Sonsuzluğa səbəb olan xəstəlik – ZOB
Bizi izləyin

Qırmızı.az

Sonsuzluğa səbəb olan xəstəlik – ZOB

"30 yaşım var və son bir ildə sürətlə çəki itirmişəm. Günlərlə yemək yeməsəm, yadıma düşməz. Səhərlər yataqdan qalxanda belə çox yorğun oluram, sanki illərdir istirahət etmirəm, adi səs belə məndə qıcıq yaradır. Elə düşünürdüm ki, səbəb iştahsızlığımdır. Bir müddət əvvəl həkimə müraciət etdim, məlum oldu ki, əsas səbəb zob imiş. Üstəlik, zob məndə bir çox xəstəliklərin yaranmasına səbəb olub. İndi həm də genekoloji və ürəyimdə yaranan problemləri də müalicə etdirməliyəm. Son vaxtlar ətrafımda zoblu xəstələrin sayı artıb".

Müsahibim Aytən Məmmədova xəstəliyin yaratdığı problemlərdən narahat olduğu qədər səbəbini də öyrənməkdə maraqlıdır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada 1,6 milyard insanın yod çatışmazlığından əziyyət çəkdiyini açıqlayıb. Orqanizmdə yod çatışmazlığı qalxanabənzər vəzinin böyüməsinə və zobun əmələ gəlməsinə səbəb olur. Hazırda dünyada 300 milyon insanda zob xəstəliyinin müxtəlif formaları müşahidə edilir.

Bəs bu artımın səbəbi nədir? Qidalanma, yoxsa pozulan ekoloji mühit?

Publika.az-ın “Qırmızı xətt” layihəsində ölkəmizdə və dünyada aktual problemlərdən birinə çevrilmiş boğaz uru – zob xəstəliyinin yaranma səbəblərini araşdıracağıq.

Yod çatışmazlığı qalxanvari vəzin funksiyasını pozur və bu zaman o, normadan çox, ya da az işləyir. Bu isə özünü müxtəlif əlamətlərlə büruzə verir. Məsələn, qalxanvari vəzin hipofunksiyası, yəni az işlədiyi zaman halsızlıq, ümumi zəiflik, yuxululuq, dərinin quruması, saçın tökülməsi kimi hallar baş verir. Həmçinin ürək-damar, mərkəzi sinir, mədə-bağırsaq sistemində pozğunluqlar olur. Qalxanvari vəzin hiperfunksiyası, yəni normadan çox işləməsi də orqanizm üçün xeyirli heç nə vəd etmir. Xalq arasında zob kimi tanınan bu xəstəlik növündən asılı olaraq hər kəsdə müxtəlif simptomlar müşahidə edilir. Boğaz urunun fəsadları insanın səhhəti və həyatı üçün çox təhlükəli ola bilər – sonsuzluq, uşaqsalma, miokard infarktı, insult, kəskin böyrək çatışmazlığı, tireotoksik kriz nəticəsində komatoz vəziyyət.

Bunun qarşısını almaq üçün hər kəs gündəlik lazımi miqdarda yod elementini qəbul etməli və eləcə də duzlar yodla zənginləşdirilməlidir. İstifadə edilən süfrə duzuna bir miqdar yod qatılması və bu yolla bədənin ehtiyacı olan yodun alınması mümkündür.

Xəstəliyin müalicəsində müxtəlif üsullar tətbiq edilir

Ekspertlərin fikrincə, zobun yaranma səbəbləri kimi stress, radiasiya və birtərəfli qidalanmanı göstərmək olar. Arıqlama preparatlarından istifadə etmək də insanda zob xəstəliyi törədə bilər. Lakin yod çatışmazlığının əsas səbəbi qidalarla bağlıdır. Yəni tərkibində yod olan qidalar qəbul etməmək, eləcə də düzgün qidalanmamaq və s. Yod qida ilə yanaşı, həm də hava ilə qəbul edilir. Ona görə də dəniz kənarında yaşamayanlarda bu xəstəlik daha çox müşahidə edilir. Azərbaycanda bu problem Şəki, Zaqatala, Quba, Qusar kimi rayonlarda daha qabarıqdır. Ekspertlər bunu həmin bölgələrdə suyun tərkibində yodun miqdarının az olması ilə əlaqələndirirlər.

Dünyada yod çatışmazlığının qarşısını almaq üçün su və duzun yodlaşdırılması prosesi həyata keçirilir. Ölkəmizdə də 2001-ci il “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Qanun qəbul edilib.

Boğaz urunun profilaktikası məqsədlə yodlaşdırılmış duzla yanaşı, yodla zəngin olan məhsullar rasiona daxil olunmalıdır. Beynəlxalq Səhiyyə Təşkilatının verdiyi məlumata görə, 5 yaşına qədər uşaqlar 80-100 mkq-dək, 12 yaşına qədər uşaqlar 130 mkq-dək, böyüklər və 12 yaşından sonra uşaqlar 160 mkq-dək, hamilə və uşaq əmizdirən qadınlar təqribən 200 mkq-dək yoda tələbatı var. Tərkibində yod olan məhsullardan kifayət qədər istifadə olunmaması (balıq, süd, yumurta, yağ, mal əti, portağal, limon, banan, yemiş, üzüm, ananas, çiyələk, alma, xurma, sarımsaq, turp, çuğundur, kartof, kök, pomidor) və yodsuz duzun istifadəsi zob xəstəliyinin yaranmasına səbəb olur.

Müraciətlər artıb

Endokrinoloq Xuraman Rəcəbovanın sözlərinə görə, son illər bu problemlə əlaqədar müraciət edənlərin sayında artım hiss edilir.

“Müraciətlərin artmasının əsas səbəbləri insanların diqqətsizliyi, ekoloji pozuntular, qidaların tərkibində yod çatışmazlığıdır. Nəticədə, hipoterioz, qalxanvari vəzin funksiyasının aşağı düşməsi müşahidə olunur. Qidaların tərkibində yodun miqdarı azdır, nəinki evlərə gələn su, mağazalardan aldığımız duz və suların tərkibində də yodun miqdarı yetərincə deyil. Belə olsaydı, zob xəstəliyi bu qədər çox olmazdı”.

Həkim bildirib ki, gün ərzində hər kəs 200 mikro qram yod qəbul etməlidir:

“Bu qida, yaxud hava ilə təmin edilə bilər. Dəniz kənarında yaşamayan insanlarda yod çatışmazlığı daha çox olur. Azərbaycanda da zob xəstəliyi daha çox Şəki, Zaqatalada yayılıb, düzdür, son vaxtlar Lənkərandan da müraciətlər artıb. Ölkəmizdə daha çox zəhərsiz və düyünlü zoblar geniş yayılıb. Bəzi uşaqlarda anadangəlmə qalxanvari vəzdə problem olur”.

Həkimin sözlərinə görə, zob xəstəliyi qadınlarda daha çox müşahidə edilir.

“Ona görə də hamiləlikdən əvvəl mütləq zob müayinə edilməlidir. Həmin dövrdə uşaq ananın bədənindəki maddələrlə qidalandığından zobun yaranması ehtimalı artır. Hamiləlik dövründə yaranan zob müalicə edilmir. Yod çatışmazlığı olmasa belə, gün ərzində 250-300 mikroqram yod qəbul edilməlidir”.

Ev şəraitində suya yod qatılaraq içilməsi, otaqda yod saxlayaraq yod çatışmazlığını aradan qaldırmağa gəldikdə, həkim bunun yalnız profilaktik xarakter daşıdığını dedi.

“Hormonal pozğunluq varsa, o zaman əsaslı müalicə aparılmalıdır. Qalxanvari vəz teraksin hormonu ifraz etmirsə, ona yod verməyin əhəmiyyəti yoxdur. Qoz yemək, suya yod əlavə edib içmək yod çatışmazlığının qarşısını ala bilməz. Bu üsullar yalnız profilaktik məqsəd daşıyır. Qida ilə yod qəbul edə bilməyəndə, həb şəklində içilməlidir”.

Endokrinoloqun sözlərinə görə, anadangəlmə zob daha təhlükəlidir, həmin uşaqlar ömür boyunca endokrinoloq nəzarətində olmalıdır. Müalicə edilməzsə, uşaq danışa, hərəkət edə bilməz, sonda ölümlə nəticələnər.

Yodlu su azalır

Mühəndis-geoloq Vaqif Behbudoğlunun sözlərinə görə, ildən-ilə yodlu su mənbələrinin sayı azalır. Onun sözlərinə görə, yeni mənbələr var, sadəcə, ondan istifadə etmək lazımdır:

“İndi açıq su mənbələri, əsasən, Araz, Kürdür. Onların keçdikləri ölkələrdə kanalizasiya suları bu çaylara axıdılır və suyun tərkibindəki yodu məhv edir. Araşdırmalar göstərir ki, suyun çirklənməsi, yodun azalmasına səbəb olur. Yodla zəngin su əldə etmək üçün kəhrizlərə ehtiyac var. Azərbaycanda min ədəd kəhriz qazılsa, onların suyu 30 milyon insanın içməli su ehtiyacını ödəyə bilər”.

Ekspert suların tərkibinə sonradan yod əlavə etməyin düzgün seçim olmadığını deyib. Onun sözlərinə görə, su mənbədən götürülərkən onun tərkibində yod olmalıdır, sonradan əlavə etməklə çatışmazlıq aradan qalxmaz.

“Azərsu”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, içməli suyun tərkibində yod elementi yoxlanılmır:

“İçməli suyun analizi aparılarkən orada yod elementi yoxlanılmır. Çünki insanlar yodu duz və təbii qida ilə qəbul edirlər. Şəki-Zaqatala zonasında insanların zob xəstəliyindən əziyyət çəkməsinin əsas səbəbi kimi suyun tərkibində yod olmaması göstərilsə də, dünya praktikasında yodun su ilə qəbul edilməsi əsas gətirilmir”.

Duzlar yodlaşdırılırmı?

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevin sözlərinə görə, Azərbaycan qanunvericiliyində duzun yodlaşdırılması qəbul edilsə də, dünyada suyun, bitki yağlarının, digər qidaların yodlaşdırılması ilə bağlı işlər görülür.

“Yaşdan asılı olmayaraq hər kəsin duz qəbul etməsi nəzərə alınaraq onun yodlaşdırılması ilə bağlı qanun qəbul edilib. Duz Sovet dövründə yodit, hazırda isə yodatla yodlaşdırılır. Bu duzlar maksimum 9 ay saxlanıla bilir”.

İ.Abdullayevin sözlərinə görə, bir neçə il əvvələ qədər duzlar kustar üsulla yodlaşdırılırdı. Hazırda fəaliyyət göstərən Duz emalı zavodu müasir tələblərə cavab verir. Amma bununla yanaşı, az da olsa, kustar üsulla yodlaşdırılmış duzlar bazara yol açır. Bu barədə məlumat daxil olanda araşdırma aparıb, qarşısını alırıq:

“Duz emalı zavodundan başqa, ölkədə duzu yodlaşdıran rəsmi müəssisə yoxdur. Bu prosesin həyata keçirildiyi digər obyektlər qanunsuz fəaliyyət göstərir. Müvafiq dövlət qurumları da bunların qarşısını almaq üçün iş aparılır. Hazırda bazarda satılan yodlaşdırılmış duzların əksəriyyəti tələblərə cavab verir. Məhsul alarkən onun üzərində rəsmi qeydlərin olmasına diqqət etmək lazımdır. Çünki məhsulların üzərində qeyri-rəsmi şəkildə yod tərkibli olması da yazılır”.

İ.Abdullayev onu da əlavə etdi ki, kənd təsərrüfatında, çörək zavodlarında, kolbasa sexlərində Masazır gölü ətrafından toplanmış emal edilməmiş duzlardan istifadə edirlər. Bu istiqamətdə də nəzarət aparılır.

Yodlanmış duzun saxlanma şəraitinə gəldikdə, nazirlik rəsmisi bu məsələdə qablaşdırmanın əsas rol oynadığını bildirib.

“Yodlaşdırılmış duzun saxlandığı qabların quru olması, rütubətli yerlərdə saxlanmamasına diqqət edilməlidir. Ev şəraitində də buna əməl edilməlidir. Həmin duzlar qapaqsız qablarda saxlandıqda kalium-yodat qısa zamanda parçalanır və həmin duzlar yodsuz hesab edilir. Bu duzlar, xüsusən günəş şüasından qorunmalıdır”.

Satışda olan suların tərkibinin yodlaşdırılmasına gəldikdə, İ.Abdullayev bu istiqamətdə iş aparıldığını, bir neçə müəssisədə prosesin başlandığını dedi. Yodlaşdırılmış suların bir litrində yodun miqdarı 150 mikroqramdan,1 qram duzda 30-50 mikroqramdan çox olmamalıdır.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm