Bakıda həkimlər həmkarlarını necə öldürdü – Təfərrüat
Bizi izləyin

Qırmızı.az

Bakıda həkimlər həmkarlarını necə öldürdü – Təfərrüat

“Laxtalanmış və təbii ki, qanı kəsilmiş mənbənin üstü açıldı və prafoz qanaxma nəticəsində Ceyhunun hemoqlobini 48 qr/ml-yə endi, halında kəskin pisləşmə müşahidə olundu”.

Bunu Axar.az-a Bakıda Respublika Klinik Xəstəxanasında həkimlərin yanlış diaqnozu nəticəsində dünyasını dəyişən Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkim-pediatrı Ceyhun Bədəlovun həyat yoldaşı, filoloq-alim Təhminə Bədəlova deyib:

“Əvvəla, Respublika Klinik Xəstəxanasından verilən açıqlamada qeyd olunur ki, guya, Ceyhun Bədəlov ora Gəncədən gətirilib. Bu deyim xəstənin ağır olması təsəvvürünü yaratmağa xidmət edən açıqlamadır. Halbuki həyat yoldaşım Ceyhun Bədəlov Respublika Klinik Xəstəxanasına Gəncə şəhərindən deyil, Bakı şəhəri, Qara Qarayev pr. 47, mənzil 104 ünvanından iyunun 3-də Təcili Yardıma edilən müraciət nəticəsində aparılıb. Yoldaşım Bakıya müalicəyə deyil, ayın 4-də keçirilən imtahanda iştirak etmək üçün gəlmişdi, təkmilləşdirmə kursunda idi. Lakin qəflətən mədə-bağırsağında yaranan qanaxma nəticəsində halı pisləşdi və Təcili Tibbi Yardıma müraciət etdik.

Ceyhun Bədəlov xəstəxanaya 95 qr/ml hemoqlobinlə və halı-huşu tam özündə daxil olub. Respublika Klinik Xəstəxanasında xəstəni Rəşid həkim qəbul edib, müalicə həkimi isə Səidə həkim idi. Xəstəyə endoskopiya etməyin vacib olduğu bildirildi. Lakin Ceyhun qan xəstəliyi olduğunu bildirərək, bundan imtina etdi və xahiş etdi ki, ona hemotoloq həkimlər baxsın.

Lakin Səidə həkim təkidlə Ceyhunu endoskopiyaya getməyə məcbur etdi. Endoskopiya həkimi Şəfa xəstənin mədəsində xora olduğunu bildirdi və təzyiqli su ilə mədəni yudu. Laxtalanmış və təbii ki, qanı kəsilmiş mənbənin üstü açıldı və prafoz qanaxma nəticəsində Ceyhunun hemoqlobilini 48 qr/ml-yə endi, halında kəskin pisləşmə müşahidə olundu”.

Təhminə Bədəlova Səhiyyə Nazirliyinin qaynar xəttinə dəfələrlə zəng etdiklərini bildirib:

“Səhiyyə Nazirliyinin qaynar xəttinə dəfələrlə edilən zənglərdən sonra xəstəxana rəhbərliyi bu işə cərrahları cəlb etdi və onlar xəstəni dərhal əməliyyata qaldırmaq istədilər. Lakin Ceyhun onda xora olmadığını bildirərək, əməliyyatdan imtina etdi. Onu da qeyd edim ki, iyunun 3-də xəstəni qəbul edən Rəşid həkim ayın 9-dək bir dəfə də olsa palataya gəlmədi və xəstənin vəziyyəti ilə maraqlanmadı. Yalnız ayın 9-da gəlib əməliyyat təklif etdi. Mən xəstənin həyat yoldaşı kimi əməliyyatdan imtina ərizəsi yazmışam. Lakin xəstədə xora diaqnozunun yanlış qoyulduğu təsdiqlənəndən sonra həkim həmin iltizamnaməni xəstəlik tarixindən götürüb, cırıb atıb. Mən həmin sənədin xəstəlik tarixinə əlavə edilməsini təkidlə tələb etsəm də, buna əməl olunmadı. İmran həkim bu dəfə Milli Onkologiya Mərkəzində təkrar endoskopiya etməyi məsləhət gördü. Milli Onkologiya Mərkəzində yenidən endoskopiya zamanı məlum oldu ki, mədədə heç bir xora yoxdur. Bu müayinənin diski və sənədi hal-hazırda məndədir. Burada xəstəyə “Rondü Osler” sindromu diaqnozu qoyulmuşdu. İkinci dəfə endoskopiya edildikdən sonra Ceyhunun vəziyyəti bir daha kəskin şəkildə pisləşdi və o, tədricən şok vəziyyətinə düşdü. Xəstəni bu vəziyyətdən isə yalnız qan vurmaqla çıxarmağa çalışdılar. Vəziyyətin daha da pisləşdiyini görəndən və Səhiyyə Nazirliyinin qaynar xəttinə edilən təkrar-təkrar zənglərdən sonra hemotoloqlar işə qarışsa da, vəziyyət həddindən artıq kritik olduğundan, heç bir nəticə vermədi, xəstəyə kəskin şok vəziyyətində heç bir yardımın edilmədiyini görüb onu Terapevtik Klinikaya yerləşdirsək də, vəziyyət çıxılmaz olduğundan, bir-iki saatdan sonra oradan da çıxardıq”.

Xatırladaq ki, ötən gün Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkim pediatrı Ceyhun Bədəlov öz həmkarlarının savadsızlığının qurbanı olub. Bakıda təkmilləşdirmə kurslarında olan həkim Ceyhun Bədəlovun qəflətən mədə-bağırsağında problem yaranıb və o, Respublika Klinik Xəstəxanasına müraciət edib. Yanlış diaqnoz və müalicənin nəticəsində isə C.Bədəlov vəfat edib.

Həkim həmkarlarının savadsızlığının və biganəliyinin qurbanı olan pediatr Ceyhun Bədəlov bu gün Gəncə şəhərində torpağa tapşırılacaq.

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm