• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Yol polisinin qanunsuz hərəkətləri ilə bağlı bu nömrələrə zəng edin!

Yol polisinin qanunsuz hərəkətləri ilə bağlı bu nömrələrə zəng edin!

Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib.

Publika.az-ın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, insan hüquq və azadlıqlarının qorunması, korrupsiyaya qarşı mübarizə sahəsində respublikanın daxili işlər orqanları tərəfindən müvafiq dövlət proqramları əsasında həyata keçirilən sistemli tədbirlər hər bir şəxsin konstitusion hüquqlarının və qanuni mənafelərinin müdafiəsi işinin səmərəsini daha da artırmışdır.

Müraciətlərin, eyni zamanda, elektron qaydada qəbulu, effektiv araşdırılması mexanizminin müəyyən edilməsi, birbaşa və səyyar qəbulların təşkili vətəndaş məmnunluğunun təmin edilməsində müsbət nəticələri şərtləndirmişdir.

Təkcə 2013-cü ildə Nazirliyin “102” Xidməti - Zəng Mərkəzi sisteminə 216 minə yaxın, o cümlədən 13 mindən çox cinayət xarakterli məlumat daxil olmuş, bu əsasda 300-dək ağır və xüsusilə ağır cinayət “isti izlərlə” açılmış, minlərlə şəxsə hüquqi yardım göstərilmiş, zəruri izahlar verilmişdir. Həmçinin, polis əməkdaşları tərəfindən qanunçuluğun pozulması, vəzifə səlahiyyətlərinin lazımi qaydada icra edilməməsi barədə bütün şikayətlər operativ və obyektiv araşdırılmış, adekvat intizam tədbirləri görülmüşdür.

Diqqətinizə çatdırırıq ki, müvafiq sahədə fəaliyyətin davamı olaraq Baş Dövlət Yol Polisi İdarəsində də şikayətlərin qəbulunu həyata keçirən “Qaynar xətt” xidməti yaradılmışdır. Bununla əlaqədar həmin qurumun əməkdaşlarının qanunsuz hərəkətləri barədə “102” xidməti ilə yanaşı “902” telefon nömrəsinə də məlumat verə bilərsiniz.

Hər bir müraciət üzrə dərhal və qısa müddətdə qanunauyğun tədbirlərin görülməsi, qarşılaşdığınız və ya şahidi olduğunuz neqativ halların hərtərəfli və obyektiv araşdırılması təmin ediləcəkdir.
Qanunçuluğun qorunması işinə verəcəyiniz töhfələrə görə əvvəlcədən təşəkkür edirik.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR