"Elçibəy yoldaşımla danışanda küçəyə çıxıb ağlayırdım" – MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

"Elçibəy yoldaşımla danışanda küçəyə çıxıb ağlayırdım" – MÜSAHİBƏ

“Kimdən soruşursan, deyir, hüquq müdafiəçisiyəm”

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, Müsavat Partiyasının Divan üzvü Novella Cəfəroğlu “Brifinq”in qonağıdır. Redaksiyamıza əlidolu gələn Novella xanım “Gündəlik Teleqraf”ın əməkdaşlarının suallarını cavablandırdı. Vilen Markeviç Eppelbaumla ailə həyatı quran N.Cəfəroğlu övladlarından, İsraildə yaşayan həyat yoldaşı və nəvələrindən danışdı. Hüquq müdafiəsi istiqamətindəki çətinliklərdən bəhs edən Novella xanım Əbülfəz Elçibəylə və Heydər Əliyevlə tanışlığına da toxunub.

Nemət Hüseynli: Novella xanım, prezidentin axırıncı əfv fərmanından sonra yenə Sizə qarşı fikirlər səsləndi. Niyə həmişə əfv fərmanlarından sonra tənqid olunursunuz?
- Hüquq Müdafiəçiləri Monitorinq Qrupunu əfv fərmanından çox şey gözləyirdi. Leyla Yunusun 130, Oqtay Güləliyevin 170 nəfərlik siyahısı vardı. Ümumi siyahılardan Monitorinq Qrupunun, habelə Emin Hüseynov, Rəşid Hacılı və Rəsul Cəfərovun imzaladığı 30 məhbusun adını Avropa Şurasının baş katibi Työbern Yanqlana və AŞPA prezidentinə verdik. Bizə söz verilmişdi ki, 15-20 nəfər əfvə düşəcək. Monitorinq Qrupu adından Azərbaycan Prezidentinə də müraciət etmişdik. Cavan uşaqların, İlqar Məmmədov, Tofiq Yaqublu, Hilal Məmmədov, Yadigar Sadıqovun, bloggerlərin, jurnalistlərin həbsdə olmasına ürəyim yanır. Məhkəmələr də düzgün aparılmır. Məsələn, qadınlarla bağlı məhkəməni 3 il aparırıq, sonra nəyəsə nail oluruq. İnsan haqları pozulanda elə düşünürlər ki, bu addımlar siyasi cəhətdən həyata keçirilir. Biz isə məhz siyasətlə məşğul olan və həbsə düşən adamların siyahısını çıxarmışdıq. Çox ümid edirdik ki, bu insanlar buraxılsa, barışıq addımı olar. Təqdim etdiyimiz siyahıda 10-15 nəfər buraxılsaydı, camaat da deyərdi ki, nəyəsə nail olduq. Geci-tezi var, onları da buraxacaqlar. Belə məhbuslar harada yoxdur? Bizə irad tuturlar ki, siz siyahınıza islamçıları salmırsınız. Leyla Yunus deyir ki, mən islamçıları siyahıma salıram. Yenə də deyirəm, islamçıların içərisində çoxlu savadlı, ziyalı insanlar var, onlardan ikisini siyahıya salmışıq. Amma deyirik ki, onların məhkəmələri düzgün aparılmayıb. Məhkəmədəki səhvlər düzəlməli və onlar məhkəmə ilə buraxılmalıdır.

N.Hüseynli: Həbsxanalara gedirsiniz?
- Gedirik. Elə şeylər var ki, onu demək lazımdır. Cəzalarının üçdə ikisini çəkən məhkumların azadlığa buraxılması üçün Ədliyyə Nazirliyi yanında xüsusi Komissiya yaradılıb. Biz bu Komissiyanın tərkibində Şəki cəzaçəkmə müəssisəsinə getmişdik.

“Nə hökumətdən, nə də müxalifətdən asılılığım var”

N.Hüseynli: Siz Müsavat üzvüsünüz, cəzaçəkmə müəssisələrinə necə gedirsiniz?
- Bəli, nə mən, nə də Səidə xanım Ədliyyə Nazirliyi yanında Komitənin üzvüyük. Amma Ədliyyə Nazirliyindən bizə icazə veriblər ki, Monitorinq Qrupunun üzvü kimi həbsxanalara baş çəkə bilərik. Həbs müddəti bitənlərdən 2 və ya 3 min manat pul istəndiyi deyilirdi. Onlar həbsxanada nizam-intizam qaydalarına da riayət etdiklərini də bildirirdilər. Komitə bu məsələni araşdırırdı. Siyahını həbsxana rəisi hazırlamamışdı. Oqtay adlı hüquqşünas vardı, çox gözəl işləyirdi, deyirdi ki, siyahıdan adamların adlarını mən çıxarmışam. Bu, bir növ korrupsiyanın qarşısını alır. Komissiyanın olması təqdirəlayiqdir. Bu addım atılıbsa, yaxşıdır. Bunu yazmaq lazımdır. Bunu deyəndə sabah “Azadlıq” qəzeti götürüb yazacaq ki, Novella yenə hakimiyyəti müdafiə edir. Başa düşün, 73 yaşım var, mən nə hökumətdən, nə də müxalifətdən asılıyam. Bu saat Allahdan qorxum var ki, məni tez öldürməsin. Jurnalistlər pis də, yaxşı da desələr, yenə söyləyəcəyəm. ASAN xidmətin çox xoşumuza gəldiyini söyləyəndə qəzetlər başladı ki, aparıb bunlara nəsə elədilər. Mənə nə edəcəklər ki? Görəndə ki, qohum-əqrəbam, qonşum asanlıqla “kupça” alır, sürücülük vəsiqəsini, şəxsiyyət vəsiqəsini dəyişir, niyə deməyim? Niyə qəzetinizdə yazmırsınız ki, yaxşıdır? Bir dəfə siz bunun yaxşı olduğunu yazsanız, sabah başqa bir addım atılacaq. Yaxşıdır da bu, yazın. Demirəm, ölkədə böyük dəyişiklik olub. Mənim bir həkimim var, Əli İnsanovun köməkçisi idi, nə xəstəliyim olursa-olsun, bircə onun yanına gedirəm.

N.Hüseynli: Bəlkə, yəhudidir, ona görə gedirsiniz?
- Yox, qətiyyən buna görə getmirəm.

N.Hüseynli: Ordubaddan daha yaxşı həkimlər çıxıb axı...
- Qohumlarımın hamısı yaxşı həkimdirlər. Camaat İrana, Gürcüstana, Türkiyəyə müalicəyə gedir. Bu yaxınlarda “Semaşka”ya getmişdim, Natella Asena orada yatırdı. Dedi ki, Novella, mənə çox yaxşı baxırlar. Dedim, sənə baxmalı idilər də. Mənim qudamı oraya ölü vəziyyətdə çatdırmışdıq, amma onu gözəl müalicə etdilər. Dövlət müəssisələrində yaxşı həkimlər var və bunlardan yazmaq lazımdır. Oğlum İsraildə həkimdir, 6 min manat alır, deyir, azdır. Burada da həkimə o qədər pul versələr, həkim də məsuliyyət daşıyar, xəstənin cibinə baxmaz. Bu sahədə islahatlar aparılmalıdır. Azərbaycanda savadlı insanlar çoxdur. Sovet hökuməti ucqar kəndə müəllim göndərib öz ideologiyasını kənd camaatına öyrədirdi. Bakıdan kəndlərə müəllimlər, həkimlər gedirdi, onlara ev, yaxşı məvacib verilirdi. Cavan uşaqlara indi böyük məvacib - 800-1000 manat verib rayonlara göndərmək olar. Bununla onları stimullaşdırmaq olar. Bilirsiniz, rayonlarda vəkil tapa bilmirik. İşimiz çoxdur, özümüzü reklam etmək istəmirik, düzü, heç bacarmırıq da. Rayonlara gedirik ki, kimin nədən narahatlığı varsa, ərizəsini gətirsin. Elə şeylər var ki, icra başçısı ilə danışırıq, bir dəfə qəbul etməsə də, ikinci dəfə mütləq qəbul edəcək. Cəfəroğlu, Qocamanlı, Bənənyarlının adı bəzən qəzetlərdə gedir. Bizim bir deputatımız var, Çingiz Qənizadə bizim can qardaşımızdır. Ondan başqa deputatlardan Qüdrət Həsənquliyevə, Fazil Mustafaya zəng edirik. Kimdənsə kiminsə xahişini etməyi özümə alçaqlıq bilmirəm. Deputatlardan Əli Hüseynliyə, Səməd Seyidova, elə olub Bahar Muradovaya zəng edib kiməsə kömək göstərməklə bağlı xahiş etmişik. Elə işlər var ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazovuna köməkçilərinə zəng vururuq. Daxili İşlər Nazirliyindən Sadiq Gözəlov bizə o qədər köməklik edib ki...

“Məni söyəndə, Müsavatın qocaları müdafiə etmədi”

N.Hüseynli: Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdirinə zəng vurmursunuz?
- Fuad Ələsgərovun özünə yox, köməkçilərinə zəng edirik. Telefon ondan ötrüdür ki, zəng vurub ya “hə” ya da “yox” cavabı alasan. Çox zəng edəndə “hə” cavabı alırsan. İşi göndəririk, baxırlar və “hə”sini ala bilirik.

Səxavət Həmid: Ombudsmanın Sizə köməyi dəyir?
- Elmira xanıma nə vaxt zəng etmişiksə, həmişə köməklik edib. Demişik ki, təcridxanada kiminsə narazılığı var, dərhal adam göndərib. Bizə kömək edən adama niyə pis deyim? Monitorinq Qrupu hansı məktub yazıb, ona reaksiya verir. Öz də əvvəldən həmkarımız olub, bir yerdə işləmişik.

N.Muradova: İşbirliyi sahəsində qadınlarla işləmək asandır, yoxsa kişilərlə?
- Qadınlarda bir-birinə qarşı qısqanclıq olmasa, çox qabağa gedərlər. Bu il bələdiyyə seçkiləri ilidir. Qadınlar namizədliyini irəli sürməyi özlərinə yaraşdırmır. Ya da deyirlər ki, məni seçməyəcəklər. Əşşi, onunuz gedin, onunuzdan biriniz seçiləcəksiniz də. Bələdiyyədən başlayın, sonra yavaş-yavaş gedib deputat, ondan da böyük vəzifələrdə olacaqsınız.

“Həccdən qayıdıb sosiska yeyib, araq içirlər”

N.Hüseynli: Hüquq müdafiəçiliyi ilə məşğul olmaq yaxşıdır, ya siyasətlə, geologiya ilə?
- Vallah, hamısı mənim üçün əzizdir. Mən kimyaçıyam, kimya laboratoriyasında işləmişəm. O, ayrı romantizmdir. Kələkidə bütün fəhlələr məni “profsoyuz” seçmişdi, onların haqlarını mən qoruyurdum. Kələkidə birinci dəfə “yolka”nı mən qurmuşam. Kələki qışda qar olur, uşaqlara demişdim, şam ağacları gətirmişdilər, oyuncaqla bəzədik, hədiyyə almışdım. Geoloqların uşaqları bizim hesabımıza “yolka” gördülər. Mən bu günün hüquq müdafiəçisi deyiləm ki, yüz ilin hüquq müdafiəçisiyəm.

Ülviyyə Axundova: Azərbaycanda hüquq müdafiəçiliyi sahəsində hansı boşluqlar var və bu boşluqlar necə doldurulmalıdır?
- İndi kimdən soruşursan, deyir hüquq müdafiəçisiyəm. Kimi tuturlar, deyir, hüquq müdafiəçisidir. Allah qapılarını açsın, onlara da ağıl versin ki, oxusunlar. Hüquq müdafiəçisi elə-belə olmur. 50 yaşından sonra mən yenidən oxumağa başlamışam. Hüquq müdafiəçisi ilə bağlı kitabları bu gün də oxuyuruq. Hüquq müdafiəsi informasiyanı 1 tərəfdən yox, 7 tərəfdən almalıdır.

N.Hüseynli: İlk dəfə Əbülfəz Elçibəyi nə zaman görmüsünüz?

- Kələkidə, geologiya laboratoriyasında işləyəndə.

“Yoldaşımla Elçibəy danışanda çıxıb küçədə ağlayırdım”

N.Hüseynli: Bəs Heydər Əliyevi?
- Heydər Əliyevi uşaqlığımdan tanıyıram. Mənim xalamgillə, Mamed Zeynalovgillə Naxçıvanda qapı qonşusu idi. Heydər Əliyev xalamgilə gələndə biz uşaq idik, onu görürdük. Anamla da bir oxumuşdu. Əmimlə də yaxın dost idi.

N.Hüseynli: Sizə vəzifə təklifi olmadı?
- Heydər Əliyev iqtidara gələndə mənə də, həyat yoldaşıma da vəzifə təklifi elədilər.

“Azadlıq” qəzeti götürüb yazacaq ki, Novella Cəfəroğlu yenə hakimiyyəti müdafiə edir"

N.Hüseynli: Niyə işləmədiniz? Vəzifəni qəbul etsəydiniz, səlahiyyətiniz çox olardı və daha çox adama kömək edə bilərdiniz...
- Mən də, yoldaşım da Elçibəyin yaxın dostu idik. 1996-cı ilə qədər məni döyürdülər, şirkətimizi də dağıtmışdılar. Zevin küçəsində (indiki Əziz Əliyev küç. - N.E.) bizim cəmiyyətin yeri vardı, Xalq Cəbhəsi Partiyası da o küçədə otururdu. 1996-cı ildə bir gün Heydər Əliyev orada gəzirmiş. Ramil Usubov, Dünyamalıyev və Nağıyev də yanında imiş. “Motros” Faiq də orada qalırdı, bizim də böyük pəncərələrimiz vardı, açıq olub, Əbülfəz bəyin şəkli də divardan asılı. Heydər Əliyev şəhərin ortasında Elçibəyin şəklini görüb dayanıb. Deyib bura haradır? Ramil Usubov Dünyamalıyevə deyib ki, gəl, danış. Dünyamalıyev dayım qızının, Nağıyev də xalam qızının həyat yoldaşı idi. Dünyamalıyev da deyib ki, Şura xanımın, Cəfər Cəfərovun qızıdır, bura da onun cəmiyyətidir. Heydər Əliyev baxıb, deyib kişi qızıdır, mənim belə bir dostum olmayıb. Onunla işiniz olmasın (gülür).

N.Hüseynli: Sizə çətin deyil, gah burda, gah da İsraildə yaşayırsınız?
- Mən İsrailə gedirəm? İldə iki dəfə gedirəm. Deyirsən, uşaqlarımı görməyim?

N.Ehlamqızı: İşinizə bağlısınız deyə birdəfəlik ailənizin yanına getmirsiniz? Övladlarınız orda, Siz burda necə dolanırsınız?
- Doğrudan da, orada 1 aydan çox qala bilmirəm. Bu, pafos deyil. Uşaqlarım da yanıma gəlir. Azərbaycan mənim üçün hər şeydir. Mən Amerikada, Fransada, Almaniyada da qala bilərəm. Bu ölkələr orada qalmağıma icazə verir. Bütün beynəlxalq təşkilatlar tanıyır, aldığım ödüllər imkan verir ki, istənilən ölkədə yaşayım. Amma Azərbaycandan başqa heç yanda yaşamaq istəmirəm. Naxçıvana təyyarə ilə yox, qatarla getmək istəyirəm. O günü görmək istəyirəm ki, Horadizdən Naxçıvana gedim. Bu, bəlkə də, son arzumdur.

Bəxtiyar Məmmədli: Novella xanım, Sizə çoxları niyə “mama” deyir?
- Əvvəldən çox qayğıkeş olmuşam, kim gəlib, başını sığallamışam, hamısı “mama” deyib. Azərbaycanda o adı almaq çox çətindir. Yəqin ki, yaxşı adamam da. Özümü bir az tərifləyim (gülür).

N.Ehlamqızı: Niyə məhz Cəfəroğlu?
- Hərəkatdakı kişilərdən də, qadınlardan da qabaq “oğlu”nu mən götürmüşəm. Atam Cəfər Cəfərovdur. Cəfəroğlu türkçülük ifadəsidir də.

Ü.Axundova: Hüquq müdafiəçiləri arasında dostluq münasibətləri ola bilərmi?
- Vallah, mən hamısı ilə dostam. Heç kəslə indiyədək müharibə aparmamışıq. Hüquq müdafiəçilərindən də kim ki, dara düşüb, müdafiə etmişik. Elə hüquq müdafiəçisi var Azərbaycanı sevir. Eləsi də var məhz öz ambisiyasını ortaya qoyur, maliyyə qaynağıın çoxaltmaqdan ötrü bu işlə məşğuldur. Biz indiyədək hüquq müdafiəsindən 1 manat pul almamışıq. Biz qrant alırıq, 11 regionda mərkəz açmışıq. Orada insanlar çalışır, indi də onları dəstəkləyirik.

N.Muradova: Onları qrantla saxlayırsınız?
- Mərkəzləri qrant alıb açmışıq. İndi özləri işləyir, qrant alırlar. Gəncədə, Naxçıvanda mərkəzlərimiz var. Biz təmannasız insanların hüquqlarını müdafiə etmişik.

Ü.Axundova: Elə şeylər olubmu müdafiə etdiyiniz insan azadlığa çıxdıqdan sonra Sizə “hörmət” eləsin?
- Əksinə, mən onlara həbsxanada pul verirdim. Hərəmiz 50 manat pul yığıb siyasilərin cibinə pul qoyurduq ki, acından ölməsinlər. Həbsxanadan çıxandan sonra eləsi var heç “sağ ol” deməyib. Ucardan olan jurnalist Fuad Hüseynov təzəlikcə çıxdı. O da bizim siyahımızda idi. Anası, özü zəng vurub ki, Ucara gəlin, qonaqlıq verək. İstəyirik, gedək Ucarda döşəməli aş yeyək. Qardaşı yox, amma Mirzə Sakit zəng edib. Qardaşının qəzeti isə həmişə bizim şəklimizi dərc edib, haqqımızda yüzlərlə tənqidi yazı yazıb.

N.Ehlamqızı: Siyasət həyatınızda hansı yerdədir?
- Müsavatçıyam. Əbülfəz Elçibəylə çiyin-çiyinə cəbhədə olmuşam. Cəbhəçi olduğuma görə də fəxr edirəm. İndi İsa Qəmbərin yanındayam.

N.Ehlamqızı: Niyə Əli Kərimlini yox, İsa Qəmbəri seçdiniz?
- Biz Əbülfəz bəyin yanında idik. Birinci cəbhəni yardılar. Əli Kərimlinin yanında 18 müavin vardı. İndi heç biri yoxdur.

Səxavət Həmid: Partiyaya gedib-gəlirsiniz?
- Gedirəm.

N.Muradova: Müsavatın indiki fəaliyyətindən razısınız?
- Hazırda Müsavat qurultaya hazırlaşır. Şəxsən mən İsa Qəmbərin başqanlıqdan getməsinə razı deyiləm.

Ü.Axundova: Müsavatın ideologiyasını davam etdirəcək gənc nəslin nümayəndələri var?
- Var, çox gözəl uşaqlardır. Məni “vurub”, söyəndə Müsavatın qocaları müdafiə etmədi, gənclər hamısı sipər durdu. Onların içində savadlı gənclər var.

S.Həmid: Sizi İsraillə nə bağlayır?
- Həyat yoldaşım yəhudidir. Uşaqlarım ordadır, üç oğlum, 6 nəvəm var. Mənim yoldaşım Əbülfəz Elçibəyin ən yaxın dostu olub. Yəhudi Vilen Markeviç Eppelbaum Əbülfəz bəyin ən birinci dostlarından olub.

N.Muradova: Siyasi baxışlar birləşdirirdi?
- Bəli. Əvvəl bunlar bir-biri ilə danışanda çıxıb küçədə ağlayırdım. 1960-cı illərdə Stalini, Lenini söyürdülər. Lenini söyəndə elə pis olurdum, deyirdim, Stalini söydünüz, amma Lenin yazığı niyə söyürsünüz? Elçibəy deyəndə ki bu imperiya dağılacaq, dəhşətə gəlirdim ki, necə dağılacaq? Bu nə sözlərdir? Yoldaşımın İsraildəki evində Əbülfəz bəyin böyük portreti asılıb, kompüterinin ekranında da Elçibəyin şəklidir. İndiyə qədər Əbülfəz bəyə qohumlarından tutmuş dostlarına qədər yeganə sadiq insan yoldaşımdır. Ailəsini demirəm, amma qohum-əqrəbasını, hamını görürəm də...

S.Həmid: Adətən, azərbaycanlı qadınlar digər dinin təmsilçiləri ilə ailə qurmur...
- Mənim ən böyük uğurum o idi ki, atam tərəfindən ən çox sevilən uşaq idim. Məni çox azad böyütmüşdü. İki oğlu, məndən başqa iki bacım vardı. Böyük nəsil idik, heç kəs mənə söz deyə bilməzdi. Atam 42 yaşında dünyasını dəyişdi, ailənin böyüyü mən oldum. Kələkiyə pul qazanmaqdan ötrü getdim. Kimya laboratoriyasından çox pul alırdım, ailəmə köməklik edirdim. Atam elə bilirmiş, ona görə də məhdudiyyət qoymayıb. Dayılarım, əmilərim məni həmişə yuxarıda tuturdu. Yaxşı ailəm vardı. Həm ana, həm də ata tərəfim ali təhsillidir. Nəslimiz sanballı nəsil olub.

S.Həmid: Dinə baxışınız nədir?
- Dinim İslamdır. Qurana tabeyəm, amma şəriət qanunlarını qəbul etmirəm. Mən hicaba qarşı deyiləm. Onlar da həbsdən çıxmalıdır. Amma hicab əvəzinə çıxıb Təhsil Nazirliyi qabağında desəydilər ki, təhsilimiz sıfır səviyyəsindədir, məktəblərdə dərs keçirmirlər, mən o insanlara canımı verərdim. Quranda 756 dəfə yazılıb ki, ancaq elmlə nəyəsə nail ola bilərsən, 3 dəfə yazılıb ki, ayıb yerlərini ört. Niyə sən Qurandan üç dəfə deyilən sözü götürürsən, amma 756 dəfə yazılanı götürmürsən? Bu gün baxıram ki, Həcc ziyarətinə kimlər gedir? Qızıl alverinə gedənlər gedir. Həccdən qayıdıb sosiska yeyib, araq içirlər, rüşvət götürüb aldadırlar, əxlaqsız işlərlə məşğul olurlar. Çoxu da saqqal saxlayıb deyir ki, mənə “hacı” deyə müraciət edin. İslama qarşı mənəviyyatsızlıq məni məyus edir.

N.Muradova: Bəs övladlarınız hansı dinə sitayiş edir?
- Övladlarım türkdür. Anaları türkdür. Yeri gəlmişkən, həyat yoldaşım Şuşada ev aldı, sonra da Şuşanı işğal elədilər. Balakəndə işləyirdik, hər il gedib Şuşada istirahət edirdik. Şuşaya vurğun idik. Qarabağın geri qaytarılmasını hamıdan çox mən istəyirəm ki, gedib evimdə oturum. Deyirik ki, müharibə olsa, gedib torpağımızı qaytaracağıq. Biz erməni millətinə qarşı deyilik. Bunu həmişə demək lazımdır. Torpağımızı almaq istəyirik. Qarabağdakı ermənilər də mənim vətəndaşımdır. Bunu Prezident də deyir, biz də deyirik. Çünki torpaq bizimdir, bu gün onlara tolerant yanaşmalıyıq.

N.Ehlamqızı: Azərbaycan yazıçılarından kimi bəyənirsiniz?
- Ramiz Rövşənin, Rüstəm Behrudinin, Bəxtiyar Vahabzadənin vurğunu idim. Məni Azərbaycan ədəbiyyatına yönəldən Əbülfəz Elçibəy oldu. Çünki mən rus məktəbini, universitetini bitirmişəm. Xarici və rus ədəbiyyatını bilirəm.

N.Muradova: Gənclərdən kimi oxuyursunuz?
- Vallah, heç birini. Hərdən yaxşı şeirlər tapıb oxuyuram.

N.Ehlamqızı: Bəs hansı musiqilərə qulaq asırsınız?
- Türklərə bayılıram. Gülbən Ərgən var, müğənnidir, qonaq qismində yazıçını dəvət edir. Deməli, yazıçı təzə kitab çıxarıb, onun kitabını oxuyub elə suallar verir ki. Bizim hansı aparıcımız, müəğənnimiz elə veriliş apara bilər? Heç biri! Biz uşaq vaxtı muğamla yuxudan ayılardıq. Muğamla yatardıq. Hətta mənim yəhudi yoldaşım muğama qulaq asardı. Xan Şuşinski, Əbülfət Əliyev, Şövkət Ələkbərova, Sara Qədimovanının mahnıları ilə böyümüşük. Biz rusdilli idik, amma muğam həmişə evimizdə səslənirdi. İsrailə getmişəm, orada bazarda Quba yəhudisi muğamatı qoyur və bütün bazar muğamata qulaq asır. Mədəniyyət budur. Bizdə olan musiqi, simfoniyalar, muğamlar kimdə var? Naxçıvandan gələndə atam bilet alıb hamımızı teatra aparırdı. Mən Hökümə Qurbanovanı, Ələsgər Ələkbərovu, Məhluqə Sadıqovanı görmüşəm. Onlar mədəniyyət idi. İndi intellegent təbəqə yox olmaqdadır.

Kələkidə birinci dəfə "yolka"nı mən qurmuşam

N.Muradova: İndi teatrlara getmirsiniz?
- Ancaq rus dram teatrına gedirəm.

N.Muradova: Maraqlı zinət əşyalarınız var. Mənaları, yəqin ki, olmamış olmaz.
- Üzüyüm nənəmdən qalıb. Sırğalarımı oğlanlarım hədiyyə edib. Afrikada idik, mən hamıdan kök idim. Afrikanlardan ən böyüyü məni çağırdı ki, gəl bura. Mən də dedim ki, deyəsən, məni yeyəcəklər. Yaxınlaşdım, boynundan və qolundan bilərzik çıxardı, mənə verdi. Dedi ki, bunu həmişə özünlə saxla. Mən də qoluma taxdım, bunu dəbə mən gətirdim (gülür). 15 il bundan qabaq ancaq mən taxardım, indi hamı taxır. Boyunbağımda ələm talismanı var, o biri də masonların taxdığıdır. İslamla birləşdirmişəm (gülür).

S.Həmid: Sizdən başqa “Novella” adını daşıyan ikinci bir şəxsə rast gəlməmişəm...
- Mən kitab oxuyan ailədə doğulmuşam. Anam Mopassanın novellalarını çox oxuyub və bəyənib. Novella sözü anamın xoşuna gəlib və anadan olanda bu adı qoyub. Amma nənəm həmişə deyirdi ki, onlar nə deyirlər desinlər, qulağına “Fatimə” adını oxumuşam. Nənəm çox yaxşı arvad idi, mənə “Noğul” deyə müraciət edirdi. Deyirdim, ay nənə, Novella deyə bilmirsən, qayıdırdı ki, səni o dünyada Fatimə deyib çağıracaqlar, çünki qulağına Fatimə oxumuşam.

N.Muradova: Adınızı nəvələrinizə qoymayıblar?
- İsraildə Novella adı gedər? (gülür)

Nərgiz Ehlamqızı

Foto: Elçin MURAD

Oxumağa davam et
Reklam
Reklam

Gündəm