Od tutan qiymətlər, xoşbəxt uşaqlar, çarəsiz valideynlər: Bulvardan reportaj - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Od tutan qiymətlər, xoşbəxt uşaqlar, çarəsiz valideynlər: Bulvardan reportaj - FOTOLAR

İsti yay günləri gələr-gəlməz Dənizkənarı Milli Parka üz tutan insanların sayı artıb. Paytaxt sakinlərinin böyük əksəriyyəti dəniz kənarında dincəlməyə üstünlük verirlər. Ancaq bulvara axışan sakinlərin əksəriyyəti heç də yaradılan xidmətlərdən istifadə edə bilmir. Səbəb isə bulvarda od tutub yanan qiymətlərdir. Orta aylıq əmək haqqına nəzər salsaq, Dənizkənarı Milli Parkda dincəlmək Bakı sakini üçün əlçatmaz olur. Çünki bulvardakı qida məhsullarının, attraksionların və restoranların qiymətləri Bakının digər yerlərinə nisbətən bahadır. Və hətta bir çox iqtisadçı ekspertlərin fikrincə, Milli Park ölkənin qiymətlərə görə ən bahalı yeridir. Məsələn, Gürcüstanın Batumi şəhərinin bulvarında qiymətlər Bakı bulvarından iki dəfə aşağıdır. Türkiyənin İstanbul şəhərində isə Bakıya nisbətən 1,5 dəfə ucuzdur. Bu isə o deməkdir ki, Bakı bulvarı regionun ən bahalı bulvarıdır.

Kasıb uşaqların attraksion həsrəti

Qiymətləri bilmək üçün Publika.az olaraq biz də Dənizkənarı Milli Parka baş çəkdik. Dənizkənarı Milli Parka gələnlərin heç də hamısı dincəlməkdən həzz almır. Yəqin ki, qarşınıza çıxan uşaqların “ata, ona minmək istəyirəm” sözlərini də eşitmişiniz. Bu uşaqların valideynlərinin bəziləri “gedək, gələn dəfə mindirəcəm” deyir, bəziləri isə əsəbindən uşağa bir sillə çəkib evə aparır. Belə bir Bakı sakini bizim də qarşımıza çıxdı. Uşağının əlindən yapışan bu valideyn deyir ki, bulvara ayda bir dəfə gəlir:

“Həkim uşağı dəniz kənarına aparmağı məsləhət görüb. Ancaq hər dəfə bura gələndə cibimdəki pulu qəpiyinə kimi xərcləyirəm. Uşağa da “yox” demək olmur, axı”.

Samirə xanım deyir ki, uşağı, adətən, şəhər kənarındakı parklara aparır. Bunun başlıca səbəbi isə attraksionların və xidmətlərin bulvara nisbətən daha ucuz olmasıdır.

Land of fire, yoxsa Bakı bulvarı…

Attraksionların qiyməti 2-5 manat arasında dəyişirdi. Kənardan attraksionları izləyən sakinlərdən qiymətdən razı olub-olmadıqlarını soruşduq. Gənclərin bir çoxu bildirdi ki, qiymətlər bizə görə yüksəkdir. Bu səbəbdən, attraksionlardan hər dəfə deyil, ildə 2-3 dəfə istifadə edirlər. Orta yaşlı təbəqə isə qiymətlərin aşağı düşməsini arzulayır. Çünki parka uşaqlarla çıxanda onların ciblərində qəpik qalmır ki, evə qayıda bilsinlər.

Attraksionların təhlükəsizliyinə gəlincə isə, parkda dincələn sakinlərin əksəriyyəti onların təhlükəsiz olduğunu düşünür. Bunun səbəbi bulvara daim diqqətin olması və onun şəhərin mərkəzində yerləşməsidir. Bir neçə sakin isə təhlükənin hər zaman olduğunu bildirir, yəni kişinin başına iş bir dəfə gələr…

Restoranlarda və çayxanalarda isə qiymət adi yerlərdən kəskin fərqlənir. Məsələn, qarşımıza çıxan sakinlərdən biri deyir ki, bir çaynik çaya 5 manat pul verməkdənsə, 30 qəpik verib qazlı su içmək daha yaxşıdır. Sakinlərin əksəriyyəti iddia edir ki, çayı tək vermirlər, yanında mütləq ya şokalad plitkası, ya da mürəbbə olmalıdır. Nəticədə, 10 manata qədər xərc çıxır.

Aztəminatlı ailələrin bulvar “kef”i

Dənizkənarı milli parkda qiymətlərin süni şəkildə şişirdilməsi aztəminatlı vətəndaşların bir çox xidmətlərdən yararlanmasından məhrum edir. Çünki ünvanlı sosial yardım alan ailə bulvarda dincəlmək üçün yardım məbləğinin 40-50 faizini xərcləməlidir. Ancaq ekspertlər düşünür ki, aztəminatlı ailələr üçün bulvarda istifadəyə verilən xidmətlər güzəştli olmalıdır. Bu güzəştlər təkcə aztəminatlı ailələrə deyil, tələbələrə və əlil ailələrə də aid edilməlidir. Nəzərə alsaq ki, bir uşağın 5 müxtəlif əyləncə xidmətindən istifadə xərci minimum əməkhaqqının 16 faizini təşkil edir, onda aztəminatlı və çoxuşaqlı ailələrin bu xidmətlərdən istifadə ehtimalı sıfıra enir. Daha bir müqayisə aparaq: 2 uşaqlı ailə hər həftəsonu deyil, ayda 2 dəfə bulvar xidmətlərindən istifadə edərsə, onların təqribi xərcləri 40 manat təşkil edəcək. Bu isə minimum əməkhaqqının 38, orta aylıq əməkhaqqının isə 10 faizi deməkdir. Ekspertlər düşünür ki, bulvar ölkənin əsas milli parkı olduğundan buradakı xidmətlər bütün vətəndaşlara əlçatan olmalıdır. Çünki bulvara gələnlərin əksəriyyəti Azərbaycanın müxtəlif bölgələrindən gələn vətəndaşlardır.

“Bulvar heç də ən bahalı yer deyil…”

İdarənin rəis müavini Nazim Məcidov bulvarı heç də ən bahalı yer hesab etmir. Nazim bəy bildirdi ki, respublikanın elə yerləri var ki, həmçinin Bakı şəhərində Dənizkənarı Milli Parkdan da baha qiymətə qida məhsulları satır:

“Bulvardakı qiymətlər topdansatış mağazalarına nisbətən xeyli yüksəkdir, adi mağazalardan isə bir neçə qəpik baha ola bilər. Bu da normal haldır, çünki dünyanın hər bir istirahət parklarında digər yerlərə nisbətən qiymətlər yüksək olur. Buna səbəb isə iş şəraitinin çətinliyidir. Təsəvvür edin ki, bulvar ərazisində fəaliyyət göstərən satıcılar qarda, günün altında, yağışda işləyir. Bulvarda istirahət edən sakinlərin bir çoxu qiymətdən razıdır, bir qismi isə narazıdır. Narazı olan insanlara tövsiyə olunur ki, bulvardakı qiymət onları qane etmirsə, həmin insanlar bulvardan kənarda alsınlar.”

“Attraksionlar hər gün yoxlanılır”

N. Məcidovun sözlərinə görə, attraksionların təhlükəsizliyi sahibkarların təyin etdiyi işçi tərəfindən, həm də Dənizkənarı Milli Parkın mühəndisi tərəfindən hər gün yoxlanılır:

“Dənizkənarı Bulvar İdarəsinin birinci meyarı məhz təhlükəsizlikdir. Bundan başqa, hər üç aydan bir Fövqəladə Hallar Nazirliyinin nümayəndələri təhlükəsizlik baxımından müşahidə aparır və şəhadətnamə təqdim edir. Həmin şəhadətnamələr attraksionların kassalarına yapışdırılıb ki, hamı rahatlıqla istifadə edə bilsin.”

Bulvar İdarəsi saqqızla mübarizə aparır

Nazim Məcidovun sözlərinə görə, Dənizkənarı Bulvar İdarəsi təmizlik, abadlıq və yenidənqurma işlərində yeni bir addım atıb:

“Artıq uzun müddətdir ki, tum və saqqızın Dənizkənarı Milli Parkda satışına qadağa qoyulsa da, problemi kökündən həll etmək mümkün olmur. Ancaq tum və saqqız satışının qadağasının ardından 50 faiz bu cür zibil azalıb. Problemin tam aradan qaldırılmamasının səbəbi isə, parkda dincələn sakinlərin kənardan tum və saqqız alıb istifadə etmələridir. Təbii ki, insanlar kənardan alıb gətirirsə, onlara heç kim mane ola bilməz. Saqqızdan istifadə edən sakinlər, xüsusən də gənclər yerə döşənmiş daşların və mərmərlərin üzərinə saqqızı atırlar. Nəticədə park görkəmini itirir, həm də insanlar əziyyət çəkir. Yeganə çıxış yolu olaraq, kommunal xidmətləri idarəsindən 5 işçini ayırdıq, onlar üçün xüsusi alətlər sifariş verdik ki, yerə yapışan saqqızları təmizləsinlər. Problemin həlli birmənalı olaraq, bulvarda istirahət edən insanların mədəniyyət səviyyəsindən asılıdır. İşçi qrupu əziyyət çəkib günün altında, yağışda saqqız qaşıyır, yer süpürür. Sakinlər onların əziyyətini dərk etsələr, onda bu problem kökündən həll olunar.

Bulvarda sakinləri yeniliklər gözləyir

Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirir ki, Dənizkənarı Milli Parkda sakinlərin istirahəti və parkın təmizliyi üçün yeniliklər tətbiq ediləcək. Belə ki, obyektlərdə satılan məmulatları, xüsusilə də pop-korn, dönər və tez hazır olan qidaları salafan paketlərdə deyil, kağız paketlərdə istifadəyə veriləcək. Səbəb isə, külək zamanı həmin salafan paketlər parkda istirahət edənləri narahat edir və həmçinin salafan paketlər ağacların budaqlarına ilişib qaldığından parkın görkəminə təsir edir.

Nazim bəyin sözlərinə görə, hazırda Dənizkənarı Milli Parkın “Ağ şəhər”dən Bibiheybətə qədər uzanması üçün işlər aparılır:

“Təbii ki, bulvarın uzanan yerlərində yeni və müasir attraksionlar nəzərdə tutulub. Ancaq onların nə zaman quraşdırılacağı hələlik məlum deyil”.

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm