Xəstəxanada həkimi kim öldürdü?
Bizi izləyin

Qırmızı.az

Xəstəxanada həkimi kim öldürdü?

Bir neçə gün öncə mətbuatda Gəncədə həkim kimi çalışan Ceyhun Bədəlovun paytaxt xəstəxanasında daxili qanaxmadan dünyasını dəyişdiyi barədə məlumat yayılmışdı.

Xəstəyə ilkin yardım göstərən Səhiyyə Nazirliyinin Respublika Elmi-Praktik Hemofiliya Mərkəzinin direktoru və Ak.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının həkimi Elmira Qədimova Publika.az-a açıqlama verib:

Həkim bildirib ki, 1966-cı il təvəllüdlü Ceyhun Bədəlov ağır vəziyyətdə mədə-bağırsaq qanaxması ilə qəbul olunub. İlkin olaraq, cərrahlar xəstəyə baxıb və müayinə edilib. Müayinə olunan zaman çoxlu qan itirdiyindən qan köçürülüb.

“Qanaxma dayanmadıqda hematoloqu və şəxsən mənim özümü konsultasiyaya çağırıblar. Məndən başqa xəstəyə kardioloq, terapevt, reanimatoloqlar baxıblar. Xəstə çoxlu qan itirdiyindən huşu getmişdi. Həyat yoldaşından xəstəliyi ilə bağlı soruşdum. Xəstənin həyat yoldaşı bildirdi ki, xəstənin uşaqlıq dövründən indiyədək ildə 5-6 dəfə mədə-bağırsağında qanaxma baş verib. Rayonda da hər belə vəziyyətdə olanda qan köçürüldüyünü və vəziyyətinin bununla da düzəldiyini dedi. Ancaq yaxınları deyirdi ki, ildən-ilə vəziyyəti ağırlaşır. Sonradan məlum oldu ki, bu cür qanaxmalar atasında və qardaşında da olub. Qardaşı qanaxmadan dünyasını dəyişib”.

Həkim Elmira Qədimova xəstənin dünyasının dəyişməsində onun qohumlarını təqsirləndirir:

“Növbəti günün səhəri müayinə zamanı aşkarlandı ki, qanda olan trombosit hüceyrələr (qan laxtalanmasında iştirak edən hüceyrələr) normadan kəskin aşağıdır və hüceyrələr funksiyanı itirib. İkinci gün biz artıq müdaxilə etdik və hemoqlabini iki dəfə artdı. Xəstənin vəziyyəti yaxşıya doğru getsə də, onun bir yerdən başqa yerə aparılması təhlükəli idi. Xəstənin qohumları çox təkidlə və israrla davranaraq onu Tibb Universitetinin klinikasına apardılar. Halbuki xəstə özü həkim olduğundan ona xüsusi qayğı göstərilirdi. Vəhşiliklə xəstəni dartıb apardılar və hətta palatanı da dağıdıblar. Xəstə aparıldığı xəstəxanada dünyasını dəyişib. Baxmayaraq ki həkimdir, özünü müayinə etdirməyib və daxili orqanlarının vəziyyəti yaxşı deyildi. Əvvəl infarkt da keçirib və qaraciyəri də normadan böyük idi. Xəstənin yaxınları onun dəqiq diaqnozunu bilmirdi”.

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm