• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Kardinal Ravazi Heydər Əliyev Fondunun fəaliyyətindən danışıb

Kardinal Ravazi Heydər Əliyev Fondunun fəaliyyətindən danışıb

Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələri və qurumun ümumbəşəri dəyərlərə verdiyi töhfələri yüksək qiymətləndiririk. Trend-in məlumatına görə, bu sözləri bu gün AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, kardinal Can-Franko Ravazi demişdir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşlərindən böyük məmnunluqla bəhs edən Can-Franko Ravazi bildirmişdir ki, indiyədək keçirilən çoxsaylı görüşlərdə Fondun prezidentinin başqa dinlərə və mədəniyyətlərə necə həssas və hörmətlə yanaşdığının şahidi olmuşdur. Azərbaycan xalqına və dövlətinə böyük hörmət bəslədiyini qeyd edən Can-Franko Ravazi Azərbaycan-Vatikan əlaqələrinin dərinləşməsində Mehriban Əliyevanın müstəsna və tarixi xidmətlərini xatırlatmışdır.

Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri demişdir: "Azərbaycan-Vatikan əlaqələri artıq bizim üçün vacib bir reallıqdır. Azərbaycanın birinci xanımının Vatikana son səfəri dövlətlərarası münasibətləri daha da genişləndirəcəkdir. Səfər zamanı müxtəlif səviyyəli görüşlər keçirilmişdir. Mehriban Əliyevanın Papa ilə görüşü də çox böyük əhəmiyyət daşıyır. Səfərin ən vacib məqamlarından biri Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının ziyarəti olmuşdur. Bir daha bildirmək istərdik ki, Fondun bu sahədə gördüyü işləri çox yüksək qiymətləndiririk və buna görə də minnətdarlığımızı bildiririk. Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi tədbirlər təkcə katakombaların bərpası ilə bitmir. Fond, eyni zamanda, Vatikan Apostol kitabxanasında olan Azərbaycana aid əlyazmaların bərpasına da töhfə vermişdir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond tərəfindən dünya miqyasında uşaqlara, yaşlı və kasıb insanlara kömək göstərilməsi, müxtəlif humanitar layihələrin reallaşdırılması ilə bağlı məlumatımız vardır. Bir sözlə, Heydər Əliyev Fondu bir çox sahələrdə mühüm işlər görür. Azərbaycana səfərim zamanı bu ölkədə müxtəlif dinlərin, etnik qrupların, icmaların nümayəndələrinin bərabər hüquqlar əsasında, bir yerdə necə mehriban yaşamalarının şahidi oldum. Azərbaycanda müsəlman, xristian və yəhudilər sülh şəraitində yaşayırlar. Azərbaycana ikinci dəfə bu yaxınlarda səfər etdim. Səfər çərçivəsində Bakı ilə yanaşı Azərbaycanın regionlarını da gəzdim, oradakı tarixi abidələrlə tanış oldum. Zənnimcə, Azərbaycanda xarici qonaqlara təqdim etmək üçün gözəl imkanlar vardır. Belə ki, bu ölkədə turistlərin marağına səbəb ola biləcək bir çox görməli yerlər, böyük həssaslıqla qorunub saxlanılan, müxtəlif mədəniyyətlərə aid tarixi abidələr vardır. Azərbaycanda dinindən, dilindən, irqindən asılı olmayaraq hər kəs böyük qonaqpərvərliklə qarşılanır, çox xoş münasibət görür. Buna görə də Azərbaycana olan səfərlərim mənim üçün xoş xatirədir".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR