Çexiyada Azərbaycanla bağlı konfrans keçirildi
Bizi izləyin

Qırmızı.az

Çexiyada Azərbaycanla bağlı konfrans keçirildi

Çexiyanın paytaxtı Praqada, Şərqi Avropanın ən tanınmış və qədim universitetlərindən biri olan Karl Universitetində "Azərbaycanın təhlükəsizlik siyasəti regional təhlükəsizliyin və sülhün təminatçısı kimi" mövzusunda beynəlxalq konfrans keçirilib.

Publika.az-ın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün elan etdiyi qrant müsabiqəsi çərçivəsində reallaşan konfransda Çexiyanın Xarici İşlər, Daxili İşlər, Müdafiə nazirliklərinin yüksək çinli əməkdaşları, Karl, Metropoliten və digər universitetlərin professor, doktorant və magistrləri, QHT və media təmsilçiləri, Azərbaycan tərəfdən isə ADA Universiteti, SAM və Azərbaycanın Çexiyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Məruzəçilərdən biri olan Karluv Universitetinin Yaxın Şərq və Afrika bilimləri İnstitutunun direktoru Eduard Gombarın çıxışı diqqətimizi cəlb etdi. O, regiondakı situasiya, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi, Azərbaycanın yaxın qonşularla münasibəti haqqında maraqlı şərhi ilə seçildi. Konfransdan sonra Cənab Qombardan Azərbaycan mətbuatı üçün açıqlama aldıq.

Əvvəlcə "Azərbaycanın təhlükəsizlik siyasəti regional təhlükəsizliyin və sülhün təminatçısı kimi" mövzusunda beynəlxalq konfrans haqda fikirlərini açıqlayan mütəxəssis bildirdi ki, bu konfrans çex elm adamları, siyasətçiləri və mütəxəssisləri üçün çox əhəmiyyətlidir. Konfransı Çexiya və Azərbaycan tərəflərinin birgə əməkdaşlığı baxımından yüksək qiymətləndirən Qombarın qənaətinə görə, bütün sahələri təmsil edən mütəxəssislərin belə tərkibdə bir araya gəlməsi müsbət haldır və bu əməkdaşlıq gələcəkdə konkret sahələr üzrə davam etdirilə bilər. “Konfransda region ölkələrinin yüzillik tarixləri ilə yanaşı, müstəqillik əldə etdikdən sonra yaşadıqları kiçik zaman kəsimi, o ölkələrin iqtisadi, siyasi, hərbi-təhlükəsizlik, enerji təhlükəsizliyi, nəqliyyat sektoru, tibb, səhiyyə sahələri üzrə əldə etdikləri nailiyyətlər, qarşılaşdıqları problemlər müzakirə olundu. Və çex cəmiyyəti üçün yeni, fərqli mənzərə yarandı”, - deyən cənab Qombar azərbaycanlı mütəxəssislərin çıxışlarının xüsusi maraq doğurduğunu qeyd etdi. Ölkəsinin Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin təmin olunması, dondurulmuş münaqişələrin həllində iştirakı, konfliktlərin ölkələrin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində verəcəyi töhfə, insan haqları, sekulyarizm, Şərqə baxış və digər məsələlərlə bağlı Çexiya tərəfinə ünvanlanan suallara mütəxəssislərin özünəməxsus cavablarını Qombar çex alimlərinin regionu daha yaxından izləmələri ilə əlaqələndirdi: “Cənubi Qafqaz, Rusiya və İranla bağlı geniş anlayışa malik olmağım işimlə əlaqəlidir. Belə ki, hazırda araşdırma mərkəzinin rəhbəriyəm, gündəlik olaraq regionla bağlı xəbərləri izləyirəm. Mən Rusiya –İran müharibəsi, Türkmənçay və Gülüstan müqavilələri, İrəvan, Naxçıvanın Rusiyaya birləşdirilməsi haqda tarixi danışa bilərəm. Suriya, Liviyada diplomatik xidmətdə olmuşam. Eləcə də digər çex həmkarlarım öz sahələri üzrə kifayət qədər məlumatlıdırlar”.

Həmsöhbətimiz qeyd etdi ki, Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı kimi üç dəfə Azərbaycanda olub. Bu baxımdan ölkəmizlə yaxından tanış olmaq imkanı qazanıb: “Təşkilatçılar hər şeyi gözəl təşkil etmişdilər. Bu müddət ərzində Azərbaycan regionları ilə tanış olmaq imkanı qazandıq. Gəncədə - dahi Azərbaycan şairi Nizaminin vətənində və Naxçıvanda oldum. Tarixlə, coğrafiya ilə yaxından maraqlandım. Məni heyrətə gətirən Azərbaycan təbiəti oldu. Açığı, elə bilirdim, səhra görəcəm. Tam fərqli bir yer, füsunkar təbiətli ölkə imiş”.

Söhbətimizin sonunda çex mütəxəssis Qarabağ probleminə də toxundu. O, hesab edir ki, postsovet ölkələrində yaşanan münaqişələr uzunmüddətli xarakterlidir və qlobal yanaşma tələb edir.

“Siz konfransda çıxışınızda Dağlıq Qarabağ ərazisinin işğal olunduğunu açıq qeyd etdiniz. Necə fikirləşirsiniz, Çex dövlətinin bu faktı qəbul etməsinə mane olan nədir?” sualımıza “Bəli, bu işğaldır. Bir ölkənin ərazisinin başqa dövlət tərəfindən tutulması beynəlxalq hüquqda işğal adlanır. Dünya ictimaiyyətinin fikrini diqqətə almadan işğal. İnsanlar öz torpaqlarından qovulursa, tarixi abidələr, mədəni irs dağıdılırsa, sakinlər öz yerlərinə qayıda bilmirlərsə, bununla da insan haqları kobud pozulursa, bu, işğaldır”, - deyə cavab verən həmsöhbətimiz bildirdi ki, o, Azərbaycanda, daha doğrusu, Gəncədə olakrən qarabağlı qaçqınlarla görüşüb və anlayıb ki, bu insanlar tək Dağlıq Qarabağdan deyil, bütünlükdə Qarabağdan didərgin düşüblər.

Çexiya dövlətinə gəldikdə isə, Qombar mövzuya uyğun anologiya apardı. O, bildirdi ki, Qarabağ müharibəsi dövründə şiə İranı müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycana deyil, xristian Ermənistanına dəstək verib: “İndiki dövrdə Çexiya problemə din qardaşlığı prizmasından yanaşmalı deyil, sekulyar ölkənin insan haqları tapdanan münaqişəyə bitərəf yanaşmasını ortaya qoymalıdır. XXI əsr Avropasının bir parçası olan ölkənin bir dövlətinin digərinin ərazisini işğal etməsinə göz yumması təəssüf doğurur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm