“Ermənilər düşmən də olsa, bizim qonağımızdır” – deputat
Bizi izləyin

Qırmızı.az

“Ermənilər düşmən də olsa, bizim qonağımızdır” – deputat

“Ermənilər düşmən də olsa, bizim qonağımızdır” - deputat

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rafael Cəbrayılov Bakıda NATO Parlament Assambleyasının “Rose Roth” seminarında iştirak etmək üçün Azərbaycana səfər edən erməni deputatların çıxışlarına münasibət bildirib.

Deputat R.Cəbrayılov Publika.az-a açıqlamasında deyib ki, ermənilərin Bakıda sərbəst hərəkət etməsi Azərbaycanda olan demokratiyanın təntənəsidir:

“İşğalçı Ermənistan dövlətinin deputatlarının Azərbaycanda özünü tam sərbəst aparması doğrudan da bizdəki demokratiyanın və qanunçuluğun yaxşı nümunəsidir. Ermənilər düşmən də olsa, bizim qonağımızdır.

Digər tərəfdən isə erməni deputatlar Bakıya beynəlxalq tədbirdə iştirak etmək üçün səfər ediblər. Mən istəmərəm ki, bu gün hər hansı bir insanımız ermənilərə yaxınlaşsın və onlara fiziki təzyiq göstərsin. Bunu istənilən azərbaycanlı edə bilər. Ancaq istəməzdim ki, özünü Azərbaycan vətəndaşı hesab edən şəxs belə hərəkət etsin. Çünki belə bir hərəkət Azərbaycanı beynəlxalq aləmdə çətin vəziyyətdə qoya bilər. Əmin ola bilərsiniz ki, Dağlıq Qarabağ problemi həll ediləndən sonra ermənilərin özünü döydürüb dünyada özlərini biabır etmə faktlarına da son qoyulacaq. Çünki bundan sonra heç bir erməninin Azərbaycanda hər hansı bu cür hərəkətlər etməyə cəsarəti çatmayacaq”.

R.Cəbrayılov Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun Bakıdakı NATO tədbirində hay-küy salması məsələsinə də toxunub:

“Mən Leyla Yunusun hərəkətlərinə də şərh vermək istəmirəm. Çünki onun bu hərəkətləri Leyla Yunusun necə şəxs olmasına şərh verir. Mən Leyla Yunusu sapı özümüzdən olan balta hesab edirəm. Bu adam ancaq çalışır ki, Azərbaycanı dünyada biabır etsin”.

Xatırladaq ki, iyunun 16-da Bakıda NATO Parlament Assambleyasının “Rose Roth” seminarı işə başlayıb. Tədbirdə iştirak edən Ermənistan nümayəndə heyətinin tərkibinə İrs Partiyasının parlament fraksiyasının üzvü, deputat Tevan Poqosyan və İrəvandakı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan daxildir.

Nümayəndə heyətinə hakim Respublika Partiyasının deputatı Koryun Naapetyan başçılıq edir.

Səfər çərçivəsində erməni deputatlar Dənizkənarı Milli Park ərazisində də gəzinti keçiriblər və fotolar çəkdiriblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm