“Medi Sina” klinikası istintaqa cəlb ediləcək”
Bizi izləyin

Qırmızı.az

“Medi Sina” klinikası istintaqa cəlb ediləcək”

Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı araşdırmalara yenidən başlanılıb.

Mərhumun həyat yoldaşı jurnalist Anar Niftəliyevin Modern.az-a verdiyi məlumata görə, cərrahiyyə əməliyyatında iştirak edən həkim personalı prokurorluqda yenidən dindirilir.

“Bakı Şəhər Prokurorluğunun müstəntiqi Vaqif Süleymanov araşdırmalara yenidən, demək olar ki, sıfırdan başladığını deyir. Yeni ifadələr alınır və Nəsimi Prokurorluğunun buraxdığı yanlışlıqların aradan qaldırılması istiqamətində iş gedir”,– deyə A.Niftəliyev bildirib. O əlavə edib ki, Nəsimi Prokurorluğu “Medi Sina” klinikası ilə bağlı heç bir araşdırma aparmadığından, indi Bakı Prokurorluğu klinika rəhbərliyini də istintaqa cəlb edib.

“İstintaq materiallarına əlavə edilən, ancaq əsaslandırılmayan (mən onlara saxta deyərdim) sənədlərin yoxlanılması aparılır. Bütün bunlar məndə o təəssüratı yaradır ki, Nəsimi Prokurorluğu, ehtimal etdiyim kimi, qarşı tərəfdən təmənna umub və ona görə də işi bu vəziyyətdə aparıb. Bir neçə ay öncə qarşı tərəfin vəkili hətta bizə bildirmişdi ki, həkimlər pulunu verib, məsuliyyətdən yaxa qurtarıblar, ortada bir anestezioloq qalıb, o məsuliyyətə cəlb olunacaq. Bu barədə mediaya açıqlamamda və cənab Baş prokurora müraciətimdə də yazmışdım.

Şübhələndiyim kimi də oldu, Nəsimi Prokurorluğunun müstəntiqi Ələkbər Rzayev digər həkimlərin vəkili rolunda çıxış etməyə və qərarlar verməyə başladı, yalnız anestezioloqu məsuliyyətə cəlb etməklə kifayətləndi. Ona görə də şikayət verdim və iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı Prokurorluğuna verildi. Düşünürəm ki, prokurorluq orqanlarında olan və insan qanı üstündə alver edən belə müstəntiqlər var və işin nəticəsindən asılı olaraq, onun barəsində tədbir görülməsi üçün də müraciət edəcəyəm.

Bir sözlə, hazırda işi aparan müstəntiq Vaqif Süleymanova inanmaq istərdim. Hələlik apardığı araşdırma ilə bağlı yalnız ümumi məlumat verib, gözləyirik ki, hansısa bir məqama gəlsin və ondan sonra müzakirələr aparacağıq”, – deyə Anar Niftəliyev bildirib.

Xatırladaq ki, Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Bakıdakı "Medi Sina" Tibb Mərkəzində cərrahiyyə əməliyyatı zamanı keçinib. Tənqidçinin ölümü ilə bağlı cinayət işi başlanıb. Nəsimi Rayon Prokurorluğu işi Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıqehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə araşdırırdı.

Hazırda cinayət işini Bakı Şəhər Prokurorluğu aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm