TQDK müəllimləri mükafatlandırdı
Bizi izləyin

Qırmızı.az

TQDK müəllimləri mükafatlandırdı

TQDK müəllimləri mükafatlandırdı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ötən il qəbul imtahanlarında nəzarətçi kimi iştirak etmiş və fəaliyyəti yüksək qiymətləndirilmiş müəllimləri mükafatlandırıb.

TQDK-nın mətbuat ximdətindən Publika.Az-a verilən xəbərə görə, bu gün həmin müəllimlərin mükafatlandırma mərasimi keçirilib.

Hər il ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarına orta ümumtəhsil müəssisələrindən nəzarətçi qismində cəlb edilmiş müəllimlərin fəaliyyəti qəbul kampaniyası başa çatdıqdan sonra araşdırılır, təhlil edilir və qiymətləndirilir.

Bu zaman aşağıda göstərilən parametrlər əsasında araşdırma aparılır: imtahan sənədləri ilə işləmə bacarığı, imtahan texnologiyasını mənimsəmə səviyyəsi, abituriyent auditoriyasını idarəetmə qabiliyyəti, köçürmə hallarına şərait yaratmaması, imtahan rəhbərinin nəzarətçinin fəaliyyətinə dair qiymətləndirməsi və 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu anketlərində imtahan verdiyi zalın nəzarətçisi haqqında qiymət və rəyləri və.s.

Bu araşdırmanın nəticələri nəzarətçi-müəllimlərin fəaliyyətlərinin stimullaşdırılması, onlarla təşkil ediləcək seminar-məşğələlərin məzmununun və metodunun yenidən işlənməsi, nəzarətçilər bazasının zənginləşdirilməsi və formalaşdırılmasının təkmilləşdirilməsi,

növbəti imtahanlar üçün nəzarətçi seçiminin hansı meyarlar əsasında aparılması, orta ümumtəhsil müəssisələrinin imtahanların təşkilində aktiv iştirakının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

TQDK-nın Nəzarətçilər bazasına ümumilikdə 15000-ə yaxın nəzarətçi-müəllim daxildir. 2013-cü ildə keçirilmiş 9 illik ümumi və 11 illik tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında müvafiq olaraq 10126 nəfər və 7726 nəfər nəzarətçi-müəllim cəlb olunub. Ötən il keçirilmiş qəbul imtahanlarına isə 6105 müəllim cəlb edilib.

Onların fəaliyyətinə dair araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 574 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 26 nəfəri fəxri fərmanla təltif edilib. Köçürməyə və digər qayda pozuntularına yol verən 493 nəzarətçi bazadan xaric edilib.

Qeyd edək ki, TQDK tərəfindən araşdırmanın nəticələri ilə tanış olmaq üçün nəzarətçi-müəllimlərin çalışdığı orta ümumtəhsil müəssisələrinə məktublar ünvanlanıb.

Xatırladaq ki, indiyə qədər TQDK tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 1571 nəzarətçiyə təşəkkür elan edilmiş, o cümlədən 222 müəllim fəxri fərmanlarla təltif edilib.

Bunlardan Bakı şəhərinin 258 saylı məktəbindən 13 nəfər, 13 və 73 saylı məktəblərdən 11 nəfər, 263 və 283 saylı məktəblərdən 10 nəfər, 39, 93, 99, 114, 129, 144, 150, 157, 266, 285, 286, 290 saylı məktəblərdən isə 9 nəfər xüsusi olaraq seçiliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm