• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Ölkədən çıxmaq hansı hallarda qadağandır?

Ölkədən çıxmaq hansı hallarda qadağandır?

Bəzən Azərbaycan vətəndaşlarının ölkədən çıxmasına icazə verilməməsi, onların hava limanında saxlanılıb geri qaytarılması ilə bağlı faktlara rast gəlirik. Lakin bu olaylar heç də hər zaman səs-küysüz ötüşmür. Saxlanılmanın, ölkədən getməyə məhdudiyyətin qoyulmasının qanunsuz olduğu iddia olunur.

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi Fərhad Nəcəfov Publika.az-a Azərbaycan vətəndaşının ölkədən getmək və ölkəyə gəlmək hüququ, bu hüququn məhdudlaşdırılması ilə bağlı məsələləri şərh edib.

O bildirib ki, yeni qəbul olunan Miqrasiya Məcəlləsi ilə bu məsələlər tənzimlənib. Həmin məcəllədə qeyd olunur ki, Azərbaycan vətəndaşının dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququ var. Bir qayda olaraq, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz.

F.Nəcəfovun sözlərinə görə, Azərbaycan vətəndaşının ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:

- tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;

- məhkum edildikdə - Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya, cəzadan azad edilənədək;

- barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə - tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;

- şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə - müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;

- müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək;

- məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;

- beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı - profilaktik peyvəndlər edilənədək.

Hüquq məsləhətçisinin sözlərinə görə, qanunvericilik hərbi qulluqçuların, dövlət sirri ilə işləməyə buraxılanların ölkədən getməsinə müəyyən şərtlər daxilində icazə verir. Belə ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər.

Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Həmçinin yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər.

Onun sözlərinə görə, ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatlar "Giriş-çıxış və qeydiyyat" idarələrarasıavtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir: "Həmçinin hər hansı bir ölkədə fövqəladə vəziyyət və ya insan həyatı, sağlamlığı və azadlığı üçün təhlükə yaranarsa, Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının əhalisini dərhal xəbərdar etməklə, vətəndaşlara həmin ölkəyə getməkdən müvəqqəti çəkinməyi tövsiyə edir".

Hüquqşünas qeyd edib ki, vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ Azərbaycan Respublikası vətəndaşının pasportu əsasında həyata keçirilir: "Azərbaycan Respublikasında qeydiyyatda olan və dənizçilik məqsədi ilə istifadə edilən gəmilərdə hər hansı dənizçi vəzifəsində işləyən vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ dənizçinin şəxsiyyət sənədi əsasında həyata keçirilir".

Hüquqşünas Nəcəfov deyib ki, xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşı olan övladının ölkəyə qayıtmaq hüququ qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR