Elnarə Tofiqqızının dərc olunmamış yazısı
Bizi izləyin

Qırmızı.az

Elnarə Tofiqqızının dərc olunmamış yazısı

Elnarə Tofiqqızının dərc olunmamış yazısı

Yalnız bir xoşbəxtlik var – yaradıcılıq!

Romen Rollan – alim, publisist, naşir, dramaturq, tiraniyaya qarşı mübarizə aparan ictimai xadim, inqilabçı... Onun geniş fəaliyyətini ümumiləşdirmək üçün çox sözdən istifadə etmək mümkündür. Ancaq əlbəttə ki, onu xarakterizə edən yalnız bir titul saxlamaq lazım gələrsə, bu, “yazıçı” sözüdür.

Dövrünün ruhunu qələmə almağı bacaran istedadlı, bunu forma və məzmun dərinliyi, ideya genişliyi və mənəvi zənginliklə ifadə edən isə böyük yazıçıdır. Şübhəsiz ki, fransız ədəbiyyatının möhtəşəm simalarından olan Romen Rollan böyük yazıçıdır. Onu fransız inqilabının təkcə liderlərindən deyil, həm də, az qala, atributlarından birinə çevrilən Maksimillian Robespyerlə, hətta Bastiliya qalası ilə müqayisə etmək olar: Bastiliyanın alınması Fransa və müasir Avropa dəyərləri üçün nədirsə, Romen Rollan da əsərləri və həyat tərzi ilə insanlıq üçün odur. Öz yaradıcılığında dəfələrlə Fransanın inqilab tarixinə müraciəti, həmçinin Robespyerlə bağlı pyesi və o kontekstdən yaşadığı dövrün qayəsini ifadə etməsi də missiyasına, təhtəlşüuri də olsa, işıq salır: Rollan daxilən inqilabçı idi, amma inqilabın şüurlarda, düşüncədə, dünyagörüşdə olmasını istəyirdi...

Xoşbəxtliyi yalnız yazmaqda, yaratmaqda görən və həyatının mənasını yaradıcılıqda tapan Rollan 29 yanvar 1866-cı ildə Fransanın cənubundakı Klamsi şəhərində doğulmuşdur. Atası tanınmış vəkil və ictimaiyyətçi idi, amma Romenin təhsili ilə qapalı və dindar xanım olan anası Antuanetta Mari Kupo məşğul olurdu. Musiqiyə marağı, Bethovenə və Vaqnerə sevgini də anası aşılamışdı və bu sevgi Rollanın taleyini müəyyənləşdirdi.

Övladının daha yaxşı təhsil alması üçün ananın təkidi ilə ailə 1885-ci ildə Parisə köçür və Rollan burada əvvəlcə Böyük Lüdovik liseyini, daha sonra isə Ekol Normal ali məktəbini bitirir. Uşaqlıqdan pianoda gözəl ifa etməyi öyrənən və bu sevimli məşğuliyyətindən heç vaxt ayrılmayan Rollan musiqi tarixçisi olmaq yolunu tutur və İtaliyaya yollanır. Avropanın musiqi beşiyində yaşadığı iki ili təsviri incəsənəti və məşhur italyan bəstəkarlarının həyat və yaradıcılığını öyrənməyə həsr edir.

1870-ci ildən başlayan hadisələr - Fransa-Prussiya müharibəsi, Paris kommunasının məğlub olması və ardınca repressiyalar, terrorlar fransız cəmiyyətində mənəvi krizis doğurmuşdu və Rollan da bu sıxıntılardan kənarda deyildi. Yaradıcılığındakı ilk pessimist notların və bütün həyatında qırmızı xətlə keçən müqavimət hissinin həmin dövrdən miras qaldığı haqda rəylər mövcuddur. Hesab olunur ki, İtaliyada keçirdiyi illər Rollana bədbin əhvali-ruhiyyədən çıxmaq imkanı vermişdi.

Vətəninə qayıtdıqdan sonra “Müasir opera teatrının mənşəyi. Avropada Lyulli və Skarlattiyə qədər operanın tariхi” mövzusunda dissertasiya müdafiə edən Rollan həm Ekol Normal, həm də Sarbonna Universitetində mühazirələr deməyə başlayır: Sarbonna Universiteti isə xüsusi olaraq onun üçün musiqişünaslıq kafedrası açır və musiqişünas-professor uzun illər bu kafedraya rəhbərlik edir və 1908-1910-cu illərdə “Keçmiş dövrün musiqiçiləri”, “Müasir müsiqiçilər” və “Gendel” kimi tədqiqat əsərlərini qələmə alır.

Bu vaxta qədər isə artıq Rollan yazıçı kimi məşhurlaşmışdı.

İtaliyada yaşadığı illərdən Romen Rollan ilk pyeslər silsiləsini yazmağa başlamışdı. “Orsino” (1890), tamamlanmayan “Empedokl” (1890), “Baloni” (1891), “Naibeya” (1892), “Kaliqula” (1893) - İtaliya intibahına həsr olunmuşdu: ancaq bu əsərlər uğur qazanmadı, bircə dəfə də olsun səhnədə oynanılmadı və çap edilmədi. Buna baxmayaraq, Rollanın ədəbi təsəvvürlərinin formlaşmasında bu pyeslər böyük rol oynamışdır.

“İnamın faciəsi” adı ilə ümumiləşdirilən ikinci silsilə “Müqəddəs Lüdovik” (1897) tragediyası ilə başlayırdı. Pyesin konflikti fəlsəfi xarakter daşıyırdı: ideala inam - inamsızlıq və eqoizmlə toqquşurdu. Silsilənin digər - “Aert” (1898) və “Gün gələcək” (1903) pyesləri ilə birlikdə “Müqəddəs Lüdovik”də Rollan müasir tearın qurucularından sayılan norveçli şair Henrix İbsen və irlandiyalı söz ustadı Bernard Şounun sosial-fəlsəfi dramları ilə alman romantizminin nümayəndəsi Fridrix fon Şiller və fransız utopik realisti Viktor Hüqonun inqilabi-romantik ənənələrini birləşdirməyə cəhd etmişdi.

Bu silsilədən sonra ədəbi aləmin yazıçının sığına biləcəyi yeganə qala olması fikirlərindən uzaqlaşan Rollan sosializm ideyalarına meyillənsə də, siyasi proseslərə aktiv müdaxiə də etmir. Yeni teatr qurmağı özünün başlıca qayəsinə çevirən yazıçı teatr səhnələrini işğal edən melodramalardan yaxa qurtarmaq, teartı xalqa qaytarmağı hədəfləmişdi. “Teatr – fəaliyyətin stimulu kimi” ideyasını irəli sürən yazıçı 1899-cu ildən başlayaraq əvvəlki dram və teatr ənənələrini tənqid edən və yeni teatr konsepsiyasını irəli sürən məqalələrlə çıxış edir ki, 1903-cü ildə həmin məqalələr toplusu “Xalq teatrı” adı ilə dərc olunur.

Bu ideyaların məntiqi kimi Rollan yeni, “İnqilab teatrı” silsiləsini təqdim edir: “Canavarlar” (1898), “İdrakın təntənəsi” (1899), “Danton” (1900), “On dörd iyul” (1902). Mövzusunu fransız inqilabından alan bu pyeslərdə müasir dövrə qiymət verilir, mümkün inqilab və onun nəticələri təftiş edilir, xalqın inqilabdakı rolu, sosial kataklizmlər zamanı ziyalıların taleyi məsələsinə cavab axtarılırdı. İnqilaba meyilli olmasına baxmayaraq, Rollan inqilabın qəddarlığını və çoxsaylı qurbanlarını da xatırladırdı.

“Canavarlar” pyesində iki həqiqət üz-üzə durur: ədalətsiz yerə ölümə məhkum olunmuş zabiti xilas etmək istəyən mayor Telye və Vətən və inqilab naminə günahsız adamı qurban verməyə hazır olan komissar Kenelye. Hər ikisi inqilaba sədaqətlidir, amma inqilab həqiqətini fərqli anlayırlar.

Bastiliya qalasının alındığı günlə əlaqədar “On dörd iyul” adlandırılan pyesdə isə xalqı inqilabın əsas nüvəsi kimi göstərməyi bacaran Rollan tamaşaçıları kütləvi səhnələrin iştirakçısına çevirir, hamını, bir növ, proseslərin içərisinə daxil edir və onlara reallığı yaşadırdı.

Öz həyat idealına və yaradıcılıq istiqamətinə sadiq qalan Rollan növbəti, “Qəhrəman ömürlər” silsiləsində bioqrafik janrda “Bethovenin həyatı” (1903), “Mikelancelonun həyatı” (1906) və “Tolstoyun həyatı” (1911) əsərlərini yazmışdı. Sonradan bir daha böyük təfəkkür və düşüncə sahibi Tolstoy yaradıcılığına və dühasına qayıtmış, “Asiyanın Tolstoya cavabı” ilə fikir toqquşmalarını davam etdirmişdi.

Ümumiyyətlə, Mikelancelo, Bax, Motsart, Bethoven və Vaqneri özünün kumiri sayan Rollan dövrünün görkəmli ədəbi və elmi simalarına da xüsusi rəğbətini ifadə etmiş, Spinoza panteizminin və Renan fatalizminin vurğunu olmuş, Lev Tolstoy, Boris Pasternak, Maksim Qorki, İvan Bunin, Ziqmund Freyd, Albert Eynşteyn, Albert Şveytserlə məktublaşmışdı. Bu məktublaşmalarında onun ədəbi, ictimai və siyasi baxışları əks olunur, insan azadlığının qızğın müdafiəçisi olduğu üzə çıxırdı; təsadüfi deyil ki, Rollanı “Avropa vicdanının səsi” (Ştefan Svayq) adlandırırlar. Rollan öz çağdaşlarının ədəbi-ictimai fəaliyyətini izləyir, münasibətini məktubla və ya əsərləri ilə bildirirdi. Mahatma Qandi mübarizəsini heyranlıqla müşahidə edərək, hind dünyagörüşü və fəlsəfəsinə düqqət ayıran Rollan 20-ci ilərdə yeni silsiləsini bu təsəvvürlərin yayılmasına və Qandinin portretinə həsr etmiş, “Mahatma Qandi” (1924), “Ramakrişnanın həyatı” (1929), “Vivekanandanın həyatı” (1930), “Vivekandanın bəşəri incili” (1931) əsərlərini ortaya qoymuşdu.

Rollan yaradıcılığı həm çoxşaxəli və irihəcmli, həm də sanki dəqiq müəyyənləşmiş sistemlə əhatələnir: psixoloji oçerklər, ədəbi-bədii və tarixi şəxsiyyətlərlə bağlı portretlər, elmi araşdırmalar, sənədli, fəlsəfi və dövrünün ruhunu ifadə edən publisistik məqalələr, dramaturgiya, nəsr, ictimai fəaliyyət... bir ideala xidmət edir və hamısı bərabər olaraq inkişaf etdirilir: eyni illər içərisində, paralel olaraq, Rollan epopeya üzərində işləyir, elmi araşdırmalar aparır, insan azadlığı uğrunda çalışır, bir silsiləni tamamlamamış, növbəti silsiləsinin əsasını qoyur və bütün əsərlərində yenilikçi, inqilabçı axtarışlarını tətbiq edir. Belə gərgin və məhsuldar dövrün bəhrəsi olan əsərlərdən biri də “Jan Kristof” epopeyasıdır.

1904-1912-ci illərdə işıq üzü görən on cildlik “Jan Kristof” epopeyası Rollanı bütün dünyada məşhurlaşdıran mükəmməl əsərləri sırasındadır. Janr xüsusiyyəti ilə seçilən bu epopeya sanki simfoniyadır və “üçlük” üzərində qurulub: hər üç fəsil bir xətt üzərində birləşir, öz ahəngi ilə, az qala, tamamlanır və növbəti “üçlüyün” əsasını yaradır.

“İdeyalar romanı” adlandırılan (L.Araqon) “Jan Kristof”da ideyalar toqquşur, sosial-fəlsəfi düşüncələrin mükaliməsi ilə obrazların xarakteri açılır. Jan Kristof – dahi alman musiqiçisidir, Bethovenin müasiridir və tənqidçilərin fikrincə, Rollan, əslində, bu əsərdə Bethovenin prototipini yaradıb. Ancaq “Mikelancelonun həyatı”ndan fərqli olaraq, burada “böyük istedad və zəif şəxsiyyət” deyil, despotizmə qarşı sonadək mübarizə aparan və nəhayət, tiraniyadan Fransaya sığınmağa məcbur olan obraz var.

Çoxsaylı deyimlər, aforizmlərlə zəngin olan “Jan Kristof” epopeyasında sanki müəllif möhtəşəm yaradıcılıq qabiliyyətinin sevgiyə heç bir dəxli olmadığını göstərməyə çalışır. Ancaq sevgi və yaradıcılığın ayrı-ayrı məhfumlar olduğu qənaətini də irəli sürmür.

Əslində, sevgi, qadın eqoizmi ilə bağlı geniş yayılmış fikirlərin əksini tapdığı epopeyada deyilməyən, sanki “qarşı tərəfin” sözü, əks mühakimələr yeddicildlik “Vurğun ürək”də (1922-33) verilir. Ancaq tənqidçilərin fikrincə, qadınların sərt tənqidi “Vurğun ürək”də heç də “tam kompensasiya” edilməyib...

“Jan Kristof”la adını dünya klassikləri cərgəsinə yazdıran yazıçının parlaq istedadının, zəhmətinin və əhatəli fəaliyyətinin nəticəsi özünü çox gözlətmədi: 1915-ci ildə Nobel komissiyası Romen Rollanı “Ədəbi əsərlərinin yüksək idealizminə, müхtəlif insan tipajlarının təsvirində həqiqətə bağlılığına və sədaqətinə görə” Nobel mükafatına layiq gördü.

Rus inqilabını dəstəkləməklə, onun çatışmazlığına baxmayaraq, yeni düşüncə tərəfdarı olduğunu göstərən Romen Rollan 30-cu illərdə növbəti dünya müharibəsinin labüdlüyünü görərək, alman faşizminə və Hitlerə qarşı ciddi mübarizə aparır, mövqeyini sistemli olaraq publisistik məqalələrində ortaya qoyurdu. Bu dövr Rollan yaradıcılığında publisistika xüsusi məhsuldarlığı ilə seçılır.

Ancaq xarakterinə uyğun olaraq, bədii yaradıcılıqdan da qalmır, “İnqilab teatrı” silsiləsinin “ikinci üçlüyünü” yaradır: “Sevgi və ölüm oyunu” (1924), “Leonidlər” (1928) və “Robespyer” (1939). Həmçinin müxtəlif illərdə V.Şekspir, Höte, L.Tolstoy, V.Hüqo, V.Lenin və s. haqqında yazdığı 11 esse və məqalədən ibarət toplunu 1936-cı ildə “Mayaklar” adı ilə dərc etdirir. Ad təsadüfən seçilməmişdi: bu şəxsiyyətləri Rollan özünün həyat mayakları hesab edirdi.

Məşhur “Kola Brünyon” (1914-1918), “Lilyuli” (1919), “Pyer və Lyus”, “Klerambo” əsərlərindən sonra atası və bacısı ilə 1921-ci ildə İsveçrəyə köçən və Vilnevada aldığı şəxsi mülkdə yaşayan Rollan 1938-ci ildə yenidən Fransaya qayıdır. Həmin ərəfədə onu narahat edən alman millətçiliyinin ifrat səviyyəyə qalxması və SSRİ-dəki dəhşətli repressiyalar idi. Faşizmə qarşı mövqeyi ortada olsa da, SSRİ-dəki represiyalardan xəbər tutmaq üçün həmkarlarına və dostlarına yazdığı məktublara cavab almırdı.

Gözlənilən dəhşət isə baş verdi: Rollan İkinci Dünya müharibəsinin şahidi oldu. Həmin illərdə Fransanın cənubundakı Vezeledə məskunlaşan Rollan yenə yaradıcılıqdan qalmadı, “Daxili səyahət” avtobioqrafik əsərini və uzun illərin araşdırmalarının nəticəsi olan çoxcildlik “Bethoven. Böyük yaradıcılıq epoxası” (1928-43) tamamladı.

Rollanın sonuncu – “Peqi” kitabı 1944-cü ildə dərc olunur və həmin il böyük yazıçı Almaniyanın işğalı altında olan Fransanın kiçik Vezele şəhərində vəfat edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm