Azərbaycanla bağlı qorxunc hava proqnozu
Bizi izləyin

Qırmızı.az

Azərbaycanla bağlı qorxunc hava proqnozu

BMT-nin İqlim Dəyişikliyinə dair Çərçivə Konvensiyasında tərəflərin 2-ci milli bildirişinə əsasən, bu əsrin sonuna qədər Azərbaycanda orta illik temperaturun 3-6 dərəcə Selsi artması proqnozlaşdırılır. Bu barədə Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin əlaqələr və əməkdaşlığın inkişafı üzrə meneceri Sevinc Saruxanova deyib.


O qeyd edib ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspert Qrupunun (İDHEQ) məlumatına əsasən, son 50 ildə sənayeləşmənin artması və bununla əlaqədar təbii yanacağın yanması ilə bağlı atmosferdə istixana qazları adlanan maddələrin (CO2, CH4, N2O, və s.) həcmi kəskin surətdə yüksəlib. Bu cür istixana qazları isə temperatur artımına gətirib çıxarır.


S.Saruxanovanin sözlərinə görə, son onilliklərdə Cənubi Qafqazda da havanın temperaturunun artması müşahidə edilir. BMT-nin İqlim Dəyişikliyinə dair Çərçivə Konvensiyasında tərəflərin 2-ci milli bildirişində hər üç Qafqaz ölkəsi modelləşdirmənin nəticələri əsasında yağıntılarda və temperaturda dəyişikliklər üzrə proqnozlarını təqdim ediblər. Bütün proqnozlar onu göstərir ki, orta illik temperatur bu əsrin sonuna qədər əhəmiyyətli dərəcədə yüksələcək. A2 emissiya ssenarisinə əsaslanan proqnozlara görə, Azərbaycanda orta illik temperatur bu əsrin sonuna qədər 3-6 dərəcə selsi, Gürcüstanın qərb və şərq hissəsində müvafiq olaraq 1,8-5,2 dərəcə və 3,5-4,9 dərəcə, Ermənistanda isə 4-5,1 dərəcə selsi artacaq.


Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu ölkə ərazisində iqlim dəyişmələrini yenidən qiymətləndirib. Tədqiqatlar zamanı müşahidələr dövrü 3 hissəyə ayrılıb. İlk mərhələ meteoroloji stansiyaların açıldığı vaxtdan (Bakıda 1881-ci ildən, digər ərazilərdə isə fərqli illərdə məlumatların daimi qeydə alınmasına başlanılıb) 1960-cı ilə qədər olan dövrü, ikinci mərhələ 1961-1990-cı illəri, üçüncü mərhələ isə 1991-ci ildən 2005-ci ilə qədər olan dövrü əhatə edib. Tədqiqat zamanı məlum olub ki, Azərbaycanın bütün ərazisində havanın temperatur 0,2-0,9 dərəcə yüksəlib. Temperaturun ən çox yüksəlməsi Aran, ən az yüksəlməsi dağlıq rayonlarda müşahidə edilib. Bununla yanaşı, son dövrlərdə ölkə üzrə buludlu, küləkli günlərin sayı azalıb. (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm