Sumqayıtda ağacları kəsib, yerində bina tikən sahibkar kimdir?
Bizi izləyin

Qırmızı.az

Sumqayıtda ağacları kəsib, yerində bina tikən sahibkar kimdir?

Sumqayıtda ağacları kəsib yerində bina tikən sahibkar kimdir?

Sumqayıt şəhərinin 14-cü məhəllə 1a 3b-nin sakinləri Aslan Abbasov adlı sahibkarın əlindən təngə gəldiklərini deyirlər. Sakinlərin Publika.az-a bildirdiklərinə görə, adıçəkilən məhəllənin qarşısında ağacları kəsərək bina tikən sahibkar indi də qarajları sökdürmək istəyir. Bununla bağlı 2 saylı MİS-in yazılı və möhürlü müraciətini də gördük. Sakinlər bildirir ki, bu qarajlar artıq 50 ilə yaxındır ki, sənədli qaydada onların ixtiyarındadır. Sakinlərin bir qismi həmin qarajdan istifadə edib özünə çörək qazanır.

“Qazanxana adı ilə bina tikəcək”

Şəhid Rauf Nəbiyevin qardaşı Nəsib Nəbiyev deyir ki, Aslan adlı sahibkar qarajları söküb istilik qazanxanası tikmək istəyir. Halbuki qarajların düz yanında işlək vəziyyətdə olan qazanxana var. Binanın sakinlərinin sözlərinə görə, qarajların sökülməsinin başlıca səbəbi yenidən çoxmərtəbəli binanın tikilməsidir:

“Bizim bina ilə tikilən binalar arasındakı məsafə göz qabağındadır. Bina bu ərazidə tikilsə, bizim binanın pəncərələri ilə həmin binanın divarı bitişəcək. Aşağıdakı binanı elə tikiblər. İki dəqiqədən bir polislə bizi qorxudurlar ki, sizi tutdurarıq, öldürərik və sair”.

“İcra başçısını da razı salıb...”

Sakinlər iddia edir ki, Aslan adlı iş adamı icra başçısını da razı sala bilib. 14-cü məhəllənin sakinlərinin sözlərinə görə, Aslan adlı sahibkar deyir ki, bir gecədə buranı traktorla şumlatdıraram, heç kim də mənə bir söz deyə bilməz. “16 saylı məktəbin idman müəllimi Fazil müəllim bu haqsızlığa dözməyib dünyasını dəyişdi”.

“Ağacları gecə kəsirlər”

“Mən özüm Qarabağ əliliyəm, döyüşdə kontuziya almışam. Niyə gəlib kimsə bizi narahat etməlidir. Ağacların kökünü gecə gəlib mişarlayırlar ki, ağaclar qurusun. Burada nə qədər ağacı Aslan kəsdirib. Yanına gedəndə deyir ki, mənlik deyil”, – deyə məhəllənin sakini Tofiq müəllim qeyd etdi.

“Biz pul istəmirik”

Məhəllənin sakinləri onlara qarajların sökülməsinə görə 4000 dollar konpensasiya təklif edildiyini deyir:

“Dövlət Reyestr Xidmətindən bütün qarajlar keçib və hamısının da sənədi var. 4000 dollar qarajın tikintisinin pulu eləmir. Amma qabaqdakı binanın kvadratını 850 manatdan satır”.

“Biz razı deyilik ki, qarajlar sökülsün. Biz pul istəmirik”, – deyən Firiyəddin Xudayarov bu məsələnin həllini aidiyyəti orqanlardan tələb edir.

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçının müavini Tarıyel Hacıyev Publika.az-a bildirdi ki, sahibkar Aslan Abbasov 15 ildən artıqdır Sumqayıtda çoxmərtəbəli binalar tikir.

Onun sözlərinə görə, icra başısı Eldar Əzizovdan əvvəl də o, bu işi icra edirdi:

“Deyilən iddialar yanlışdır. Hazırda qarajların sökülməsinə dair söhbət yoxdur. Gələcəkdə hər hansı çoxmərtəbəli bina tikilə bilər. Qarajların yerləşdiyi ərazini yaxşı tanıyıram və orada heç bir ağac yoxdur. Əgər gələcəkdə qarajlar sökülərsə, bu, qaraj sahibləri ilə razılaşma yolu ilə aparılacaq. O ki, qaldı icra başçısı ilə Aslan adlı şəxsin dostluğuna, Aslan o sözü deyə bilməz. Yəni Aslan elə oğlan deyil ki, o sözü desin”.

İcra Hakimiyyətinin rəsmisi əlavə etdi ki, yeni qazanxananın tikintisinin layihəsi var və köhnəlmiş qazanxanalarda yenidənqurma işləri aparılır. Bu, digər mikrorayonlarda da aparılıb.

Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt şəhərinin bir qrup sakini – 6-cı mikrorayon ərazisində yerləşən 29, 30, 31, 32-ci binaların sakinləri onlar üçün ayrılan istirahət meydançasının sökülməsinə etiraz olaraq aksiya keçirmişdi.

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm