Komitə jurnalistlərə treninq keçdi
Bizi izləyin

Qırmızı.az

Komitə jurnalistlərə treninq keçdi

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən mətbuat nümayəndələri üçün "KİV-in ailə dəyərlərinə təsiri" mövzusunda təlim keçirilib. Publika.az-ın məlumatına görə, tədbirin məqsədi kütləvi informasiya vasitələrinin (KİV) ailə dəyərlərinə, insanların psixikasına təsirinin, uşaqların və gənclərin tərbiyəsindəki rolunun öyrənilməsi və bir sıra aktual problemlərin həlli yollarının araşdırılmasıdır.

Təlimdə çıxış edən təlimin moderatoru, komitənin İnformasiya və Sosial Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, komitə tərəfindən bir neçə dəfə bu təlim keçirilib. Onun sözlərinə görə, bu təlimlərin müzakirə formasında təşkil edilməsi daha dəyərlidir. Bundan sonra da bu istiqamətli görüşlər keçiriləcək.

Təlim haqqında geniş məlumat verən komitənin İnformasiya və Analitik Araşdırma şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova Azərbaycan ailəsi modelinin KİV vasitəsilə düzgün tanıdılmasının əhəmiyyəti mövzusunda çıxış edib. A.Veysəlova bildirib ki, məlumatların operativ çatdırılması qədər düzgün məlumat verilməsi də önəmlidir.

Təlimdə çıxış edən komitənin Hüquq-təminat şöbəsinin müdiri Taliyə İbrahimova məsələyə hüquqi yanaşma, KİV-də gender əsaslı zorakılıq məsələlərin işıqlandırılmasının prinsip və standartları mövzusunda çıxış edib. O bildirib ki, gender ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadın münasibətlərinin sosial cəhətidir.

Onun sözlərinə görə, hər zaman olduğu kimi, bu gün də ölkəmizdə gender problemləri mövcuddur:

"Azərbaycanda qadın kişi arasında hüquq bərabərliyi var. Lakin cəmiyyətimizdə bu model hələ tam formalaşmayıb. Bu modelin formalaşması üçün bir çox sferalarda bərabərlik təmin edilməlidir”.

T.İbrahimovanın sözlərinə görə, millət vəkillərinin 16 faizinin qadınlar olmasının az olduğunu deyib.

“Hər hansı bir qərara təsir etmək üçün orada qadınların sayı ən azı 35 faiz təşkil etməlidir. Lakin burada dövlət günahkar deyil, günahkar cəmiyyətimizdə formalaşan bəzi fikirlərdir. Bəzən cəmiyyət qadınların hər hansı bir vəzifədə çalışmasını düzgün qəbul etmir. Nədənsə hər hansı bir vəzifə, iş deyiləndə cəmiyyətdə kişi cinsi önə çəkilir. Bu da əlbəttə ki, qadınlara qarşı ayrı-seçkilikdir".

T.İbrahimova məişət zorakılığı ilə bağlı Azərbaycanda mövcud olan qanunlardan da bəhs edib.

Nöqsanlara gəlincə, T. İbrahimova vurğulayıb ki, cinslər arasında bərabərliyin təbliğatında KİV-in roluna az əhəmiyyət verilir.

Təlimdə çıxış edən AQUPDK sədr müavini Aynur Sofiyeva təlimdə iştirak edən jurnalistlərə təşəkkürünü bildirib. O komitənin KİV-lərlə iş aparmağa ciddi ehtiyacının olduğunu deyib:

"KİV-lərin bu istiqamətdə fəaliyyəti nəticəsində ciddi nəticələr əldə etmək olar. Bu gün bəzi KİV-lərdə yad elementlərin artdığının şahidi oluruq. Bu elementlər cəmiyyətimizin həyatına, uşaqların tərbiyəsinə böyük təsir edir. Biz bu problemlərlə mübarizə aparmalıyıq”.

BDU-nin müəllimi Turac Qəhrəmanova ailə münaqişələri və zorakılıq mövzusundə xəbərlərin hazırlanması və başlıqların seçimi ilə bağlı dünya mətbuatından nümunələrlə çıxış edib. Materialın təqdim edilmə üsullarından danışıb.

Təlimdə ailə dəyərləri ilə bağlı video-rolik təqdim olunub.

Sonda jurnalistlərə komitə adından sertifikatlar paylanılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm