İsrail səfiri Tovuzda ön cəbhəni ziyarət edib
Bizi izləyin

Qırmızı.az

İsrail səfiri Tovuzda ön cəbhəni ziyarət edib

İsrailin Azərbaycandakı səfiri Rafael Harpazın başçılıq etdiyi nümayəndə heyəti əvvəlcə Tovuz Rayon İcra Hakimiyyətində olmuşdur.

Burada keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və Milli Məclisin deputatı Qənirə Paşayeva qonaqlara Tovuz rayonunun tarixi, əhalisi, mədəniyyəti, təbiəti, coğrafi mövqeyi, iqtisadiyyatı, sakinlərin məşğulluğu, turizm potensialı və Ermənistanla sərhəd, ön cəbhə kəndlərində vəziyyət barədə barədə ətraflı məlumat vermişlər.

Səfir Rafael Harpaz yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş, İsrail-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu, bütün bu münasibətlərin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini bildirmişdir.

Ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulayan diplomat, İsrailin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirmişdir.

Səfir R.Harpaz Tovuz rayonu ilə əsasən kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq məsələlərinə önəm verdiklərini diqqətə çatdırmışdır.

Görüşdə gələcək əməkdaşlığın Tovuz rayonu üçün çox əhəmiyyətli olduğu bildirilmiş, bu bölgənin hər iki ölkə arasında davam edən dostluq əlaqələrinin möhkəmləndirilməsinə bundan sonra da öz töhfəsini verəcəyinə əminlik ifadə edilmişdir.

Görüşün sonunda qonağa Azərbaycanın qədim musiqi aləti olan saz bağışlanmışdır. Həmin gün səfir Rafael Harpaz və digər israilli qonaqlar rayonla tanışlıq çərçivəsində Ermənistan ilə həmsərhəd olan Ağdam kəndində olmuşlar.

Burada kənd sakinləri və Milli Məclisin deputatı Qənirə Paşayeva qonaqlara məlumat vermişlər ki, 20 il əvvəl atəşkəs haqqında müqavilə imzalansa da, demək olar ki, ermənilər hər gün atəşkəsi pozur, dinc sakinlər atəşə məruz qalırlar.

Millət vəkili Qənirə Paşayeva Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini mütəmadi olaraq pozması və sərhəddə yerləşən kəndlərin mülkü sakinlərinə zərər vurmaları, insanların neçə illərdir kənd qəbirstanlığını ziyarət etməyə imkan verməmələri, bu addımı atmaq istəyən şəxslərin snayperlərlə vurulması, bu səbəbdən kənd camaatının yeni qəbirstanlıq salma məcburiyyətində qalmasından, həmin qəbirstanlıqda yerləşən tarixi, dini abidələri Ermənistan Silahlı Qüvvələrinin yandıraraq məhv etmələri, kənd insanlarını suvarma üçün su mənbəyindən istifadə etməyə snayperlərlə imkan verməmələri, payızda otların qurumağa başladığı zaman kəndə yaxın ərazilərə silahlardan ataraq yanğın törətmələri, bir sözlə insanlığa sığmayan əməllərini davam etdirmələri barədə geniş məlumatlar verib.

Köhnə qəbiristanlıqda qalan “Alı Dədə” ziyarətgahına belə getmək mümkün deyil və Ermənistan silahlı qüvvələri dəfələrlə qəbiristanlığı yandırıb və orada yerləşən tarixi-dini abidələrə ciddi zərər vurublar.

Sonra qonaqlar rayon ərazisində ilk yaşayış məskəni olan qədim “Göytəpə” yaşayış məskənini ziyarət etmişlər. Səfirə məlumat verilmişdir ki, qədim “Göytəpə” arxeoloji abidəsi Azərbaycan ərazisində, eyni zamanda, Cənubi Qafqazda neolit dövrünün erkən mərhələsinə aid yaşayış məskənlərinin ən böyüyüdür. Bu yaşayış məskəni 2 hektardan çox ərazini əhatə edir.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası 2006-cı ildə Fransa mütəxəssisləri ilə birlikdə qədim “Göytəpə” yaşayış məskənində kəşfiyyat müşahidələri apararaq, təpənin toroplanını çəkmiş, yerüstü materiallar toplamışlar. Abidənin dəqiq tarixinin təyin edilməsi üçün üst qatdan götürülən kömür qalıqlarının üzərində Fransanın Milli Araşdırmalar Mərkəzində radio-karbon analizi aparılmışdır. Analizin nəticəsinə əsasən, “Göytəpə” yaşayış məskəninin bizim eradan əvvəl VI minilliyə aid olduğu müəyyən edilmişdir. Bu da onu deməyə əsas verir ki, Tovuzun 8 min illik şəhər mədəniyyəti tarixi vardır.

Tovuz “Qala” kompleksində olan qonaqlara Azərbaycan tarixini özündə əks etdirən xəritələr göstərilərək geniş məlumatlar verilmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm