Macarıstan heyəti Quba məzarlığında gördüklərindən dəhşətə gəlib - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Macarıstan heyəti Quba məzarlığında gördüklərindən dəhşətə gəlib - FOTOLAR

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı, Beynəlxalq Avrasiya Mətbuat Fondu, ATXƏM-in və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə Azərbaycana gələn macar qonaqlar Quba Soyqırım Memorial kompleksini ziyarət ediblər.

Burada onlara erməni silahlı dəstələri və erməni terror təşkilatlarının XX yüzilin əvvəllərində Azərbaycanın müxtəlif bölgələrində törətdiyi dəhşətli olaylar, soyqırım aktları barədə geniş bilgi verilib və 1918-ci ilin mart ayındakı soyqırım zamanı 10 minlərlə dinc azərbaycanlının qətlə yetirildiyini bildirib.

Macarlara Bakı, Quba və Şamaxıda erməni silahlı dəstələrinin törətdiyi soyqırım aktlarını özündə əks etdirən “Azərbaycan həqiqətləri” filmlər kataloqunu hədiyyə edən millət vəkili, etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva dinindən, milli mənsubiyyətindən asılı olmayaraq insanlığın yanıda olan hər kəsin bu faciələrə duyarsız qalmamasının vacibliyini bildirib və Azərbaycan həqiqətlərinin Macarıstanda, ümumən Avropada doğru-düzgün şəkildə yayılmasında qeyri-hökumət təşkilatlarının, ziyalıların, jurnalistlərin, sənətçilərin rolunun özəl yeri olduğunu deyib.

Quba rayonunda Quba Soyqırım Memorial kompleksini ziyarət edən macarlar gördükləri mənzərədən, mülkü insanlara qarşı törədilmiş bu dəhşətli faciədən böyük üzüntü duyduqlarını deyiblər. Onlara Quba Soyqırımı məzarlığı, memorial kompleks haqqında, 1918-ci il martın sonunda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar, soyqırım və onun acı nəticələri barədə millət vəkili Qənirə Paşayeva geniş bilgi verib:

“Günahsız insanların, özəlliklə körpələrin, qadınların, yaşlı insanların işgəncələrlə öldürülməsini, məsələn, insanların başlarına mismar çalınaraq yaxud küt alətlərlə qətlə yetirildiyini, qətliam qurbanlarının toplu halda su quyusuna doldurularaq üstlərinin qapadıldığını düşünmək belə ağırdır..! Quba Soyqırımı Məzarlığı ermənilərin Azərbaycan xalqına tək XX yüzilin sonlarında deyil, həm də əvvəllərində soyqırım törətdiyini bir daha sübut edir.”

Quba Soyqırımı məzarlığının necə aşkar olunması, Quba Soyqırımı Muzeyinin qurulması, muzey barədə muzeyin rəsmiləri qonaqlara geniş məlumat veriblər və onların muzey ilə ətraflı tanış ediblər. Muzeylə yaxından tanış olan Macarıstan nümayəndə heyəti dinc insanlara qarşı törədilmiş soyqırıma görə böyük üzüntü duyduqlarını bildiriblər və bu həqiqətlərin həm Macarıstanda, həm də Avropada daha geniş yayılmasında əllərindən gələn dəstəyi göstərəcəklərini deyiblər.

Nümayəndə heyəti adından muzeyin xatirə dəftərinə fikirlərini yazan Macar Turan Vəqfinin rəhbəri Andras Biro xatirə dəftərinə macar xalqı adından bu faciədən böyük üzüntü duyduqlarını, bir daha belə hadisələrin yaşanmamasını dilədiklərini və qardaş Azərbaycan xalqının yanında olduqlarını qeyd edib. Macar Turan Vəqfinin üzvlərinə Quba Soyqırımı da daxil olmaqla, Azərbaycan həqiqətlərini özündə əks etdirən kitablar və materiallarda hədiyyə olunub.

Qonaqlar Quba şəhərinə səfər çərçivəsində rayonda həyata keçirilən tikinti-quruculuq işləri ilə geniş tanış olublar. Qubanın tarixi yerlərini, abidələrini, yeni yaradılmış gənclər mərkəzini ziyarət edib, rayon nümayəndələri ilə görüşüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm