• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

"Şuşaya Azadlıq" beynəlxalq kampaniyasının 4 işçi qrupu yaradıldı

"Şuşaya Azadlıq" beynəlxalq kampaniyasının 4 işçi qrupu yaradıldı

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə başlanılan "Şuşaya Azadlıq" beynəlxalq kampaniyası çərçivəsində növbəti iclas keçirilib.

Şuranın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Şura sədri Azay Quliyev toplantıda çıxış edərək "Şuşaya Azadlıq" beynəlxalq kampaniyası çərçivəsində ötən müddət ərzində mühüm işlərin həyata keçirildiyini bildirib, vətəndaş cəmiyyətinin dövlətimizin erməni işğalına qarşı mübarizə siyasətində hər zaman fəal iştirakçı olduğunu vurğulayıb. Şuşanı ayrıca olaraq qabartmaqla bütövlükdə Qarabağın işğaldan azad olunmasının vacibliyini dünyaya çatdırmaq istədiklərini deyən A.Quliyev kampaniyanın əsasən ölkə xaricində aparıldığını qeyd edib. O, toplantının əsas məqsədinin qarşıdakı dövr ərzində görülməli işlərin, eyni zamanda, yeni ideya və təkliflərin müzakirə edilməsi olduğunu bildirib. "Şuşaya Azadlıq" beynəlxalq kampaniyası çərçivəsində həyata keçiriləcək işlərin Azərbaycanın haqlı mövqeyini beynəlxalq aləmdə daha da gücləndirəcəyini vurğulayan Şura sədri aparılan işlərin sistemli və ardıcıl xarakter daşıyacağını deyib.

"Şuşaya Azadlıq" beynəlxalq kampaniyasının koordinatoru, Şuranın Qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov 5 may 2014-cü ildə "Şuşaya Azadlıq - 22 dildə" videoçarxının təqdimatından ötən dövr ərzində QHT-lərlə sıx surətdə əməkdaşlıq etdiklərini və bunun da nəticəsində aşağıdakı təşkilatların bəyanat verərək kampaniyanı dəstəklədiklərini bildirib:

1. Beynəlxalq Sülh Gənclər Qrupu (Cənubi Koreya)
2. Vinnitsa Gənclər Təşkilatları İttifaqı (Ukrayna)
3. Eğitim və İstihdam Projeleri Derneği (Türkiyə)
4. Avropa Diplomatlar Assosiasiyası (Gürcüstan)
5. Gənclərin Əməkdaşlıq Mərkəzi (Moldova)
6. Baltika Demokratik İnnovasiya və İnteqrasiya Təşkilatı (Latviya)
7. "Rezultat" Vətəndaş Aktivliyi İctimai Birliyi (Ukrayna)
8. Təhsil üçün Peşəkar Forum Assosiasiyası (Bolqarıstan)
9. Rotarakt Klubu (Belarus)

S.Nəcəfov keçən müddət ərzində kampaniya çərçivəsində görülən ən mühüm işin "Şuşaya Azadlıq - 22 dildə" videoçarxının 9 may 2014-cü ildə Berlində Şura sədri A.Quliyevin iştirakı ilə təqdimatının keçirilməsi olduğunu bildirib. Sözügedən videoçarxa indiyədək sosial şəbəkələrdə minlərlə izləyicinin baxdığını və ermənilərin də yazdığı şərhlərin, narahatlıqlarını açıq büruzə vermələrinin onun uğurlu alınmasının sübutlarından olduğunu qeyd edib. Kampaniyanın koordinatoru hazırda "facebook" sosial şəbəkəsində kampaniyanın çoxsaylı dillərdə səhifəsinin və 7 dildə saytının yaradılması üzərində iş getdiyi barədə iclas iştirakçılarına məlumat verib.

Millət vəkili Məlahət Həsənova Qarabağ həqiqətlərinin dünyaya mədəniyyətimizin təbliği vasitəsilə çatdırılmasının daha səmərəli olduğunu deyərək hər ay beynəlxalq təşkilatların yerləşdiyi, mühüm siyasi mərkəzlər olan Brüssel, İstanbul, Strasburq, Nyu-York, Paris, Vilnüs, Vyana, Amsterdam, Moskva kimi şəhərlərdə Şuşa mədəniyyəti günlərinin keçirilməsini təklif edib. M.Həsənova beynəlxalq təşkilatların mərkəzi qərargahlarındakı kitabxanalarda Şuşayla bağlı guşələrin yaradılmasının və kampaniyaya dair çoxsaylı buklet və disklərin buraxılmasının da vacibliyinə diqqəti çəkib.

Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu, Beynəlxalq Avrasiya Fondunun sədri Umud Mirzəyev, Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri Asif Əsgərli, Demokratik İslahatçı Gənclər İctimai Birliyinin nümayəndəsi Vüsalə Hüseynli, Milli Jurnalistika Mərkəzinin sədri Nəsiman Yaqublu, Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı və digər QHT təmsilçiləri çıxış edərək "Şuşaya Azadlıq" beynəlxalq kampaniyası çərçivəsində görülən işlərin mühüm əhəmiyyət daşıdığını qeyd edərək təklif və rəylərini səsləndiriblər.

Şura sədri A.Quliyev toplantıda irəli sürülən hər bir təklifin diqqətlə öyrənilənəcəyini bildirərək kampaniyanın qarşısında duran vəzifələrin daha səmərəli və sistemli şəkildə icra olunması üçün 4 əsas işçi qrupunun yaradılmasını təklif edib. Müzakirələrdən sonra aşağıdakı işçi qruplarının yaradılması məqsədəuyğun sayılıb və koordinatorlar müəyyən olunub:

Araşdırma və monitorinq (Nəsiman Yaqublu)
Sosial şəbəkələr və media ilə iş (Elşad Eyvazlı)
Beynəlxalq əlaqələr (Asif Əsgərli)
Tədbir və proqramlar (Sənan Nəcəfov)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR