-ci Beynəlxalq Konfransı” başlayıb.

Publika.az-ın verdiyi xəbərə görə, konfransda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Özbəkistan, Türkiyə və Türkmənistanın fövqəladə halların idarəedilməsi sahəsində cavabdeh dövlət qurumlarının rəhbər şəxsləri və nümayəndələri iştirak edir.

Bundan əlavə, tədbirə BMT, BMT-nin İnkişaf Proqramı, BMT-nin Uşaq Fondu, BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyası, BMT-nin Humanitar Yardımlarının İdarəedilməsi Ofisi, Almaniya Texniki yardım Federal Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Yaponiya Beynəxalq Əməkdaşlıq Agentliyi, Asiya Fəlakətlərin Azaldılması Mərkəzi, İƏT-in Fəlakət Riskinin İdarəedilməsi Regional Mərkəzi, Köln Universiteti, Almaniya Qırmızı Xaç Cəmiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyətindən olan nümayəndələr qatılıb.

Konfransı Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general polkovnik Kəmaləddin Heydərov açıb. Nazir İƏT-in “Fəlakət Riskinin İdarə Olunması üzrə 7-ci Beynəlxalq Konfransı”nda iştirak etmək məqsədilə Azərbaycana gələn xarici ölkələrin nümayəndələrinə təşəkkürünü bildirib. Kəmaləddin Heydərov konfrans iştirakçısı olan ölkələri qarşılıqlı məqsəd və hədəflər tarix boyu bir araya gətirdiyini deyib. O, İƏT ilə Azərbaycan arasında iqtisadi, texniki və mədəni sahələrdə əməkdaşlığın 20 ildən artıqdır ki, uğurla həyata keçirildiyini bildirib: “Bu əməkdaşlıq Azərbaycan Fövqəladə Hallar Nazirliyi təsis edildikdən sonra İƏT-in Təbii Fəlakət Riskinin İdarə Olunması üzrə Regional Mərkəzi ilə əlaqələrin qurulmasında da özünü doğruldub. Bugünkü konfransın belə yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə Azərbaycanda təşkil olunması bunu bir daha sübut edir”.

Kəmaləddin Heydərov qeyd edib ki, konfransın keçirilməsində əsas məqsəd zəlzələ, sel, daşqın, iqlim dəyişikliyi və digər fövqəladə hal risklərinin idarə olunması sahəsində son nailiyyətləri bölüşmək, hökumət və qeyri-hökumət nümayəndələri və ekspertlər arasında məlumat mübadiləsi aparmaqdır: “Bu gün fəlakətlərin idarə olunması anlayışına fəlakət baş verdikdən sonra yardım və nəticələrin aradan qaldırılması deyil, fəlakət baş verməzdən əvvəl qarşısını almaq və hazırlıq tədbirləri kimi baxılır. Buna da birgə təlimlər, müvafiq təhsil proqramları və kütləvi informasiya vasitələri ilə regionun əhalisi arasında təbii fəlakətlərlə bağlı məlumatlılığın artırılması yolu ilə nail olunur. Bu konteksdə birgə cəhdlər və əməkdaşlıq böyük əhəmiyyət kəsb edir”.

“Mən əminəm ki, bu konfrans fəlakət riskinin azaldılması siyasəti üzrə gələcək strategiyalarının müəyyən edilməsi üçün çərçivə yaratmaq istiqamətində İƏT-ə üzv dövlətləri, beynəlxalq və hökumətlərarası təşkilatlar arasında fikir və təcrübə mübadiləsinə mükəmməl platforma yaradacaq. Bir daha dəvətimizi qəbul edib gəldiyiniz və konfransda iştirak etdiyiniz üçün sizə təşəkkür edir və konfransın uğurlu işi üçün ən səmimi arzularımı çatdırıram”, – Azərbaycan fövqəladə hallar naziri bildirib.

Dünyanın müxtəlif ölkələrində baş verən hadisələrin həm maddi itkilər, həm də insan itkisinin gətirdiyini deyən nazir beynəlxalq əməkdaşlıq zərurəti yaradıb. O, seymsik cəhətdən fəal zonada yerləşən Azərbaycanda digər fəlakətlərin də başvermə ehtimalının yüksək olduğunu deyib. Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumda xarici ölkələrdə baş vermiş təbii fəlakətlərin aradan qaldırılmasına yardım üçün mərkəzin yaradıldığını və bir sıra ölkələrə humanitar yardımın göstərildiyini dilə gətirib. O, cənab prezident İlham Əliyevin tapşırığı ilə 2010-cu ildə Rusiyada baş verən yanğının nəticələrini aradan qaldırılmasına yardım edildiyini qeyd edib.

Türkiyə Respublikasının baş nazirinin müavini Bəşir Atalay çıxışında qeyd edib ki, dünyada miqyasından asılı olaraq hər bir insanın təbii fəlakətlərdən zərər çəkdiyini deyib. O bildirib ki, fövqəladə halların qarşısının alınmasında beynəlxalq əməkdaşlıq vacibdir. Türkiyəli qonaq beynəlxalq əməkdaşlıqda Azərbaycanın fəal iştirakını da yüksək qiymətləndirib.

Daha sonra çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bernardus Bruk təbii fəlakət risklərinin azaldılması üçün beynəlxalq əməkdaşlığın həyati əhəmiyyət daşıdığını vurğulayıb. O, konfransda təşkilatçılığa görə şəxsən Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərova minnətdarlığını bildirib.

Tədbirin açılış nitqlərindən sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Fasilədən sonra müxtəlif ölkə və beynəlxalq təşkilatların fəlakət riskinin azaldılması üzrə təqdimatları olub.

Konfrans iki gün davam edəcək.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR