Prezidentə ünvanlanan müraciət saxta çıxdı – Rəsmi cavab
Bizi izləyin

Qırmızı.az

Prezidentə ünvanlanan müraciət saxta çıxdı – Rəsmi cavab

Ədliyyə Nazirliyi Penitensiar Xidməti 12 saylı cəzaçəkmə müəssisəsindəki vəziyyətlə bağlı prezident İlham Əliyevə ünvanlanmış müraciətdə qeyd olunanların yalan və cəfəngiyat olduğunu bəyan edir.

Xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov Publika.az-a bildirib ki, müəssisədə cəza çəkən 700 məhkumun vərəm xəstəsi olması barədə məlumatın özü müraciətin bütünlüklə cəfəngiyat olduğunu sübut edir.

“Cəzaçəkmə müəssisələrində vərəmlə mübarizədə Azərbaycanın təcrübəsi bütün dünyada nümunə kimi göstərilir”,– o deyib.

Y. İsakov deyib ki, müraciətlə bağlı araşdırma aparılarkən məlum olub ki, müraciətə imza atanların bir qismi nəinki 12 saylı müəssisədə cəza çəkir, ümumiyyətlə, cəzaçəkmə müəssisələrində həmin ad və soyadda məhkumlar yoxdur.

Xidmət sözçüsü həmçinin qeyd edib ki, müraciəti imzalayanlar sırasında adları çəkilən və həmin müəssisədə cəza çəkən məhkumlar 12 saylı müəssisənin rəisinə ərizə ilə müraciət ediblər. Onlar müraciətdən xəbərsiz olduqlarını, belə bir müraciətə imza atmadıqlarını bildiriblər.

O qeyd edib ki, özünü “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Birliyi adlandıran ictimai qurum heç bir qeydiyyatdan keçməyib. Vaxtaşırı düzgün, əsassız olmayan məlumatlarla məhkumların adından çıxış ediblər.

Xatırladaq ki, bir qrup məhkum 12 saylı həbsxanadakı vəziyyətə görə ölkə başçısına məktub yazaraq orada cəza çəkən 700 dustağın həyatı üçün təhlükə olduğunu bildiriblər. Müraciətin surətini “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansına göndərən məhbuslar məktubun media vasitəsi ilə ünvanlarına çatdırılmasını xahiş ediblər.

Müraciətdə iddia olunur ki, şəxsi maraqlarına görə cəzaçəkmə müəssisəsini açıq bazara döndərən rəis Rauf Məmmədov, onun müavini Qacay Aslanov, Babək İsgəndərov cinayətkar şəbəkə yaradıblar. Bu şəbəkənin yaratdığı korrupsiya, özbaşınalıq, işgəncə, narkotik satışı nəticəsində 2 məhkum dünyasını dəyişib, xəsarətli məhkumlar hələ də işgəncədən əziyyət çəkirlər, imkanlı məhkumlara xüsusi şərait yaradılıb, imkansız məhkumlar alçaldılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm