• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Vətəndaşlara pulsuz virtual hüquqi yardım göstəriləcək

Vətəndaşlara pulsuz virtual hüquqi yardım göstəriləcək

“Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Virtual Hüquqi Klinika” adlı yeni layihənin icrasına başlayır.

Layihənin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının virtual ortamda peşəkar hüquqşünaslar tərəfindən pulsuz hüquqi yardım almalarına şərait yaradılmasından ibarətdir.

Belə ki, layihə çərçivəsində vətəndaşlar 4 ay ərzində “Azərbaycan Hüquq İslahatları Mərkəzi” ictimai birliyinin internet səhifəsində - www.lawreform.az saytında hüquqi məsləhət bölməsinə daxil olaraq, orada hüquqla bağlı suallarını və problemlərini yazıb göndərəcəklər və bu suallar ən qısa zamanda peşəkar hüquqşünaslar (vəkillər) tərəfindən cavablandırılacaq.

Layihənin əhəmiyyəti barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, ictimai birliyin sədri Anar Bağırov Publika.az-a bildirib ki, təşkilatın fəaliyyətinin əsas istiqamətlərindən birini də vətəndaşların ödənişsiz hüquqi yardım almaq hüququ ilə bağlı olan məsələlər təşkil edir.

"Ölkəmizdə indiyə kimi bu sahədə aparılmış mütərəqqi islahatlara baxmayaraq, insanların ödənişsiz hüquqi yardım almaq məsələsində mövcud olan problemlərin sayı heç də az deyildir. Bununla bağlı mən və bir neçə dəyərli hüquqşünaslarımız birlikdə “Ödənişsiz hüquq yardım haqqında” qanun layihəsi də hazırlamışıq. Hesab edirəm ki, “Virtual Hüquqi Klinika” layihəsindən bir çox vətəndaşlarımız, xüsusən də aztəminatlı ailələrin üzvləri, qaçqın və məcburi köçkünlər yararlanacaq, pulsuz hüquqi yardım alacaqlar. Belə xoş məramlı layihədə bizə dəstək verdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına dərin təşəkkürümü bildirirəm.”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin məsləhətçisi Elnur Bağırlı da layihəni yüksək qiymətləndirib və ümid etdiyini bildirib ki, layihənin icrası zamanı xeyli insan öz problemlərinin həlli yolunu tapacaq.

Sonda oxucuların nəzərinə çatdıraq ki, http://lawreform.az/?module=consultation&lang=az internet ünvanına daxil olmaqla suallarınızı hüquqşünaslara göndərə bilərsiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR