Zaqatala məhkəməsi üçün yeni bina tikilir
Bizi izləyin

Qırmızı.az

Zaqatala məhkəməsi üçün yeni bina tikilir

İyunun 6-da Zaqatala Rayon Məhkəməsinin müasir inzibati binasının təməlqoyma mərasimi keçirilib.

Ədliyyə Nazirliyinin mətbiat xidmətindən Publika.az-a verilən məlumata görə, mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, habelə bölgənin hakimləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə ümummilli liderimiz Heydər Əliyevin Zaqatala rayonundakı abidəsi ziyarət edilib, xatirəsi dərin ehtiramla yad olunub.

Ümumi sahəsi 2300 m2 olan 3 mərtəbədən və zirzəmidən ibarət yeni məhkəmə binası ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən audio- və video sistemlər, digər zəruri infrastruktur quraşdırılacaq.

Tədbir iştirakçıları Zaqatala Rayon Məhkəməsinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərlə tanış olub, məhkəmənin təməli qoyulub.

Mərasimdə çıxış edən ədliyyə naziri F.Məmmədov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və ölkə başçısının rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi, infrastrukturun müasirləşdirilməsi barədə məlumat verib, son illər regionlarda 20-dək yeni məhkəmələrin yaradıldığını, hakimlərin sayının 2 dəfə artırıldığını, onların Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimini, eləcə də hakimlərin maddi təminatının xeyli yaxşılaşdırıldığını qeyd edib.

O, qeyd edib ki, Dünya Bankı ilə birgə həyata keçirilən və dünyada ən uğurlu hesab olunan "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində artıq bir neçə yeni məhkəmə binaları tikilərək istifadəyə verilib və yeni komplekslər intensiv inşa olunur.

Nazir zəlzələ nəticəsində zədələnmiş Zaqatala Rayon Məhkəməsi üçün yeni müasir binanın inşasının məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə olmaqla məhkəmənin fəaliyyətinin yüksək səviyyədə təmin olunmasına, vətəndaşların müraciət imkanlarının daha da asanlaşdırılmasına və insan hüquqlarının etibarlı təminatına xidmət edəcəyini qeyd edib.

Həmçinin məhkəmələrdə qabaqcıl İKT-lərin tətbiqinə toxunularaq, bu sahədə strateji prioritetləri müəyyən edən ölkə Prezidentinin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında Sərəncamının müstəsna əhəmiyyəti qeyd olunub, onun ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, aşkarlığın tam təmin edilməsinə, süründürməçiliyin qarşısının alınmasına böyük töhfə verəcəyi vurğulanıb.

Mərasimdə çıxış edənlər respublikamızın hərtərəfli inkişafına, məhkəmə sisteminin müasirləşdirilməsinə verdiyi müstəsna əhəmiyyətə və xüsusi qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Elə həmin gün regionun məhkəmə və ədliyyə orqanlarına, o cümlədən qeydiyyat, notariat və icra qurumlarına baş çəkilərək fəaliyyəti və problemləri ilə maraqlanılıb, iş şəraiti ilə tanış olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm