Evlilikdə tibbi müayinə lazımdırmı?
Bizi izləyin

Qırmızı.az

Evlilikdə tibbi müayinə lazımdırmı?

Nikahdan öncə tibbi müayinənin icbariləşdirilməsi ilə bağlı məsələ dəfələrlə aktuallaşsa da, indiyədək qanunvericiliyə bununla bağlı dəyişiklik edilməyib.

Qərb ölkələrində isə bu məsələyə münasibət fərqlidir. Bir çox Qərb ölkələrində nikahdan öncə gənclərin tibbi müayinədən keçməsinə yetərincə ciddi yanaşırlar. Bu, sadəcə, qurulan gənc ailənin sağlamlığının qayğısına qalmaq üçün vacibdir.

Məsələn, ABŞ-da nikaha girənlər nikahdan öncə qohum olub-olmamasından asılı olmayaraq, mütləq qan analizi verməlidirlər. Amma bütün hallarda, nikaha heç kim mane ola bilməz, həkim, sadəcə, xəbərdarlıq edə bilər. Fransada bu məsələ artıq qanuniləşdirilib. Ukraynada tibbi müayinədən keçmədən evlilik rəsmən yasaqdır. Qanuna əsasən, bəy və gəlin nikahdan öncə tibbi müayinədən keçməli və öz səhhətləri barədə bir-birlərinə mütləq məlumat verməlidir.

Azərbaycanın ailə qanunvericiliyə görə, nikaha girən şəxslər könüllü olaraq tibbi müayinədən keçməlidirlər.Tibbi müayinənin könüllü olması isə, nikaha girən şəxslərin xəstəlikləri barədə məlumatsız olması, yoluxucu və qan xəstəliklərinin yayılması və xəstə uşaqların doğulması ilə nəticələnir.

Əksər hallarda mentalitet, tərbiyə məsələləri gənclərin bu müayinədən yayınmasının əsas səbəbi kimi çıxış edir. Təəssüflər olsun ki, nikahdan qabaq müayinənin nə qədər zəruri olduğunu anlamayan və ya anlamaq istəməyənlər çoxdur. Ailə quranların əvvəlcədən bir-birlərinin sağlamlıqları barədə məlumatlı olması, əslində, onların xeyrinədir.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyir ki, evlənən cütlüklərin nikahdan öncə tibbi müayindən keçməməsində ilk növbədə cəmiyyət uduzur.

Bu səbəbdən də o, nikahdan öncə tərəflərin tibbi müayinədən keçməsinin icbariləşdirilməsinin tərəfdarıdır. Bununla bağlı qanunvericiliyə dəyişiklik nəzərdə tutan qanun layihəsinin hazır olduğunu deyən H. Rəcəblinin sözlərinə görə, ən geci oktyabrda bu layihə parlamentin müzakirəsinə çıxarılacaq və qəbul ediləcək. O bildirib ki, layihə millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə hazırlanıb.

H. Rəcəbli hesab edir ki, bu problemlərin aradan qaldırılması üçün nikaha daxil olanların tibbi arayış təqdim etməsi zəruridir. Ailə quran insanlar bir-birinin xəstəlikləri barədə məlumatlı olmalıdırlar.

Bir çox irsi, genetik, qan xəstəlikləri Azərbaycanda geniş yayılıb. İnfeksion cinsi yolla keçən xəstəliklər var ki, hepatit C, insanın immun çatışmazlığı virusu kimi, bir şəxsdən başqa şəxsə keçə bilir və eyni zamanda, anadan dölə keçə bilir.

Nikaha girən şəxslərin bu barədə məlumatlı olması zəruridir. Evlənmək istəyənlərdə belə xəstəliklər olunduğu halda, həmin şəxslər evlənmələrinə, dünyaya övlad gətirmələrinə özləri qərar verməlidir.

Millət vəkilinin sözlərinə görə, təklif olunan dəyişikliyə görə, nikaha daxil olan şəxslər bir-birlərinin sağlamlıq vəziyyəti barədə məlumat əldə etmək məqsədilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanına siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş xəstəliklər üzrə tibbi müayinədən keçmələri haqqında arayış təqdim etməlidirlər. Öz növbəsində bu qurum nikah qeydiyyata alınmazdan əvvəl tərəfləri tibbi müayinə haqqında arayışın nəticələri ilə tanış edir. Yeni layihədə heç bir halda nikahın qadağan olunmasından söhbət getmir. Çünki bu, ən azından insan hüquqlarının pozulmasıdır.

Məlum dəyişikliyin indiyədək tətbiq olunmamasının səbəbləri barədə danışan komitə sədri deyib ki, regionlarda bu prosesi həyata keçirmək üçün hələlik lazımi şərait yoxdur:

“Regionlardakı xəstəxanalarında lazımi analizləri aparmaq üçün imkanlar məhduddur. Bu problem də Mehriban xanım Əliyevanın Səhiyyə Nazirliyinə tapşırığı sayəsində həll olunacaq. Artıq bu sahədə işlər gedir”.

Tibbi ekspert Adil Qeybulla “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsini vacib sayır. Ekspert düşünür ki, vətəndaşlar müəyyən kateqoriyalı işlərə götürüləndə sağlamlıq haqqında arayış tələb edildiyi kimi, evlənərkən də bu tələb olmalıdır.

Digər həkim Nigar Rüstəmli isə ilkin mərhələdə qadınların qan analizi verməsini, yumurtalıqlarının Ultra Səs Müayinəsindən keçməsini vacib sayır.

Kişilər isə gələcəkdə ata olmaq statusuna sahib olmaq üçün dermoqrama, spermaqrama analizini verməlidir. Eyni zamanda, nikaha girənlərin Hepatit B, C virusları yoxlanılmalıdır. Həkim, həmçinin hər iki cütlüyün ümumi qan analizi verməsini vacib sayır. Bu analiz vasitəsi ilə cütlüklərin talassemiya daşıyıcısı olub-olmadığını bilmək olur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də nikaha girənlərdən tibbi arayışın tələb olunması vacib sayır.

“Biz bu istiqamətdə də araşdırma aparmışıq və məlum olub ki, Fransada, Ukraynada və digər ölkələrdə nikaha girənlərdən tibbi arayışın tələb olunması məcburidir. Hesab edirik ki, bizdə də məhz belə olmalıdır”.

Müayinənin nəticələri nə olursa-olsun, bu, tərəflər arasında sevgi, inam, hörmət üzərində qurulan münasibətləri dəyişdirməyə əsas ola bilməz. Tibbi müayinə evlənəcək şəxsləri gözlənilən təhlükədən qorumaq üçün aparılır.

Gülşanə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm