• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Büdcəmizin “ŞUŞA” kəsiri – Ermənilərə qalan milyonlar

Büdcəmizin “ŞUŞA” kəsiri – Ermənilərə qalan milyonlar

Publika.az bu gündən Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində büdcəmizin itirdiyi pulları hesablayacaq. İlk olaraq Şuşadan başlayırıq.

“1 saylı Şuşa istirahət evində 24 gün dincəldik. Sevincli günlər idi! “Şuşa günləri” bizim yaddaşımızda əbədi qalaraq həyatımızda bir kino lenti kimi xüsusi yer tutacaq”. Bu sözləri bir vaxtlar Şuşada istirahət edən rusiyalı tələbə Qalina Milantevaya istirahət mərkəzinin ziyarətçi kitabına yazıb. Zamanı üçün çox da mənalı hesab edilməsə də, bu gündən baxıldığında rusiyalı tələbənin 24 gün Şuşada istirahət etməsi xeyli məna qazanır. Məna yalnız mənəvi deyil, həm də maddidir. Mənəvi tərəfləri bir kənara qoyub, məsələnin maddi tərəflərini qabartmaq istəyirik.

Bu fikirləri əsas tutaraq bu gün xarici turistin 24 gün yox, bir həftə Azərbaycanda qalması xərclərini nəzərə alaraq Şuşanın maddi itkilərini hesablamağa çalışacağıq.

İşğaldan əvvəl Şuşa

Şuşa dəniz səviyyəsindən 1300-1500 metr yüksəklikdə yerləşən orta hün­dürlüklü dağ kurortlarına aiddir. Şuşanın iqlimi qışda nisbətən soyuq (-3°, +4°), yayda sərin, günəşli (+18°) olur.

Şuşa kurortunun ərazisi dekorativ və meyvə ağacları ilə zəngindir. Kurort amilləri kompleksinin xüsusiyyətlərinə, havanın saflığına, təmizliyinə və müalicəvi əhəmiyyətinə görə Şuşa İsveçrənin dünya üzrə məşhur Davos kurortu ilə müqayisə edilə bilər.

Şuşanın turizm müəssisələrinin əsası 1971-ci ildə qoyulsa da, 1932-ci ildə Şuşa İstirahət Evi açılmışdı. 1968-ci ilə qədər 400 çarpayısı olan Şuşa İstirahət Evində istirahət edənlərin sayı təxminən 60 min olub. 1972-ci ildə istifadəyə verilmiş Şuşa “Şəfa” Turist Bazası ilə turizmin əsası qoyulub.

1998-ci ilin qiymətləndirmələrinə görə, Şuşa Turist Bazasındakı əmlakın ümumi dəyəri 2761,6 min manat olub. Turizm və Ekskursiyalar Şurasının rəsmi rəqəmlərinə görə, təkcə 1990-cı ildə Şuşa Turist Bazası 1.178.910 rubl həcmində turizm-ekskursiya xidməti göstərib.

İtirdiyimiz təkcə Şuşa yox, həm də onun maddi sərvətidir

Turizm üzrə ekspert Çingiz İsmayılovun sözlərinə görə, Qarabağın işğal edilməsi, həm də ora yaxın rayonların turizm imkanlarına mənfi təsir edir. Şuşa yalnız Azərbaycanda deyil, eləcə də Cənubi Qafqazda seçilən turizm bölgəsi idi. Cənubi Qafqaz respublikalarının ümumittifaq marşrut xətlərində həm daxili, həm da xarici turizm üzrə xüsusi xətt var idi. Həmin marşrut xəttində Bakı, Şəki və Şuşa vacib mərkəzlər kimi daxil edilmişdi.

“Həmin dövrdə Şuşanın turizmdən əldə etdiyi gəlirlər barədə dəqiq rəqəm demək çətindir. Lakin bir məqam var ki, Qarabağ və onun ətraf rayonları iqlim şəraitinə görə cəlbedici olsa da, infrasturuktur baxımdan ən yaxşı təşkilatçılıq Şuşada idi. İstər iqlimi, istərsə də yaradılan imkanlar baxımından yerli və xarici turistlər üçün əlverişli məkan hesab edilirdi. Hər il Şuşaya təxminən 30 minə yaxın turist gedirdi. Torpaqlar azad olunsaydı, turizm xəritəsi politrasında yeni imkanlar açardı”.

Ç.İsmayılov bildirib ki, Şuşanın turizm imkanları digər dağlıq rayonları ilə müqayisə edilə bilər. Düzdür, burada resurs, əhalinin sıxlığı, sayı, coğrafi mövqeyi nəzərə alınmalıdır. Təəssüf ki, bu istiqamətdə əsaslı araşdırmalar aparılmır. Turizm imkanları ilə bağlı daha çox səthi araşdırma aparılır.

“Bu barədə yalnız təxmini rəqəmlər deyə bilərik. Sovet dövründə istirahət qiymətləri təxminən 150-300 manat arası dəyişirdi. İndi bir həftəlik istirahət 300-700 dollardır. İldə Şuşaya 10-15 min turist gəlməsini nəzərə alsaq, bu təxminən 3-7 milyon dollar itki deməkdir. Hazırda Şuşa işğal edilməsəydi, infrastruktur daha da inkişaf edərdi və daha yüksək gəlir əldə etmək olardı”.

Həmin dövrdə Şuşada bir həftəlik istirahət qiymətləri bir aylıq maaş qədər olurdu.

Gəlməyən 30 milyon gəlir

Şuşalı və “Sağlam İnkişaf və Maarifləndirmə Gənclər” İctimai Birliyinin sədri Anar Xəlilov işğaldan əvvəl şəhərdə turistlər üçün iki sanatoriya, uşaq sanatoriyası, uşaq sağlamlıq məktəbi, 70 yerlik turist bazası, mehmanxanalar olduğunu deyib. Onun sözlərinə görə, həmin dövrdə aparılan statistik məlumatlar Xənkəndində toplandığı üçün hazırda dəqiq məlumatlar yoxdur. İndi dağlıq rayonların turizm imkanlarını nəzərə alaraq, turizm potensialını dəyərləndirə bilərik.

“Şəhərin əhalisi 22 min idi, yay aylarında bu rəqəm iki dəfə artırdı. Bu da təxminən ildə Şuşaya 20 mindən çox turistin gəldiyini göstərir. Şəhərdə təxminən 250 yerlik iki sanatoriya var idi. İndi göndərişlərin qiymətinin 550 manat olduğunu nəzərə alsaq, təkcə sanatoriyalardan 137 min 500 manat gəlir əldə etmək olardı. Yəqin ki, sonralar bu yerlərin də sayı daha çox olacaqdı. Bundan başqa, turistlər həm də evlərdə qalırdılar. Şuşada 550 ev var idi ki, onlardan bir ayda bir milyona yaxın gəlir götürmək olardı”.

A.Xəlilov hazırda Şuşanın turizm imkanlarını Qəbələ və Quba kimi rayonlarla müqayisə edərək, ancaq otellərdən 20 milyon manat itirdiyimizi bildirib:

“Hazırda Şuşaya gələ biləcək turistlərin sayını Qəbələ, Quba ilə müqayisə edə bilərik. 2012-ci ilin məlumatlarına görə, Qubadakı mehmanxanalarda 19 956 turist qalıb. Otellərin bir gecəlik xərcini təxminən 100 manat götürsək, bu, 19 milyon 956 min manat deməkdir. Turistlərin bir həftə istirahət etdiyini nəzərə alaraq, həftədə təxminən 20 milyondan çox yalnız otel və ictimai iaşə obyektlərdən gəlir əldə edərdilər. Üç ay ərzində ancaq gecələmələrdən 30 milyon gəlir əldə etmək olardı”.

20 ildə bir milyard

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti Vüqar Tofiqli Şuşanın istirahət mərkəzlərinin rəhbərləri və statistik məlumatlar əsasında aparılmış araşdırmalar əsasında işğalın regionun turizm imkanına vurduğu ziyandan danışıb:

“1970-80-ci illərdə şəhərdə 1316 yerlik Şuşa Sanatoriya-Kurort Birliyi (540 yerlik ana və uşaq sanatoriyası, 460 yerlik böyüklər üçün sanatoriya, 316 yerlik istirahət evi ), 130 yerlik “Şəfa” Turist Bazası fəaliyyət göstərirdi. 80-ci illərin “yenidənqurma” illərindən isə, yəni 1985-ci ildən sonra fəaliyyətdə olan ilk özəl sahə kimi “Zamanpəyə” (Soyuqbulaq) turist bazası turistlərin istifadəsinə verildi.

“Kurort” Səhmdar Cəmiyyətinin strukturuna aid Şuşa Sanatoriya-Kurort Birliyinin balansına 2,3 və 5 mərtəbəli 18 bina daxil idi. Şuşa Sanatoriya-Kurort Birliyində bilavasitə işçilər üçün nəzərdə tutulmuş 28 mənzillik, “Şəfa” turist bazasında isə 20 mənzillik yaşayış kompleksi də istifadədə idi.

Şuşa şəhəri və Şuşa rayonunun Xəlfəli və Turşsu kəndləri sakinlərinin bir qismi ev turizminə maraq göstərirdi. Təxmini hesablamalara görə, 2 mindən çox rayon sakini mənzillərini kirayəyə verməklə məşğul olurdu”.

V.Tofiqli qeyd edib ki, 80-ci illərdə Abdal-Gülablı kəndində 100 yerlik sanatoriya inşa edilərək, 1983-cü ilin fevral ayında istifadəyə verilib. Bundan əvvəl isə ərazidə 14 kottec və 4 qırğız çadırı quraşdırılmışdı. İlboyu işləməsi nəzərdə tutulan sanatoriyada müalicə korpusu da fəaliyyət göstərirdi.

40 nəfər turist üçün nəzərdə tutulmuş “Şahbulaq” Turist Bazası isə 1988-ci ildən istifadədə idi. Abdal Gülablı sanatoriyasının ikinci əsas korpusunun layihə-smeta sənədləri 1985-ci ildə memar İbrahim İbrahimov tərəfindən hazırlanmış, tikinti işlərinə isə 1986-cı ildə start verilmişdir. 1989-cu ildə sanatoriya tikintisinin müəyyən hissəsi başa çatdırılsa da, erməni silahlı dəstələrinin hücumları prosesi birdəfəlik yarımçıq qoyub.

Onun sözlərinə görə, şəhərin tarixi abidələrinin maddi dəyəri hesablanması mümkün olmasa da, ən azından sanatoriyaların gəlirləri əsasında itkiləri təxmini hesablaya bilərik:

“Şuşa Sanatoriya Kurort Birliyi üzrə: 275 milyon manat “Şəfa” turist bazası 8 milyon manat, məktəbli düşərgələri üzrə 20 milyon manat, uşaq müalicə sanatoriyası üzrə 12 milyon manat, “Zamanpəyə” turist bazası 1.5 milyon manat, ictimai iaşə sektoru 12 milyon manat, ev turizmi 100 milyon manat 200 nəfərlik tikintisi yarımçıq qalmış sanatoriya10 milyon manat, mədəniyyət müəsisələri üzrə 27.5 milyon manatdır. Bu müəssisələrin birillik orta gəliri 68.720.500 manatdır, 20 il ərzində obyektlərə 1.374.410.000 manat 476 milyon manat ziyan dəyib. 20 il üzrə ümumi ziyan 1.850.410.000 manatdır. Qiymətlər, həm iqtisadçıların, həm layihələndiricilərin, həm də müəssisə rəhbərlərinin iştirakı ilə hesablanıb. Bu qiymətlər istənilən halda orta qiymət kimi götürülə bilər.”

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR