Leyla Əliyevanın təşəbbüsü ilə "Qanın milləti yoxdur" aksiyası keçirilib
Bizi izləyin

Qırmızı.az

Leyla Əliyevanın təşəbbüsü ilə "Qanın milləti yoxdur" aksiyası keçirilib

Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Dünya Qan Donoru Günü münasibətilə iyunun 16-da Moskvada artıq ənənəyə çevrilmiş illik "Qanın milləti yoxdur" aksiyası keçirmişdir.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilmiş bu humanitar aksiya İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) Klinik transfuziologiya və hematologiya kafedrasında keçirilmişdir.

Heydər Əliyev Fondunun Moskvanın səhiyyə müəssisələrində qan köçürülməsinə ehtiyacı olan pasiyentlərə kömək göstərilməsi üzrə layihəsinin bir hissəsi olan bu aksiyada Azərbaycan, Malayziya, Yunanıstan, Özbəkistan, Gürcüstan və Çindən olan tələbələr iştirak etmişlər. Təxminən 100 nəfər qan vermişdir. Gün ərzində davam edən aksiyada BMDTU-nun tələbələri ilə yanaşı, əcnəbi tələbələrlə iş üzrə dekanlığın və beynəlxalq münasibətlər şöbəsinin əməkdaşları, Azərbaycanın RF-dəki səfirliyinin, Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin təmsilçiləri, RAGB üzvləri də iştirak etmişlər.

RAGB-nin nəzarət-təftiş komissiyasının üzvü, tədbirin əsas təşkilatçılarından biri, tibb elmləri namizədi Samir Əliyev qeyd etmişdir ki, donor aksiyasının iştirakçıları bir tərəfdən öz sağlamlıqları barədə məlumat alır, digər tərəfdən - qana ehtiyacı olan insanlara kömək etməklə xeyirxah iş görürlər. Aksiya başa çatandan sonra İ.M.Seçenov adına BMDTU-nun Klinik transfuziologiya və hematologiya kafedrasında brifinq keçirilmişdir.

Transfuziologiya və hematologiya kafedrasının professoru İmnara Bayraməlibəyli, Azərbaycanın RF-dəki səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin ictimaiyyət və KİV ilə əlaqələr şöbəsinin rəhbəri Tamilla Əhmədova gənclərin bu aksiyaya marağını yüksək qiymətləndirmişlər. Qeyd edək ki, RAGB son 7 ildə BMDTU-nun tələbələri və əcnəbi tələbələrlə iş üzrə dekanlığın əməkdaşları ilə birlikdə müntəzəm olaraq bu cür aksiyalar keçirir.

Tibb profilli ali məktəblər bazasında təşkil edilən "Qanın milləti yoxdur" humanitar aksiyası Rusiyanın başqa regionlarında da mütəmadi keçirilir. Bundan əlavə, donor tələbələr Asiya və Afrika ölkələrində hərtərəfli tibbi dəstək tədbirləri təşkil etməklə başqa ölkələrdə də qana ehtiyacı olanlara kömək göstərirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm