Polisə qəbulla bağlı müsabiqə elan olundu
Bizi izləyin

Qırmızı.az

Polisə qəbulla bağlı müsabiqə elan olundu

Astara, Ağstafa, Ağdaş, Ağdam, Balakən, Cəlilabad, Füzuli, Gədəbəy, İmişli, Qazax, Qusar, Qəbələ, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Ucar, Oğuz, Saatlı, Şabran, Şəki, Tərtər, Tovuz, Yardımlı, Zaqatala, Zərdab şəhər, rayon polis şöbələrində polis sahə inspektoru və cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifələrinə xidmətə qəbulu ilə əlaqədar müsabiqə keçirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Kadrlar İdarəsindən Publika.az-a verilən məlumata görə, cəmi 100 vəzifənin tutulması ilə əlaqədar keçirilən müsabiqə müsahibədən və test imtahanından ibarətdir. Müsahibə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə DİN-in Müsabiqə Komissiyası tərəfindən aparılır. Test imtahanları müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan hüquq və azadlıqları na dair beynəlxalq aktlara aid, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən proqram və onu əhatə edən suallar üzrə keçirilir.

Müsabiqədə dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası almış, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, boyu 165 santimetrdən yüksək olan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları olan kişilər iştirak edə bilərlər.

Müsabiqə qaliblərinin elan edilmiş vakant vəzifələrə təyinatından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər yaşadıqları ərazi polis idarələrinə, şöbələrinə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi;
- ali təhsil haqqında diplom;
- hərbi bilet;
- əmək kitabçası (olanlar üçün).

Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.

Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.

"Daxili işlər orqanlarında xidmətə qəbul və müsabiqənin keçirilməsi Qaydaları", test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər DİN-in www.mia.gov.az ünvanlı veb saytında yerləşdirilib.

Müsabiqədə iştirak etmək üçün sənədlər 2014-cü il iyun ayının 9-dan iyul ayının 9-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10-dan 17-dək şəhər, rayon polis idarə və şöbələrində qəbul olunur.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590-91-47; (012) 590-92-54

Oxumağa davam et
Reklam
Reklam

Gündəm