BDU-nun tələblərinə “Azərsu”da işləmək imkanı yaradıldı
Bizi izləyin

Qırmızı.az

BDU-nun tələblərinə “Azərsu”da işləmək imkanı yaradıldı

BDU-nun tələblərinə “Azərsu”da işləmək imkanı yaradıldı

Bu gün “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Bakı Dövlət Universiteti (BDU) arasında “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memorandum imzalanıb.

“Azərsu”ASC-nin Mətbuat xidməti şöbəsindən Publika.Az-a verilən xəbərə görə, sənəd “Azərsu” ASC-nin müvafiq ixtisaslı mütəxəssislərlə təmin olunması, işçilərin peşəkarlığının artırılması, təhsil, elm, istehsalat sahələrində qarşılıqlı maraq doğuran əməkdaşlığı nəzərdə tutur.

İmzalanma mərasimində çıxış edən BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycanda ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin milli təhsil sisteminin inkişafına verdiyi töhfələrdən danışmış, bu təhsil ocağında tədrisin keyfiyyətinin artırılması, kadr hazırlığı sahəsində qazanılan uğurlardan bəhs edib.

Ölkə rəhbərliyi tərəfindən təhsil və istehsalat müəssisələri arasında əlaqələrin genişləndirilməsinin prioritet elan edildiyini xatırladan rektor “Azərsu” ASC ilə bu sahədə əməkdaşlığı yüksək qiymətləndirib:

“Son illər əhalinin içməli su təchizatının yaxşılaşdırılması, eləcə də kanalizasiya infrastrukturlarının yenidən qurulması istiqamətində böyük işlər görülür və “Azərsu” ASC layihələrin icrasında ən son texnologiyaların tətbiqinə üstünlük verir.

Bunların nəticəsidir ki, ötən il keçirilmiş birinci Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgi və Konfransına maraq böyük olmuş və dünyanın 23 ölkəsinin alim və şirkətləri bu tədbirə qatılmışlar.

Konfransın işində universitetimizin əməkdaşları da yüksək səviyyədə təmsil olunmuşlar və Bakı Dövlət Universiteti olaraq biz də bu işlərə öz töhfəmizi vermək niyyətindəyik. Universitetimizdə “Azərsu” ASC-nin fəaliyyətinə uyğun bir sıra ixtisaslar vardır və hesab edirəm ki, bu əməkdaşlıq elmi və praktiki baxımdan hər iki tərəf üçün faydalı olacaqdır”.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində görülən işlər barədə məlumat verərək bildirmişdir ki, Bakı şəhəri və ətraf qəsəbələrdə, ölkənin şəhər və rayon mərkəzlərində, 38 şəhər və rayon mərkəzi, həmçinin 350-ə yaxın kənddə layihələr icra olunur:

“Bu layihələrin icrası nəticəsində cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Azərbaycan vətəndaşları dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaqlar.

Bu işlərin keyfiyyətlə yerinə yetirilməsi üçün ixtisaslı kadrlara böyük ehtiyac vardır. “Azərsu” ASC yüksək ixtisaslı kadrların hazırlanmasında Bakı Dövlət Universitetinin imkanlarından maksimum istifadə etmək niyyətindədir.

Hesab edirəm ki, “Azərsu” ASC üçün yüksək ixtisaslı kadrların hazırlanmasında universitetin imkanlarından yararlanmaq bizim üçün çox faydalı olacaqdır. Gələcəkdə universitetin professor və müəllimlərinin köməyi ilə bizim mütəxəssislər üçün treninq, seminar və təlim kurslarının təşkili də planlaşdırılır. Ümid edirəm ki, bu əməkdaşlıq qısa müddətdə öz bəhrəsini verəcəkdir”.

“Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memoranduma əsasən universitetin hidrologiya, geologiya, ekologiya, biologiya, kimya və digər ixtisasları üzrə təhsil alan tələbə və magistrlər “Azərsu” ASC-nin idarə və müəssisələrində təcrübə keçməklə “Yay məktəbi” proqramına cəlb olunacaqlar.

Proqram müddətində təcrübə keçən tələbələr müvəqqəti işlə təmin ediləcəklər. Universiteti müvəffəqiyyətlə başa vuran və təcrübi biliklərə malik məzunlar Səhmdar Cəmiyyətin tələbatına uyğun olaraq müxtəlif idarə və təşkilatlarında işə qəbul ediləcəklər.

Daha sonra “Azərsu” ASC ilə Bakı Dövlət Universiteti arasında “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memorandumun imzalanması mərasimi keçirilmişdir.

Sənədi “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov imzalayıblar.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov “Universitetin dostu” mükafatına layiq görülüb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm