• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Azərbaycanda hamının haqqı qorunur, türklərdən başqa”

“Azərbaycanda hamının haqqı qorunur, türklərdən başqa”

Azəbaycan Dil Qurumu İctimai Birliyi Beynəlxalq Mətbuat Mərkəzində "Milli ideologiya: türkçülük və azərbaycançılıq" mövzusunda konfrans keçirir.

Axar.az xəbər verir ki, tədbiri Dil Qurumunun başqanı, millət vəkili Sabir Rüstəmxanlı açaraq, ana dilinin milli təfəkkürdə və düşüncədə oynadığı roldan danışıb:

“Bir millətin dili onun düşüncəsinin və milli varlığının təsdiqidir. Əgər dili varsa, o millətin məhv olacağından narahat olmağa dəyməz”.

Daha sonra milli ideologiyanın son 200 ildə böyük ideoloqlar tərəfindən müzakirələr və illərlə aparılan ideoloji mübarizə nəticəsində formalaşdığını söyləyən S.Rüstəmxanlı bu sırada Mirzə Fətəli Axundzadədən Əhməd bəy Ağaoğluna, Əlimərdan bəy Topçubaşiyə, Məhəmməd Əmin Rəsulzadəyə qədər böyük mütəfəkirlərin düşüncə və əmək qoyduğunu xatırladıb:

“Bəzən azərbaycançılığı türkçülüyə qarşı qoyurlar və bir ideoloji toqquşma yaratmağa cəhd göstərirlər. Azərbaycançılıq türkçülüyü və turançılığı inkar etmir”.

Azərbaycanda hər kəsin milli haqqının tanındığını bildirən millət vəkili yalnız türklərin haqqının pozulduğunu diqqətə çatdırdı: “Azərbaycanda yaşayan azsaylı xalqların hamısı öz adını deyə və milli kimliyi ilə qürur duya bilir, yalnız türklərdən başqa. Bu bizə və millətimizə qarşı böyük təhqir, milli varlığımızı və dövlətimizi sarsıtmaq cəhdidir”.

Daha sonra məruzə üçün söz filologiya elmləri doktoru Yadigar Türkelə verildi. Y.Türkel milli ideoloji konsepsiyanın millətin və xalqın taleyində oynadığı roldan və gələcəyindən bəhs etdi.

Tədbirdə alimlər Ramiz Əsgər, Qafar Çaxmaqlı, Dilavər Əzimov və s. çıxış edərək, müzakirə mövzusu barədə fikirlərini çatdırdılar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR