“Bizi başçının müavini Yavər Allahverdiyev vurub” – Video
Bizi izləyin

Qırmızı.az

“Bizi başçının müavini Yavər Allahverdiyev vurub” – Video

“Bizi başçının müavini Yavər Allahverdiyev vurub” – Video

“Bizi hadisə günü vuran Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev olub”.

Bu sözləri Axar.az-a Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevin xidməti maşını kimi təqdim edilən 10 AS 509 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin mayın 11-də yol kənarı ilə hərəkət edərkən vurduğu 3 piyadadan ikisiXalid Cəbrayılov və Zəfər Xəlilov bildirdi.

Onların dediyinə görə, hadisədən sonra Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev onlara baş çəkməyib. Yalnız xəstəxana xərcləri ödənib, bu da çox cüzi olub. Hazırda hər iki zərərçəkmiş evlərində müalicələrini davam etdirirlər.

Xəsarət alan Xalid Cəbrayılov hadisəni belə danışır:

“Maşın çox sürətlə gəlib bizi arxadan vurdu və heç əyləci də basmadı. Mən özümü kənara ata bildim. Maşının təkərinin diski ayağımı sürtərək məni yaraladı. Hadisə günü yaxınlıqda tanışlarımız vardı. Onlar bizə qəzanı törədənin Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevin olduğunu dedilər. Qəzadan 10 dəqiqə sonra hadisə yerinə bir neçə Cip gəlib. Onların arasında “909” nömrəli “Lənd Kruzer” markalı avtomobil də olub. Onlar maşının üzərindəki nömrəni açıblar və Yavər Allahverdiyevi götürərək oradan uzaqlaşdırıblar. Bizə deyilənə görə, hətta onlardan biri hadisə yerinə gələn polislə mübahisə də edib”.

Xalid Cəbrayılov ailəlidir və 3 uşağı var. Evin tək dolanışığı onun üzərinə düşür. O, çətin şəraitdə yaşayan ailəsinə qəzadan sonra dolanışıqlarını təmin etmək üçün heç bir maddi yardım edilmədiyini deyir:

“Qəzadan sonra bizə yardım edən olmadı. Heç bir dəfə də olsun nə Səbail rayon icra başçısı, nə də müavini bizimlə maraqlanıb. Yalnız müəyyən miqdarda xəstəxana xərclərini ödəmək üçün yardım ediblər. Verilən məbləğ bütün müayinə xərclərini ödəməyə yetmədi. Bir çox hallarda xəstəxana xərclərini cibimdən ödəməli oldum. Ayağımdakı milin çıxarılması üçün 2 ay vaxt lazımdı. Bundan sonra isə növbəti 2 ay ərzində ayağım tam sağalacaq. Ona qədər nə ilə dolanacağımızı bilmirik. Evin kirayəsi durur. 5 nəfərik və ailənin xeyli xərcləri var”.

Digər zərərçəkmiş Zəfər Xəlilov hələ də hadisənin şokunu üzərindən ata bilmir:

“Səkinin üstü ilə hərəkət edirdik. Qəfildən maşın səsi eşitdim və geriyə dönüb baxdım. Ondan sonra nə olduğunu xatırlamıram. Bizə hadisəni törədənin öncə Yavər Allahverdiyev olduğunu dedilər. Daha sonra onun oğlu, ardınca isə sürücüsünün qəza günü sükan arxasında olduğu xəbəri bizə çatdı. Hadisədən sonra bizə baş çəkən olmadı. Xəstəxanada pulum olmadığı üçün həkimlər məni əməliyyata götürmədilər. Borc-xərcə düşüb pul tapdıq və həkimlər əməliyyata razılıq verdi. İcra başçısı müavininin adamları bir neçə gün sonra baş çəkməyə gəldilər. Onda da çox az miqdarda xəstəxana xərclərini ödədilər. İndi müalicəm evdə davam edir və pulum yoxdur”.

Qeyd edək ki, Zəfər Xəlilov da ailəlidir və 3 uşağı var. Evin tək çörək gətirəni olduğundan ailə hazırda çox əziyyət çəkir:

“Evin 2 aylıq kirayə pulu durur. Ev sahibi bizim heç nəyimizdir və o nə vaxta qədər gözləyə bilər ki! Ayağım 4 ay sonra sağalacaq. Həmin müddətə qədər nə ilə dolanacağıq? Niyə bizi axtarıb yardım etmirlər? Müayinə olunmaq üçün borc almışıq. Hər gün məbləğin üzərinə faiz gəlir. Bu borcu necə ödəyəcəyik?”

Qeyd edək ki, qəzada ölən Misir Şirinovun qardaşı Namiq Şirinov Axar.az-a açıqlamasında onlara da hadisədən sonra baş çəkən olmadığın dedi:

“Qəzadan sonra bizə yardım edən olmayıb. Heç zəng də etməyiblər. Hazırda başımız yasa qarışıb. Qardaşımın qanının batırılmasına icazə verməyəcəm. Bütün lazımi orqanlara müraciət edəcəyəm”.

Hazırda istintaq işi Səbail Rayon Polis idarəsindən alınaraq Respublika Prokurorluğuna verilib. Onu da əlavə edək ki, hadisə baş verən gündən sonra Səbail Rayon Polis idarəsindən zərərçəkmişlərə yalnız bir dəfə baş çəkib, ifadələrini alıblar.

Xatırladaq ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevin xidməti maşını kimi təqdim edilən 10 AS 509 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil mayın 11-də yol kənarı ilə hərəkət edən 3 piyadanı vurub. Piyadalardan biri dünyasını dəyişib.

Rəsmi məlumatda 10 AS 509 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobili Bakı şəhər sakini Sabir Hacıkərimovun (Səbail İcra Hakimiyyətinin sürücüsü) idarə etdiyi bildirilib.

Bununla belə mediada qəzanı törədənin Yavər Allahverdiyevin özünün olduğu yazılsa da, bu günə qədər adı çəkilən şəxs hər hansı bir təkzib xarakterli çıxış etməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm