Qənirə Paşayeva Ümumdünya Qadın Sammitində iştirak edib - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Ümumdünya Qadın Sammitində iştirak edib - FOTOLAR

Parisdə Dünya qadınlarının “Davos”u kimi tanınan Ümumdünya Qadın Sammiti öz işinə başlayıb. Dünyanın 80-dən artıq ölkəsindən 1200-dən artıq qadının qatıldığı sammitdə müxtəlif ölkələri təmsil edən nazir qadınlar, birinci xanımlar, yüksək dövlət vəzifəsi tutan, ictimai-siyasi xadim olan qadınlar,millət vəkilləri, işgüzar qadınlar, böyük şirkətlərin qadın idarəçiləri, qeyri-hökumət rəhbərləri xanımlar qadınların ictimai-siyasi həyatda, dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyatda, biznesdə rolunun artırılması istiqamətində müzakirələr aparır, konkret təkliflərlə çıxış edirlər.

Millət vəkili Qənirə Paşayeva sammitin işində iştirak etməklə bərabər müxtəlif ölkələrdən gəlmiş fəal qadınlarla da görüşərək onlara Azərbaycanla bağlı geniş məlumatlar verib. Millət vəkili Sammit çərçivəsində Fransanın Qadın, Gənclər və İdman Naziri Najat Vallaud-Belkacem başda olmaqla, İslandiya, Qazaxıstan, Malayziya, Böyük Britaniya, Filippin, Mərakeş, Bəhreyn, Polşa, Sloveniya, Veytnam, Afridakan, Samao, Senegal gəlmiş nümayəndə heyətləri ilə görüşüb və Azərbaycan, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə geniş rolu ilə bərabər Dağlıq Qarabağ problemi ilə də bağlı geniş məlumatlar verib və fikir mübadiləs aparılıb.

Millət vəkili bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir.

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və soyqırımlar, əsir və girov götürülmüş azərbaycanlılar barədə məlumatlar verən millət vəkili iştirakçılara Qarabağ həqiqətlərinə dair “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, kitabları və materialları da təqdim edib.

Qənirə Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu tədbirdə iştirak edən yüksək səviyyəli qadınlar başda olmaqla dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyirlər.

Millət vəkili Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıb.

Qənirə Paşayeva görüşlər zamanı Azərbaycanda qadın məsələləri ilə bağlı vəziyyətlə də bağlı məlumat verib. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib.

Qənirə Paşayeva ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə qadınlar, uşaqlar, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən layihələr və onların uğurlu nəticələri barədə də məlumatlar verib.

Azərbaycanın iqtisadi inkişafı barədə məlumatlar verən Qənirə Paşayeva tədbir iştirakçıları ilə yanaşı işgüzar xanımları da Azərbaycana dəvət edib. Böyük Britaniya, Fransa, İslandiya, Malayziya, Qazaxıstan, Filippin, Mərakeş, Bəhreyn, Polşa, Sloveniya, Veytnam, Afridakan, Samaodan olan fəal xanımlar Azərbaycan haqqında məlumatlı olduqlarını və böyük məmuniyyətlə Azərbaycana səfər etmək və daha yaxından tanımaq istədiklərini bildiriblər.

Qeyd edək ki, dünyanın 80 ölkəsindən 1 200-dən artıq nümayəndənin iştirakı ilə keçiriləcək sammitdə qadınların iqtisadi həyatlarının yaxşılaşdırılması və qlobal çiçəklənmənin təmin edilməsi strategiyası, qadınlar və qızlar üçün iqtisadi imkanlar, iqtisadiyyatın yüksək gəlirli sektorlarında qadın sahibkarların rolu və başqa məsələlər müzakirə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm