Gürcü qanuni oğru Kiyev aeroportunda həbs olundu – VİDEO
Bizi izləyin

Qırmızı.az

Gürcü qanuni oğru Kiyev aeroportunda həbs olundu – VİDEO

Dünən Ukrayna paytaxtında 40 yaşlı gürcü qanuni oğru Kaxaber Oraqvilidze həbs olunub.

Publika.az “Praym Kraym” agentliyinə istinadən xəbər verir ki, kriminal aləmdə Kaxa Tbilisski kimi tanınan avtoritet İtaliyaya gedərkən yaxalanıb.

Ötən əsrin 90-cı illərində Kaxa Oraqvilidze məşhur qanuni oğru Zviad Papiaşvilinin qruplaşmasının üzvü olub. Bu dəstə Tiflisdə şəxsi evlərə, villalara quldur hücumları təşkil etməkdə ixtisaslaşmışdı. Gürcü polisi onların izinə düşdükdə Kaxa cinayət ortaqları ilə birgə Moskvaya qaçır. Eyni əməllərini burda davam etdirir.

2002-ci ilin noyabrında artıq qanuni oğru titulu almış Oraqvilidzenin bandası hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilir. İstintaq müddətini, yəni həyatının tam iki ilini Oraqvilidze “Matroski tişina” həbsxanasında keçirir. Hətta 2004-cü ildə ABŞ-dan Rusiyaya ekstradisiya edilmiş məşhur Yaponçiklə kamera yoldaşı olur.

Həmin vaxt Kaxa Tbilisski 9 il həbs cəzası alır. Həbs müddətində də sakitləşmir. 2010-cu ildə Çelyabinsk ətrafındakı həbsxanada digər məhkumları da itaətsizliyə çağırdığı üçün həbs müddətinin üstünə əlavə 2 il gəlir.

2012-ci ildə həbsdən azad edildikdən sonra vətəni Gürcüstana deportasiya edilir. Elə Gürcüstanda da onu axtarırdılar. Amma quldurluq yox, qətl hadisəsilə bağlı.

İş elə gətirir ki, həmin vaxt Gürcüstanda amnistiya elan olunur. Oraqvilidzenin bəxtindən bütün ittihamlar üzərindən götürülür.

Tiflis məhkəməsi bu ilin yanvarında ona bəraət verəndən az sonra o, Krımda peyda olur...

Bu gün isə Oraqvilidze Ukraynadan deportasiya olunub. Onu Kiyev-Milan reysi ilə yola salıblar. Xəbər verilir ki, Kaxa Milandan Yunanıstana keçəcək. Ədirnədəki məlum atışmadan təşvişə düşən bir neçə qanuni oğru hazırda Yunanıstandadır.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm