"Palmali" yeni tankerini suya buraxdı
Bizi izləyin

Qırmızı.az

"Palmali" yeni tankerini suya buraxdı

Bu gün İstanbul yaxınlığında, Tuzla şəhərinin tərsanələrindən birində “Palmali” Şirkətlər Qrupuna məxsus 7 min tonluq yük qabiliyyətinə malik yeni tanker suya buraxılıb.

“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun təşəbbüsü ilə tankerə Məcid Aslanovun adı verilib.

Məcid Aslanov kimdir?

Məcid Mənsim oğlu Aslanov 1900-cu ildə Masallı rayonunun Miyankü kəndində dünyaya gəlib.

O, Palmali Şirkətlər Qrupunun qurucusu və prezidenti Mübariz Mənsimovun babasıdır. Bu zəhmətkeş insan Mübariz Mənsimovun həyatında atası və anası qədər böyük rol oynamış, onun ilk və ən önəmli həyat müəllimi olmuşdur. Mübariz Mənsimov babasından namusla və halallıqla yaşamağı, Vətənə və millətə sevgini, zəhmətkeşliyi, dürüst olmağı, yalan və riyakarlığa nifrəti öyrənmişdir.

Bakıda doğulub və təhsil almasına baxmayaraq Mübariz Mənsimov bütün məktəb tətillərini Azərbaycanın ən dilbər guşələrindən biri olan Miyanküdəki ata evində keçirmişdir. El-obasına, Vətəninə, onun bənzərsiz təbiətinə, qorxmaz insanlarına olan sevgi və bağlılıq da Mübariz Mənsimova məhz babası və nənəsinin yanında keçirtdiyi illər zamanı aşılanmışdır.

1941-ci ildə SSRİ-nin II Dünya Müharibəsinə qatılmasıyla Məcid Aslanov da savaşa yollanıb. Taqanroq diviziyasında döyüşən M. Aslanov 1943-cü ildə ağır yaralanmasına rəğmən geri dönməyib və Berlinə qədər çətin döyüş yolu keçib. 1945-də müharibənin bitməsinə baxmayaraq 1947-ci ilə qədər Sovet ordusunun Almaniyadakı qoşunlarında əsgərlik xidmətinə davam edib.

Onun 6 övladından olan 60 nəvəsi, 100-dən artıq nəticə və kötükcəsi bu gün dünyanın müxtəlif ölkələrində yaşamaqdadırlar. Məcid Aslanov 1993-cü ildə vəfat etmişdir.

Və bu gün dünyanın dəniz daşımaçılığı ilə məşğul olan ən böyük şirkətlərindən birini qurmuş Mübariz Mənsimov böyüklərinə olan vəfa borcunu az da olsa ödəyə bilmək, onların adını əbədiləşdirmək üçün növbəti gəmilərindən birinə "Məcid Aslanov" adını verməyi qərarlaşdırıb.

Bununla bağlı keçirilən mərasimdə “Palmali” Şirkətlər Qrupunun birinci vitse-prezidenti Maarif Mənsimov, şirkət rəhbərliyi, bir sıra yerli və xarici qonaqlar iştirak edib.

Yeni layihəyə əsasən hazırlanan tanker daha da gücləndirilmiş dəniz funksiyasına malik olmaqla, bütün beynəlxalq daşıma tələblərinə tam cavab verir. Layihələndirmə zamanı dünya neft şirkətlərinin xüsusi tələbləri və əlavə ekoloji məhdudiyyətlər nəzərə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm