• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Milli Qurtuluş Günü Azərbaycanın inkişafının və yüksəlişinin əsas istinad nöqtəsidir

Milli Qurtuluş Günü Azərbaycanın inkişafının və yüksəlişinin əsas istinad nöqtəsidir

Vüqar Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin Baş redaktoru, Əməkdar jurnalist

Azərbaycanın tarixinə qızıl hərflərlə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun 1993-cü ildən bizi 21 illik zaman ayırır. İllər biri-birini əvəzlədikcə hadisələrin mahiyyətini, onun bu günümüz və gələcəyimiz üçün əhəmiyyətini daha dərindən dərk edirik. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir, ona hörmətlə, ehtiramla yanaşmalıyıq. Bu mənada, 23 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın həyatında həmin zamanın əhəmiyyətini qısa təhlil əsasında bir daha nəzərdən keçirmək zərurəti duyuruq. Çünki keçmiş siyasətimiz tariximizdir, bugünkü siyasətimiz isə gələcəyimizdir. Ona görə də gələcəyə keçmişimizlə irəliləyir, çıxardığımız nəticələrlə yeni hədəflər və uğurlu perspektiv naminə mübarizə aparırıq.

1993-cü il real müstəqilliyimizin ilk ilidir

Məlum olduğu kimi, 1991-ci il 18 oktyabrda Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi. Bununla Azərbaycan xalqı çoxəsrlik dövlətçilik tarixinə söykənərək milli azadlığına, dövlət müstəqilliyinə tam mənada nail oldu. Amma müstəqilliyin qorunmasının əldə edilməsinin nə qədər çətin olduğunu isə sonrakı hadisələr bir daha təsdiqlədi. Çünki cəmi 2 il ərzində bir neçə dəfə hakimiyyət dəyişikliyi yaşamış Azərbaycan dövləti daxili çəkişmələrdən, vətəndaş müharibəsi təhlükəsindən, total xaosdan, Ermənistanın işğalçılıq siyasətindən, ən nəhayət, səriştəsiz, dövlət idarəçiliyindən xəbərsiz iqtidarın özbaşınalığından pessimizmə qapılırdı. Müstəqilliyin elan olunmasından iki il keçməsinə baxmayaraq, hələ də ölkəmizdə o zamankı iqtidarlar tərəfindən siyasi-hüquqi və institusional islahatlar həyata keçirilmirdi, planlı iqtisadiyyatdan, totalitar və avtoritar siyasi sistemdən bazar münasibətlərinə, demokratik idarəçiliyə keçid üçün heç bir cəhdlər göstərilmirdi. Əksinə, vətəndaşlarla siyasi-ictimai institutlar arasında böhranlar yaradılırdı, dövlətlə xalq arasında uçurum formalaşırdı. Belə bir halda isə ölkədə separatizmin baş qaldırmasına, Azərbaycanın parçalanmasına və müstəqilliyin itirilmə təhlükəsinin yaranmasına gətirib çıxarırdı. Bu səbəbdən də, insanlar ölkənin düşdüyü ağır vəziyyətdən xilas edilməsini istəyirdi.

Əlbəttə ki, istər zor tətbiqi ilə hakimiyyəti zəbt etmiş AXC-Müsavat iqtidarı, istərsə də geniş xalq kütləsi çox yaxşı bilirdi ki, hadisələr bu cür davam edə bilməz. Ona görə də insanlar ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbi ilə ayağa qalxdı və Azərbaycanın o zamankı rəhbərləri də dahi şəxsiyyəti Bakıya dəvət etməyə məcbur oldular.

Ümummilli lider Heydər Əliyev həm Azərbaycanın daxili destabilliyinin gücləndiyi, həm də region ətrafında geosiyasi vəziyyətin mürəkkəbləşdiyi bir zamanda xalqın təkidli tələbi ilə iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Həmin vaxt isə Azərbyacanda məlum Gəncə hadisələri baş vermişdi və ayrı-ayrı siyasi qruplaşmaların məqsədləri naminə qardaş qanı axıdılırdı. Məhz ulu öndər Heydər Əliyev xalqının xilası naminə həyatını təhlükəyə ataraq Gəncəyə getdi, vəziyyətlə ətraflı tanış oldu, şəhər sakinləri ilə və hərbi qulluqçularla görüşdü. Beləliklə də, çoxsaylı təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyevin Gəncə səfəri Azərbaycanın Qurtuluşu yolunda həlledici addımı oldu. Ulu öndər Heydər Əliyev iyunun 15-də respublika Ali Sovetinin növbəti iclasında Gəncə hadisələri barədə qəti sözünü dedi və bununla da, meydanlarda Vətən və xalq adından danışan, lakin buna mənəvi haqqı olmayan AXC-Müsavat cütlüyü hakimiyyətdən getməyə məcbur oldu. Bu, xalqın tələbi idi.

2014-cü il mayın 27-də 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda dövlət başçısı İlham Əliyev bir daha diqqəti Azərbaycanın həmin dövrdə yaşadığı ağır duruma yönəldərək bildirdi ki, Azərbaycan xalqının böyük xoşbəxtliyi ondan ibarət idi ki, xalqımız həlledici anlarda düzgün seçim etdi, müdriklik göstərdi və ulu öndərə üz tutub onu hakimiyyətə dəvət etdi. Əgər Heydər Əliyev o illərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə dağıla bilərdi. Ona görə 1993-cü il əslində müstəqilliyimizin ilk ili oldu. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı.

Sabitlik inkişafın təməl daşıdır

Aydındır ki, hər bir dövlətin inkişafı və tərəqqisi onun siyasi sabitliyindən, bu faktorun üzərində qurulmuş güclü iqtisadiyyatdan asılıdır. Elə bu səbəbdən də ümummilli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycan xalqının yekdil səsi ilə prezident seçildikdən sonra müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi üçün çox əhəmiyyətli addımlar atdı. Ulu öndər Heydər Əliyev bütövlükdə, Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq məqsədilə bütün resursları səfərbər etdi və 1994-cü il mayın 12-də erməniləri və havadarlarını atəşkəs haqqında sazişi imzalamağa məcbur etdi.

Azərbaycanın inkişafı naminə Heydər Əliyevin ətrafında sıx birləşmiş xalq isə dahi şəxsiyyəti müdafiə edən sipərə çevrilirdi. Məhz formalaşmış xalq-Heydər Əliyev birliyi xarici antiazərbaycan dairələrinin dəstəyi ilə 1994 və 1995-ci illərdəki dövlət çevrilişlərinə cəhdlərin, eləcə də fiziki məhvetməni qarşısına məqsəd qoymuş terrorların genişlənməsinin qarşısını aldı. Nəhayət, ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yaradılmış komissiya tərəfindən hazırlanmış və ümumxalq səsversməsi yolu ilə 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bununla da, Azərbaycan demokratik dövlət olaraq dünyaya açıldı və Heydər Əliyev xalqımızın milli kimliyini beynəlxalq ictimaiyyətin diqqətinə təqdim etdi.

YAP cəmiyyətin ictimai-siyasi səfərbərliyini reallaşdırdı

Təkzibolunmaz faktdır ki, ölkəmizin ictimai-siyasi sabitliyinin təmin edilməsində, müasir siyasi sistemin formalaşdırılmasında və dövlət idarəçiliyinin sivil metodologiyasının ortaya qoyulmasında dahi şəxsiyyət Heydər Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının rolu müstəsna idi. Bu mənada, 1992-ci il noyabr ayının 21-də xalqın istəyi və zamanın tələbi ilə yaranan YAP-ın keçdiyi 22 illik dövr müstəqil Azərbaycanın müasir tarixi kimi də dəyərləndirilir.

O zaman Yeni Azərbaycan Partiyasının qarşısında ölkəni düşdüyü ağır durumdan, dövlət müstəqilliyini itirmək kimi təhlükədən xilas etmək, ictimai-siyasi gərginliyi, iqtisadi böhranı aradan qaldırmaq, ən əsası xalqda sabaha olan ümidini bərpa etmək missiyası dururdu. Partiyanın yaradılması ilə bağlı xalqın istəyini özündə ifadə edən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə ünvanladığı müraciətdə "indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz!.. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar" kimi fikirlərin əks olunması cəmiyyətin ictimai-siyasi baxımdan təşkilatlanmaya nə qədər ehtiyac duyduğunu ortaya qoyurdu. Ulu öndər Heydər Əliyevin ziyalıların müraciətinə cavabında isə "əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram" - deyə bəyan etməsi xalqda sabaha inam yaratdı, Azərbaycanın bugünkü reallıqları üçün bünövrə rolunu oynadı. Məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul etdi. Ona görə də YAP müxalifət partiyası kimi yaransa da, daim dövlətçiliyə, xalqa sadiq oldu. Eyni zamanda, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra iqtidar partiyasına çevrilən YAP proqram və nizamnaməsinə uyğun olaraq, qarşısına qoyduğu missiyanı uğurla yerinə yetirdi. Bu səbəbdəndir ki, Azərbaycanın uğurlarına ilbəil bələdçilik edən Yeni Azərbaycan Partiyası milyonların sevgisini qazandı, sıralarını isə kəmiyyət və keyfiyyət baxımından günbəgün daha da möhkəmləndirdi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, YAP bu gün nəinki ölkənin, hətta bölgənin aparıcı siyasi təşkilatıdır.

Hazırda Yeni Azərbaycan Partiyası sıralarında 630 mindən çox üzv birləşir. Məhz 1992-ci ildə təsis konfransını 550 nümayəndənin iştirakı ilə keçirən partiyanın ötən dövr ərzində sıralarında müşahidə olunan dinamik artım insanların Heydər Əliyev ideyalarına sədaqətinin və ölkədə həyata keçirilən siyasətin gələcəyinə inamının təsdiqidir.

Bu günün reallıqları bir daha bizləri müstəqilliyimizin ilk illərinə, Yeni Azərbaycan Partiyasının yarandığı dövrə nəzər salıb, bu faktı təsdiqləməyə sövq edir ki, əgər o vaxt Yeni Azərbaycan Partiyası yaranmasaydı, xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətin varlığından danışmaq qeyri-mümkün olardı. Elə buna görə də bu gün əminliklə deyə bilərik ki, Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxaran əsas amil ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətdir.

Möhtərəm Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının V qurultayında bəyan etdiyi kimi, "bu gün biz - ulu öndər Heydər Əliyevin siyasi varisləri, davamçıları onun ölməz xatirəsi qarşısında bir daha söz verir və and içirik ki, bu yolla gedəcəyik, bu yoldan dönməyəcəyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik!".

Siyasi sabitlik və etimad mühiti Azərbaycanı sərmayələr məkanına çevirdi

Bu fikir həqiqətdir ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqət mərkəzində olub. Müstəqilliyimizin ilk illərində ölkədə müşahidə olunan ictimai-siyasi vəziyyətin gərginliyi bu diqqət və marağa təsirsiz ötüşməyib. Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər, müasir beynəlxalq münasibətlər sisteminin aktoruna çevrilmiş transmilli şirkətlər ölkə iqtisadiyyatına qoyacaqları vəsaitlərin təhlükəsizliyinə əmin olmadıqdarı üçün müəyyən tərəddüdlər içərisində idilər. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitliyin yaranması, müharibənin qarşısının alınması bu tərəddüdlərin aradan qaldırılmasına səbəb oldu. Ümummilli lider Heydər Əliyev "Azərbaycanın qapıları bura xoş niyyətlə ayaq basan bütün iş adamlarının üzünə açıqdır" söyləməklə bir daha xarici investorları qoyacaqları sərmayələrin təhlükəsizliyinə tam əmin olmağa çağırdı. Məhz bu çağırış, eyni zamanda ölkədə mövcud olan sabitlik xarici investorların Azərbaycana olan marağına, əlaqələrin inkişafında göstərdikləri səylərə müsbət təsir etdi. Bu il 20 illiyini qeyd edəcəyimiz "Əsrin müqaviləsi"nin 1994-cü il sentyabrın 20-də imzalanması Azərbaycana olan inamı bir daha ortaya qoydu. Ölkəmizin beynəlxalq aləmdə sabitlik diyarı kimi nüfuz qazanması qısa müddətdə böyük investisiya axınına yol açdı, Azərbaycan böyük sərmayələr məkanına çevrildi. Təbii ki, bu uğur ölkə iqtisadiyyatının sürətli inkişafına və digər sahələrə öz müsbət təsirini göstərdi.

Azərbaycan dünyaya günəş kimi doğdu, yaxud yeni neft strategiyası

Neft sənayesini iqtisadiyyatın onurğa sütunu adlandıran ulu öndər Heydər Əliyevin neft amilinə verdiyi dəyər bu günümüz üçün hesablanmış addımlar sırasındadır. Heç bir ölkənin qarşılıqlı səylər, təcrübə mübadiləsi olmadan iqtisadiyyatını təkbaşına inkişaf etdirmək imkanında olmadığını bildirən ulu öndər Heydər Əliyevin rəhbərliyi altında "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinə, dünya iqtisadi sisteminə inteqrasiyasına yol açdı, ölkəmizin gələcəyinə olan inam daha da artdı. 2014-cü il iyunun 3-də keçirilmiş XXI Beynəlxalq Xəzər Neft, Qaz, Neftayırma və Neft Kimyası sərgi-konfransının açılışında möhtərəm Prezident İlham Əliyev bu reallığı diqqətə çatdırdı ki, son 20 il ərzində Azərbaycan neft-qaz sənayesinin inkişafı üçün və dünya enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə diqqət mərkəzindədir: "1994-cü ildə ilk sərgi keçirilmişdir və ondan bir neçə ay sonra bizim bugünkü uğurlu inkişafımızı böyük dərəcədə müəyyən edən "Əsrin kontraktı" imzalanmışdır. Bu, tarixi hadisə idi. Çünki bu gün təsəvvür etmək çətindir ki, əgər "Əsrin kontraktı" imzalanmasaydı, - Azərbaycanın pulu yox idi, iqtisadiyyat dağılmış vəziyyətdə idi, sənaye inkişafından söhbət gedə bilməzdi, - bizim müstəqil dövlət kimi inkişaf yolumuz yalnız xarici sərmayələrin cəlb edilməsindən asılı olaraq qalacaqdı".

Beləliklə, Azərbaycanın neft-qaz sənayesinə qoyulan sərmayə, yaradılmış əlverişli investisiya iqlimi, xarici investorların sərmayələrinin qorunması, güclü siyasi iradə və qurulan möhkəm beynəlxalq əməkdaşlıq bugünkü reallıqları mümkün etdi.

Neft təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur

Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycanın əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanılmasını təmin edir. Bu mənada, Fond ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu neft stregiyasının ayrılmaz hissəsidir.

Qurumun yaradılması fəlsəfəsinin əsas qayəsini neft sərvətlərinin nəsillər arasında ədalətli bölünməsinin təmin edilməsi təşkil edir. Məhz bu prinsipin yüksək səviyyədə qorunmasının nəticəsidir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılır.

Əlbəttə, dünyada neftlə zəngin çox ölkələr var. Amma bu resurslar onlara bəzən heç də uğur gətirmir. Həmin ölkələrdə bir qrup həddindən artıq varlanır, digər sosial təbəqələrdə isə rifah halı yüksəlmir. Beləliklə də, uçurum və bərabərsizlik sosial partlayışlara gətirib çıxarır. Elə ümummilli lider Heydər Əliyevin Azərbaycanın neft strategiyasını və iqtisadi inkişaf konsepsiyasını müəyyənləşdirərkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən istifadə etməsi Azərbaycanın bu kimi problemlərdən yan keçməsinə səbəb oldu. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ulu öndər Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasətin əsas xəttini təşkil etdi. Daim xalqına güvənən, xalqına arxalanan ümummilli lider Heydər Əliyev iqtisadi islahatların əsasında vətəndaş amilini saxlamaqla, sosial problemləri aradan qaldırdı və bu siyasət hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilməkdədir.

Demokratiya Azərbaycan xalqının həyat tərzidir

Azərbaycanda demokratik təsisatlar da məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradıldı, möhkəmləndirildi. Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir: "Azərbaycan demokratiya yolu ilə gedir və gedəcək. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz".

Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən amillərin ölkəmizdə bərqərar olması istiqamətində atılan bir-birindən əhəmiyyətli addımlar dövlətimizin bu məqsədin gerçəkləşməsində maraqlı olduğunu təsdiqlədi. Ölkədə söz, ifadə, mətbuat azadlığının təmin olunması, insan hüquqlarının qorunması, çoxpartiyalı sistemin yaradılması, plüralizmin təmin edilməsi, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi təmin edilməklə bir daha təsdiqləndi ki, demokratiya prinsiplərinə sadiqlik sözdə deyil, əməldədir.

Milli Konstitusiyamızın qəbulundan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi prosesi geniş vüsət aldı. Konstitusiyamızın bütün maddələrində insan amilinə diqqət, dövlətçiliyin möhkəmləndirilməsi üçün vətəndaşların üzərinə düşən öhdəliklər tam aydınlığı ilə müəyyənləşdirildi. Ulu öndər Heydər Əliyev bildirirdi ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.

İmzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanında, "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nda insan hüquqlarının qorunması, beynəlxalq standartlara tam uyğunlaşdırılması üçün çox mühüm icra mexanizmləri nəzərdə tutulurdu. Bu sahədə müəyyən təcrübə toplamış beynəlxalq təşkilatlarla əməkdaşlıq, ölkədə hüquqi bazanın təkmilləşdirilməsi, kadr hazırlığına diqqətin artırılması, müxtəlif konvensiyalara, sazişlərə qoşulma müsbət nəticəsini göstərdi. İlk dəfə olaraq, Azərbaycanda ölüm hökmünün ləğv olunması, amnistiya aktları və əfv fərmanları ilə azadlıqdan məhrum edilmiş minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması insan amilinə diqqətin nümunəsi kimi dəstəkləndi. Atılan addımlar bu reallığı təsdiqlədi ki, insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin prioritetidir.

Azad mətbuatın inkişafı istiqamətində atılan addımlar da davamlılığı ilə diqqət çəkdi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Konstitusiyanın 50-ci maddəsindən irəli gələrək, senzuranın ləğvi sözün həqiqi mənasında azad, müstəqil mətbuatın formalaşmasında həlledici rol oynadı. 1998-ci ilin 6 avqustunda "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərmanın imzalanması ilə ölkə mətbuatının inkişafında yeni bir mərhələnin başlanğıcı qoyuldu.

Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist təşkilatlarının fəaliyyət göstərməsi azad mətbuatın mövcudluğunu təsdiq edən amillərdir. Ulu öndər Heydər Əliyevin azad mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının davamlılığının nəticəsi idi ki, O, 2002-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.

Ölkədə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində də mühüm addımlar atıldı. Siyasi kampaniyalarda vətəndaşlara sərbəst seçim hüququnun verilməsi, şəffaf seçkilərin təşkili, obyektivliyin təminatı demokratik dəyərlərə sadiqlik kimi dəyərləndirilir. 2003-cü ilin mayında Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, eyni zamanda Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlığı nəticəsində qəbul olunan Seçki Məcəlləsi ölkədə seçkilərin demokratik və beynəlxalq standartlara uyğun keçirilməsini təmin etdi.

Qeyd edək ki, Azərbaycanın 2001-ci ilin yanvarında dünyanın nüfuzlu təşkilatlarından olan Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul olunması demokratik dəyərlərə sadiqliyinin bariz nümünəsi oldu. Ötən dövr ərzində qurumla Azərbaycan arasında əlaqələrin yüksələn xətt üzrə inkişafı, qəbul edilən qərar və qətnamələrdə demokratik təsisatların inkişafına xidmət edən addımların təqdir olunması bir daha onu təsdiqləyir ki, dövlətimiz demokratik dəyərləri bu gününün, sabahının əsası kimi dəyərləndirir. Çünki demokratiya Azərbaycan xalqının həyat tərzidir.

Müstəqil xarici siyasət başlıca şərtdir

Bu bir tarixi həqiqətdir ki, Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətdə olmuş iqtidarlar reallığı nəzərə alan müvafiq xarici siyasət kursu işləyə bilmədilər. 1991-1992-ci illərdə Azərbaycanın o vaxtkı rəhbərliyi nəinki prioritet vəzifələri müəyyənləşdirib həyata keçirmədi, əksinə, həm daxildə, həm də xaricdə çox ziyanlı siyasət yeridərək ölkəni çətin duruma saldı. Müxtəlif məsuliyyətsiz bəyanatlarla Azərbaycanı həm daxildə, öz vətəndaşları arasında, həm regionda, həm də xarici aləmdə çox böyük problemlərlə üzbəüz qoydu. Xarici siyasət sahəsində yaşanan problemlərin daxildə baş alıb gedən özbaşınalıq, siyasi böhran, vətəndaş qarşıdurması ilə müşahidə olunması, erməni işğalçılarının bir-birinin ardınca Azərbaycan torpaqlarını işğal etməsi və bunun qarşısını almaq üçün mövcud hakimiyyətin ciddi bir iş görə bilməməsi və s. kimi məsələlər dövlətçiliyimiz üçün faciəli anlar yaşatdı. Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətinin və beynəlxalq münasibətlər sistemində təmsilçiliyinin strateji və cari vəzifələri, beynəlxalq aləmlə əlaqələrin konturları, prioritetləri müəyyən edildi. Xalqın təkidli tələbi ilə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakı və özünəməxsus mövqelər qazanması üçün lazımi tədbirlər görüldü, ölkənin xarici aləm üçün kəsb etdiyi maraq dairəsi, geosiyasi və geoiqtisadi əhəmiyyəti düzgün dəyərləndirildi, beynəlxalq aləmin Cənubi Qafqazda, Xəzər regionunda və Azərbaycanda təmsil olunan, üst-üstə düşən, kəsişən maraq dairələri müəyyənləşdirildi. Beləliklə də, bütün prioritetlər nəzərə alınaraq, banisi ümummilli lider Heydər Əliyev olan balanslaşdırılmış xarici siyasət strategiyası reallaşdırılmağa başlandı.

Ümummilli liderin hər bir xarici ölkəyə səfəri zamanı daim diqqəti Azərbaycan həqiqətlərinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinə yönəltdi. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan reallıqlarının təbliğində diasporun rolunu da önə çəkərək, diaspor quruculuğu istiqamətində mühüm addımlar atdı. Ayrı-ayrı ölkələrdə Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına nail olduqdan sonra onların vahid mərkəzdən idarə edilməsinin gərəkliyi önə çəkildi. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Bu addım diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Dünya azərbaycanlılarının vahid mərkəzdən idarə olunmasının yüksək səviyyədə həyata keçirilməsi üçün ulu öndər Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Qeyd edək ki, möhtərəm Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm cənab İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ilin martında Dünya Azərbaycanlılarının II qurultayı, 2011-ci ilin iyulunda isə Dünya Azərbaycanlılarının III qurultayı keçirildi. Qurultayda da bu məqam xüsusi vurğulandı ki, bu gün Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilib, dünya miqyaslı layihələr gerçəkləşdirir, dünyanın inkişaf etmiş ölkələri Azərbaycanı tərəfdaş və müttəfiq kimi görür. Azərbaycanın etibarlı tərəfdaş kimi özünü təsdiq etməsi dövlətimizin yeritdiyi müstəqil xarici siyasətlə sıx bağlıdır. Azərbaycan dövləti bu imkanlardan istifadə edərək, dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlılara daha böyük qayğı ilə yanaşır, onların birliyinin möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərir. Bunun nəticəsidir ki, bu gün artıq Azərbaycan diasporunun yaxşı təşkilatlandığı, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi proseslərinə təsir göstərə bilmək imkanlarının əhəmiyyətli dərəcədə artması sayəsində onların Azərbaycanın milli maraqlarını müdafiə etmək iqtidarında olduqları inamla söylənilir.

Ən böyük problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində diplomatik mübarizədə qələbənin rolu inkaredilməzdir. Dövlət başçısı bildirir ki, bizim diplomatiyamız özünümüdafiə xarakteri daşımamalı, hücum diplomatiyası olmalıdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin tezliklə həlli Azərbaycan dövləti ilə yanaşı bütün həmvətənlərimizin də qarşısında mühüm vəzifə kimi durur. Buna görə də ürəyi Vətən sevgisi ilə döyünən dünya azərbaycanlıları bu istiqamətdə öz səylərini gücləndirməli, problemin mahiyyətini xarici ölkələrin hökumət və ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırmaq üçün daha məqsədyönlü fəaliyyət göstərməlidirlər. Diaspor təşkilatlarımız dünyadakı proseslərin nəbzini tutaraq öz çevikliyini artırmalı, digər xalqların diaspor mərkəzləri ilə səmərəli əməkdaşlığın yeni formalarını tapmalı, ölkəmiz əleyhinə yönəlmiş təxribatlara qarşı operativ və adekvat addımlar atmalıdırlar.

"Bu gün güclənən Azərbaycan bizim qürur mənbəyimizdir" - deyərək bildirən Prezident İlham Əliyev bu əminliyi də ifadə edir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altındakı bütün bölgələri azad olunacaq və soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Azərbaycanın diplomatik mübarizədə qələbəsi, artan iqtisadi imkanları, beynəlxalq standartlara cavab verən güclü ordusu, xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının həmrəyliyi bu əminliyi şərtləndirən əsas amillərdir.

1993-2003-cü illər sabitlik, inkişaf və tərəqqi dövrü kimi yadda qaldı

Bir sözlə, aparılmış qısa təhlil tariximizin 1993-2003-cü illərinin aydın mənzərəsini yaratdı və 2014-cü ilin may ayının 27-də 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Prezident İlham Əliyevin böyük inamla və qətiyyətlə söylədiyi bu fikirlər dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinə, Qurtuluş məfkurəsinin ölkəmizə qazandırdığı uğurlara bir daha işıq saldı: "1993-2003-cü illər tarixdə sabitlik, inkişaf illəri kimi qalacaqdır. Azərbaycanın müstəqil ölkə kimi yaşamasını təmin edən bir dövr kimi tarixdə qalacaqdır. Biz bu gün öz fəaliyyətimizi o illərdə müəyyən edilmiş strategiya çərçivəsində aparırıq, Azərbaycanı inkişaf etdiririk".

Yola davam...

"Son on ilin təcrübəsi sürətli inkişaf tarixidir. Bu da tarixdə qalacaqdır. Çünki on il ərzində iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmamışdır. Bütün statistik göstəricilər bunu təsdiqləyir. Bizim gündəlik həyatımız da bunun əyani sübutudur" - deyərək bildirən möhtərəm Prezident İlham Əliyev qətiyyətlə söyləyir ki, son on ildə çalışmışam ki, ulu öndərin siyasətinə layiq olum: "Çalışmışam ki, onun siyasi xəttini sizinlə bərabər, Azərbaycan xalqının dəstəyi ilə yaşadım. Qürur hissi ilə deyə bilərəm ki, bugünkü Azərbaycan ulu öndərin görmək istədiyi kimi inkişaf edir, onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilibdir".

Ölkənin hərtərəfli inkişafında iqtisadi amilin rolu son on ildə də həyata keçirilən siyasətin ana xəttini təşkil edib. Enerji sahəsində qazanılan davamlı uğurlar bir daha bu reallığın təsdiqidir ki, uğurlu başlanğıc növbəti uğurlar üçün möhkəm bazadır. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə əsası qoyulan enerji strategiyasının uğurları davam edir. Enerji bazarında önəmli rolu, təşəbbüskarlığı ilə fərqlənən Azərbaycanda neft strategiyasının icrası sahəsində görülən işlər, yaranan bu imkanlardan səmərəli istifadə nəticəsində respublikamızın adı dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında çəkilir. "Biz haqlı olaraq neft strategiyamızla fəxr edirik" - deyərək söyləyən Prezident İlham Əliyev energetika sahəsində əməkdaşlığı regionda sabitlik üçün başlıca amil hesab etməklə enerji təhlükəsizliyində ölkəmizin əsas fiqurlardan biri olduğunu davam etdirdiyi siyasəti ilə bir daha təsdiqlədi. Avropanın enerji təhlükəsizliyinin təminatında qədim odlar yurdunun xüsusi əhəmiyyəti barədə dövlət başçılarının, siyasətçilərin, xarici mütəxəssislərin söylədikləri xoş sözlər də bu qənaət üçün əsas yaradır. Bu bir həqiqətdir ki, dünyanın enerji və yanacaq satışı bazarında böyük nüfuza malik, qitə dövlətləri üçün sabit və mühüm enerji mənbəyi olan Azərbaycanın maliyyə imkanları artmaqdadır.

"Hədəfimiz bundan sonra da irəli getməkdir" - deyərək bildirən Prezident İlham Əliyev TANAP, TAP kimi layihələri xalqlar arasında əməkdaşlığın möhkəmlənməsi, bölgədə sabitliyin təminatı baxımından daha əhəmiyyətli hesab edir: "Bu gün gözəl bir əməkdaşlıq mühiti vardır və bu əməkdaşlıq mühitinin coğrafiyası getdikcə genişlənir. Çünki biz növbəti illərdə yeni tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa başlayacağıq".

Qeyd edək ki, ötən ilin dekabrında imzalanan "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması dayanıqlı çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev bildirir: "Şahdəniz-2" layihəsi bundan sonra uzunmüddətli dayanıqlı inkişafımızı təmin edəcəkdir. Milyardlarla dollar investisiya qoyulacaqdır. Yüzlərlə, bəlkə də minlərlə yeni Azərbaycan şirkəti podratçı kimi çalışacaqdır. Bu, öz növbəsində on minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaq və ölkəmizin qeyri-neft sektoru inkişaf edəcəkdir".

Azərbaycanın enerji sahəsində qazandığı uğurlardan bəhs edərkən ARDNŞ-in bütün tərəfdaşlarla çox gözəl əməkdaşlığının mövcudluğu xüsusi vurğulanır. Dövlət başçısı İlham Əliyev bildirir: "Bu əməkdaşlığın yaranması da məhz "Əsrin kontraktı"ndan başlamışdır. Bu kontraktın imzalanması ilə Azərbaycan Dövlət Neft Şirkəti də beynəlxalq şirkətə çevrilmişdir. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin həm ölkə daxilində, həm dünyada çox güclü mövqeləri vardır. Bu gün SOCAR-ın nəinki Azərbaycanda, müxtəlif yerlərdə böyük investisiya layihələri vardır. Bu investisiyalar Türkiyədə, Gürcüstanda, İsveçrədə, Ukraynada, Rumıniyada, Birləşmiş Ərəb Əmirliklərində uğurla icra edilir və SOCAR öz investisiya layihələrini həyata keçirir".

Dövlət başçısı İlham Əliyev Şirkətin qarşısında dünya miqyasında beynəlxalq və aparıcı şirkətlərin birinə çevrilmək vəzifəsini qoyub. Bu gün ARDNŞ-in adının nüfuzlu beynəlxalq şirkətlər sırasında çəkilməsi bu istiqamətdə atılan biri-birindən əhəmiyyətli addımların nəticəsidir.

Neft sektorunda xarici sərmayələr üçün mühüm məkana çevrilən Azərbaycanın iqtisadi mühiti hazırda qeyri-neft sektoruna da marağı artırır. Ulu öndər Heydər Əliyevin yeni neft strategiyası Azərbaycana əhəmiyyətli maliyyə imkanları qazandırmaqla yanaşı, sabitlik amili kimi də ciddi təsir imkanını ortaya qoydu. Bu strategiya eyni zamanda nəhəng layihələrdə Azərbaycanın söz sahibi olması, neftdən gələn gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltməsi istiqamətində ciddi addımlar atmaqla bərabər, ölkənin etibarlı tərəfdaş imicinin formalaşmasına da böyük təsir göstərir. Bunu nəzərə alan möhtərəm cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı gündən regionların inkişafını prioritet məsələ kimi önə çəkməsi uğurlu iqtisadi və sosial siyasətin nəticəsi kimi ictimaiyyətdə xüsusi rəğbət doğurur.

Son on ildə ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb. Ölkədə bir milyondan artıq yeni iş yeri açılıb, yoxsulluq səviyyəsi 49 faizdən 5,3 faizə enib, işsizlik 5 faiz təşkil edir. Ölkəmizə 160 milyard dollar investisiya cəlb olunub ki, ötən il bu rəqəm rekord həddə çataraq 28 milyard dollar təşkil edib. Bölgələrdə sahibkarlığın sürətli inkişafı, mövcud infrastrukturun yenidən qurulması, yolların və kommunikasiyaların əsaslı şəkildə bərpası, elektrik enerjisi, qaz təminatlı problemin həlli yerlərdə istehsal potensialını gücləndirməklə bərabər, bölgə sakinlərinin Bakıya axınının qarşısını alaraq, daxili miqrasiya prosesini xeyli dərəcədə azaldıb. ÜDM-də özəl bölmənin payı 85,5 faiz təşkil edir. Sahibkarlığın inkişafı istiqamətində atılmış addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Son on ildə Sahibkarlığa Kömək Milli Fondu hesabına bir milyard 200 milyon manat investisiya qoyulmuş, sahibkarlara güzəştli şərtlərlə kreditlər verilib. İnkişaf etmiş dövlətlərin mütərəqqi təcrübəsi belə bir həqiqəti çoxdan sübuta yetirib ki, bazar iqtisadiyyatına keçid dövründə özəl sektorun fəaliyyətinə normal şərait yaratmadan cəmiyyət qarşısında dayanmış bir sıra strateji vəzifələri həyata keçirmək, iqtisadi yüksəlişi təmin etmək, işsizliyin səviyyəsini aşağı salmaq, infrastrukturu yeniləşdirmək, eləcə də sosial xarakterli digər problemlərin həllinə nail olmaq çətindir. 2004-2008, 2009-2013-cü illər üçün nəzərdə tutulan regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası növbəti proqramın təsdiqinə zəmin yaratdı. Artıq Dövlət Proqramının üçüncü mərhələsinə start verilib və 2014-2018-ci illər üçün Dövlət Proqramında yeni vəzifələr müəyyənləşdirilib.

Bu gün Azərbaycanın ən yüksək inkişaf göstəricilərinə malik ölkələrdən birinə çevrilməsi, sənaye potensialının artımına, iqtisadi inkişaf tempinə görə bütün dünyada ön yeri tutması beynəlxalq maliyyə təşkilatlarının hesabatlarında da öz əksini tapır. Dünya Bankı Azərbaycanı bir nömərəli islahatçı ölkə elan edib. Beynəlxalq Valyuta Fondunun qənaətinə görə Azərbaycanda mövcud inkişaf tempi saxlanılarsa, yoxsulluq səviyyəsi yaxın zamanlarda tamamilə aradan qaldırılacaq. Ümumdünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatında isə Azərbaycan 7 pillə irəliləyərək 39-cu yerə layiq görülüb.

Heydər Əliyev siyasətini hər sahədə uğurla davam etdirən dövlət başçısı möhtərəm İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratik islahatların uğurlu nəticələri göz qabağındadır. İnsan hüquq və azadlıqlarının qorunmasının yeni müdafiə mexanizmlərinin yaradılması, seçkilərin demokratikliyini təmin etmək üçün yeni təcrübələrin tətbiqi, "Seçki Məcəlləsi"nin təkmilləşdirilməsi, siyasi partiyaların, ictimai birliklərin fəaliyyətini tənzimləyən qanunvericilik bazasında həyata keçirilən yeniləşmə, təkmilləşmə, ölkə reallıqlarının bələdçisi, eyni zamanda demokratik, hüquqi dövlətin əsas atributu kimi azad mətbuatın inkişafına yönələn addımlar bu günümüzün gerçəklikləri sırasındadır. Dövlətimizin azad mətbuatın inkişafına diqqətinin bariz nümunəsi möhtərəm Prezidentimizin iki dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsidir. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, Milli Mətbuatımızın 138 illik yubileyində 17 mərtəbəli, iki bloklu, 156 mənzilli binanın tikilərək jurnalistlərin istifadəsinə verilməsi, eyni zamanda "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" Prezident sərəncamı da bu diqqət və qayğının göstəricilərindəndir. Bu gün böyük qətiyyətlə bildirilir ki, ölkəmizdə beynəlxalq standartlar səviyyəsində kütləvi informasiya vasitələrinin mövcudluğu ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin demokratik dəyərlərə önəm verməsi sayəsində mümkün olub. Məhz bu istiqamətdə göstərilən səylərin, eləcə də KİV-lərə dövlət qayğısının artırılmasının nəticəsidir ki, mətbuatımız böyük inkişaf yolu keçərək, hər dövrün tələblərini yüksək səviyyədə yerinə yetirir, dövlətçiliyimizin inkişafına öz töhfələrini verir.

Azərbaycanın uğurlu daxili siyasətinin davamı kimi dəyərləndirilən xarici siyasətdə də əldə olunan nəticələrin miqyası genişdir. Ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır, Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir.

"Bizim sözümüz imzamız qədər dəyərlidir və əhəmiyyətlidir" - deyərək söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, nəzərə alsaq ki, dünyada ölkəmizə qarşı əks təbliğat kampaniyası aparan ermənilər və erməni diasporu fəaliyyət göstərir, inam qazanmağın heç də asan məsələ olmadığını görərik. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bu inamın təsdiqi, Azərbaycanın bütün sahələrdə qazandığı uğurların göstəricisidir. Bu uğur eyni zamanda Azərbaycanın ədalətli mövqeyinin təntənəsidir.

Xarici siyasətimizdə əsas məsələ olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm addımlar atılır. "Ölkələrin ərazi bütövlüyü mübahisə mövzusu deyil, o cümlədən Azərbaycanın ərazi bütövlüyü mübahisə mövzusu deyildir... Münaqişə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında öz həllini tapmalıdır" söyləyən Prezident İlham Əliyev bu fikri böyük inam və qətiyyətlə bildirir ki, tezliklə münaqişə ədalətli həllini tapacaq, qaçqın və məcburi köçkün düşmüş soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaq...

Dövlət başçısı İlham Əliyev hər zaman bəyan edir ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq. Bu baxışı formalaşdıran, yeni-yeni hədəflərə yol açan əsas amil isə təbii ki, inkişaf strategiyasına yeni prioritetlərin əlavə olunmasıdır. Təkmilləşmə, müasirləşmə, modernləşmə dövrün əsas tələbi olduğundan qarşıdakı illər üçün nəzərdə tutulan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası gələcək uğurlarımızın aydın mənzərəsini yaradır. Məqsəd Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş dövlətlər sırasında görmək, ümumi daxili məhsulu daha iki dəfə artırmaqdır. Sözsüz ki, yeni hədəf qarşıya qoyulursa, onun həyata keçirilməsinə böyük inam mövcuddur. Bu inamı şərtləndirən başlıca amil isə düşünülmüş və gələcəyə hesablanmış siyasətdir. Prezident İlham Əliyev 28 May - Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda bir daha bildirdi ki, "Azərbaycan seçdiyi yolla getməlidir və gedəcəkdir. Bizim yolumuz azadlıq yoludur, inkişaf yoludur, müstəqillik yoludur. Biz müstəqillik illərində sübut etmişik ki, müstəqil ölkə kimi yaşaya bilərik, yaxşı yaşaya bilərik, inkişaf edə bilərik. Ən böyük sərvətimiz olan müstəqilliyimizi bundan sonra da qorumalıyıq və qoruyacağıq".

Bir sözlə, son on ilin uğurları da çoxşaxəlidir və ölkəmizin perspektiv inkişafı baxımından əhəmiyyətlidir. Çünki 10 ildə əsrə bərabər inkişaf dövrü keçən, uğurlarının miqyası ilə dünyanın diqqətində olan Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün əsas məkan seçilirsə, inkişafın Azərbaycan modelinin mövcudluğu yüksək səviyyələrdə bildirilirsə, deməli, ulu öndər Heydər Əliyevin böyük siyasi iradəsi, qətiyyəti, müdrikliyi, Azərbaycana bəslədiyi hədsiz sevgisi və məhəbbəti sayəsində ölkəmizin gələcək inkişafı üçün elə etibarlı dayaq yaradılıb ki, bu bünövrənin üzərində respublikamız davamlı inkişaf edir, inamla irəliləyir. Bu mənada, hər bir Azərbaycan vətəndaşının həyatında əhəmiyyətli dönüş yaratmış Qurtuluş Günü Azərbaycanın inkişafının və yüksəlişinin əsas istinad nöqtəsidir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR