Avtobuslarda kondisionerlər quraşdırılacaqmı?
Bizi izləyin

Qırmızı.az

Avtobuslarda kondisionerlər quraşdırılacaqmı?

Şəhərdaxili avtobuslarda kondisionerin qoyulması gündəmdə deyil.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov jurnalistlərə bildirib ki, dünyanın əksər ölkələrində dayanacaqlar arasındakı məsafə 300-500 metr olduğuna görə, avtobuslarda kondisionerin qoyulması nəzərdə tutulmur.

“Çünki hər üç dəqiqədən bir qapılar açılır və kondisioner avtobusu soyuda bilmir. Kondisioner bölgələrə gedən avtobuslara qoyulur, çünki məsafə uzaqdır və qapılar gec açılır”.

Nazirlik sözçüsü avtobusların dayanacaqlarda vaxtında olmaması, onların gecikməsi probleminə də toxunub.

Onun sözlərinə görə, vətəndaşlarımız avtobusları metro kimi görürlər. İki dəqiqdən bir avtobus gələ bilməz.

“Şəxsən mən dünyanın inkişaf etmiş ölkələrində 45 dəqiqədən çox avtobus gözləmişəm. Avtobusların monitordakı vaxtda gəlməməsinin səbəbi tikinti-quruculuq işləri ilə bağlıdır. Əhali çoxdur və metrodan başqa alternativ daşıma yoxdur, hər kəs də taksidən istifadə edə bilmir. Bir şeylə razıyam ki, avtobuslar arasındakı interval bəzən 30-40 dəqiqə olur. Buna səbəb isə, sahibkarların maddi imkanlarının kifayət qədər olmamasıdır. Çünki həmin xətlərdə marşrut azlıq təşkil edir və sahibkar isə yeni avtobusları almağa imkanı çatmır. Nazirlik avtobus alıb xəttə salmır”,– o deyib.

N. Həsənov deyib ki, paytaxtda 664 dayanacaq quraşdırılıb. Bunlar hamısı Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin nəzarətindədir. Bəzi yerlərdə tikinti işləri aparıldığından monitora qoşulan kabellərin mərkəzlə əlaqəsi olmur. Onun sözlərinə görə, 30-40 monitorda belə hallar var.

“Bu, o demək deyil ki, monitorlar işləmir. İkinci mərhələdə Abşeron rayonuna doğru bu dayanacaqlar genişləndiriləcək. Üçüncü mərhələdə isə dayanacaqlar Bakıdan kənarda magistral yollarda qurulacaq. Bunlar hamısı gələcək üçün nəzərdə tutulan planlardır”.

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm