Nazirlik əlillər və şəhid ailələri üçün mənzil alır
Bizi izləyin

Qırmızı.az

Nazirlik əlillər və şəhid ailələri üçün mənzil alır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı şəhəri və ətraf qəsəbələrdə yeni mənzillərin satınalınması ilə əlaqədar açıq tender keçirir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ildə ƏƏSMN-ə ayırdığı investisiya bölgüsünə uyğun olaraq keçirilən tender bu məqsədlə ümumilikdə təxminən 6250 m² sahəni əhatə edəcək mənzillərin alınmasını nəzərdə tutur.

Tenderin şərtlərinə görə, əlilliyi olan şəxslərə veriləcək mənzillərin daxili sahəsinin bölgüsü və təmiri onların fiziki vəziyyətinə və şəxsi tələbinə uyğun aparılmalıdır. Əlil arabasında olan əlillər üçün mənzillərin ümumi otaqları layihələndirilərkən əlil arabasının hərəkəti, habelə 180 dərəcə dönməsinin mümkünlüyü nəzərə alınmalı, mənzildaxili dəhlizin eni 1,15 sm-dən az olmamalıdır. Tualet və vanna otaqlarının planlaşdırılması, onlarda avadanlığın yerləşdirilməsi əlilin fiziki vəziyyətinə uyğun aparılmalı, tualet və vanna otağının qapıları dəhlizə açılmalıdır.

Eyni zamanda, tender əlilliyi olan şəxslərə veriləcək mənzillərin olduğu binalara aid ərazidə əlil arabasının maneəsiz və rahat gediş-gəlişini təmin edən şəraitin, eləcə də binaya, liftə və mənzilə girişin bir səviyyədə olmasını tələb edir. Digər tələblər sırasında binanın giriş mailliyinin 5 dərəcədən çox olmayan pandusla təmin edilməsi, pandusların əvvəli və sonunda 150 sm eninə üfüqi sahə verilməsi, pandusun hər iki tərəfindən 8 sm-dən az olmayan və hündürlüyü 70 və 90 sm olan bir cüt tutacağın quraşdırılması əksini tapır. Bununla yanaşı, binadan və ümumi dəhlizdən qapılar çıxış istiqamətində açılmalı, binanın lift kabinəsinin qapı boşluğunun eni 85 sm-dən az olmamalıdır. Əlillərin rahat hərəkətini təmin etmək məqsədilə binanın yaxınlığında maneələr götürülməli, əlil arabalarının hərəkəti üçün səkilərin və piyada yollarının mailliyi 5 dərəcədən, eninə isə 1 dərəcədən artıq olmalıdır.

Ümumilikdə tələb olunan mənzillərin və əhatə etdiyi sahənin hansı hissəsinin əlilliyi olan şəxslərin istifadəsinə verilməsi yekun müqavilə imzalanmamışdan əvvəl müəyyən ediləcəkdir. Satın alınan mənzillər sifarişçinin tələbinə uyğun olaraq təmirli olmalı, mənzillərin su, qaz və elektrik təchizatı təmin edilməli və sayğaclaşdırılmalıdır.

Onu da bildirək ki, müvafiq hüquqi və fiziki şəxslərin tenderdə daha geniş tərkibdə iştirakının təmin olunması və daha keyfiyyətli işlərin aparılmasına xidmət edəcək çoxtərəfli rəqabət mühitinin yaradılması məqsədilə tenderin müddətinin uzadılması qərara alınıb. Belə ki, tender üzrə hüquqi sənədlərin təqdim olunma müddəti 2 iyul 2014-cü ilədək, tender təkliflərinin təqdim olunma müddəti isə 8 iyul 2014-cü ilədək davam edəcək. Tender təkliflərinin açılış tarixi isə 9 iyul 2014-cü il tarixədək uzadılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm