Türkiyə şair və yazarları Kəlbəcər köçkünləri ilə görüşdülər - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Türkiyə şair və yazarları Kəlbəcər köçkünləri ilə görüşdülər - FOTOLAR

Gəncə şəhərində yerləşən Kəlbəcər Mədəniyyət Evində “Avrasiya Beynəlxalq Araşdırmalar İnistutu” İB-nin və “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İB-nin təşkilatçılığı ilə, Türk Dünyasının Ozan-Aşıq mərkəzlərindən olan Kəlbəcərdən Türk Dünyasına könül körpüsü qurmağa xidmət edən, Ustad şair, Ağdabanlı Qurbanın va Aşıq Şəmşir irsinin işığında Türk Ozan-Aşıq Dünyasının dünəni, bugününü və sabahına gedən yolları göstərən ədəbi-bədii gecə keçirilib.

Tədbir başlamamışdan öncə, gecə iştirakçıları Göygöl rayonunda Dədə Şəmşirin abidəsini ziyarət edib, abidə önünə əklil qoyublar.

Gecənin açılışında Dədə Şəmşirin həyat və yaradıcılığına həsr edilmiş videoçarx nümayiş etdirilib. Sonra “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İB-nin sədri Qənbər Şəmşiroğlu tədbir iştirakçılrını salamlayaraq, bu gecədə Türkiyədən, İraqdan şair, yazıçı və ədəbiyyatşünasların iştirakını xüsusi məhəbbət doğurduğunu bildirərək, onların hər birinə öz sevgi və sayğısını çatdırıb. Q.Şəmşiroğlu deyib ki, bü gün dövlətimiz milli-mənəvi dəyərlərimizə, o, cümlədən aşıq sənətinə xüsusi diqqət və qayğı göstərir.

Məhz bunun nəticəsidir ki, Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənəti YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilib.

Natiq qeyd edib ki, xalqın dərdi ilə ağlayıb, sevinci ilə gülən Dədə Şəmşir 60-70-ci illərdə Azərbaycanda gedən hərtərəfli inkişafı və Heydər Əliyev həqiqətlərini məhəbbətlə tərənnüm edirdi. XX yüzilin aşıq sənətinin çox sevilən ustad nümayəndəsi Aşıq Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sənətində silinməz izlər qoyub: “...Bu günə kimi sənətkarın bəzi lent yazıları Azərbaycan Dövlət Radiosunun Qızıl Fondunda saxlanılır. Aşıq Şəmşirin irsi yalnız Azərbaycanın deyil, bütün türk xalqlarının və onlarla eyni mədəni məkanda yaşayan qonşu xalqların da filoloq və musiqişünas alimləri üçün maraqlı və dəyərli tədqiqat obyektidir”.

Tədbirin məqsəd-məramı, ümumən respublikamıza qonaq gələn, fərqli ədəbi nəsillərə mənsub şair və yazıçıların bu səfəri ilə bağlı ətraflı bilgi verən millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva çıxış edərək, şifahi xalq mədəniyyətimizin dərin bilicisi, mahir dastan ifaçısı kimi tanınan söz ustası Dədə Şəmşirin bədii yaradıcılığında Azərbaycan təbiəti gözəlliklərinin, Vətən sevgisinin, torpağa bağlılığın başlıca motivlər olduğunu bildirib.

O, qeyd edib ki, Bu səfər çərçivəsində keçirilən bütün tədbirlər, görüşlər hamısı maraqlı proqram əsasında hazırlanıb, ancaq hesab edirəm ki, ən yaddaqalan, unudulmaz görüş məhz qaçqın və məcburi köçkün soydaşlarımızla keçirilən bu görüş olacaq. – “Nə üçün? – Çünki bizim sevincimiz kimi dərdimiz də ortaqdır; bir-birimizin uğuru kimi, uğur­suz­lu­ğu­muza da şərikik; bu bizimtürk xalqları olaraq başımıza gətirilənlərin bir şəkli, bir tablosudur... Kəlbəcərlilər ən qonaqpərvər insanlardandır, onlar istərdilər ki, Sizi doğma yurd-yuvalarında qarşılasınlar. Ancaq onlar öz doğma yurdlarına dönə bilmir, əzizlərinin qəbirlərini ziyarət edə bilmir... və yurd-yuva həsrəti ilə yaşayırlar... Artıq 22 ildir ki, bu belədir..!

Əziz Türkiyəli, İraqlı yazar qardaş, bacılarımız! Biz ümidvarıq ki, Siz qaçqın-məcburi köçkün soydaşlarımızla görüşdən aldığınız təəssüratları yaradıcılığınızda, yeni kitablarınızda, hər zaman hər yerdə çıxışlarınızda əks etdirəcəksiniz. Biz inanırıq ki, Sizlərin hər biri buradan Qarabağlı kimi gedəcəksiniz.

Mən Sizə, özümüzə nə arzu edərdim? – Arzu birdir: KƏLBƏCƏRDƏ, ŞUŞADA, QARABAĞDA GÖRÜŞƏNƏDƏK! İnşallah növbəti Şeir Şölənlərimizi işğaldan azad edəcəyimiz Qarabağ torpaqlarında keçirək!”

Sonra qardaş ölkədən gəlmiş nümayəndə heyətinin rəhbəri, Nevşəhirdəki ÜRGÜP FM-in sahibi A.Paslanmaz, Azərbaycana həsr etdiyi şeirini oxuyub, şeirin-sənətin, şair və yazıçıların xalqlar, ölkələrarası münasibətlərdə yeri və rolu haqqında fikirlərini bölüşüb.

Türkiyəli şairlər Yusuf Dursun, Nedim Uçar, Muhsin Durucan, Harika Ufuk, Yunus Kara, Bolat Ünsal, Mehmet Metin Baş, İbrahim Şaşma Azərbaycana gəlməkdən çox xoşbəxt olduqlarını, buranı da özlərinə vətən bildiklərini deyiblər və çıxışlardan sonra şeirlər oxu­yublar.

Sonra Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov tərəfindən Türkiyədən gəlmiş ünlü şair Camal Safiyə saz hədiyyə edilib. Kəlbəcər rayon icra başçısı Aqil Məmmədov qonaqlara Kəlbəcərlə bağlı məlumatlar verərək, bu kimi tədbirlərin əhəmiyyətindən və bütün Türk Dünyası aydınlarının Qarabağ həqiqətlərinin daha geniş şəkildə yayılmasında rolunun artmasının vacibliyindən danışıb. Sonra o, qonaqlara üzərində Kəlbəcərin rəsmi olan əsərlər və Kəlbəcər və ümumiyyətlə Qarabağ həqiqətləri ilə bağlı materiallar hədiyyə edib. Qonaqlar dəyərli hədiyyələr üçün öz təşəkkürlərini bildiriblər. Ailə kökənlərinin yarısının Azərbaycan olduğunu deyən Türkiyənin ən tanınmış şairlərindən biri C.Safi Azərbaycanı görməkdən böyük məmnuniyyət duyduğunu deyib, məcburi köçkünlərin ağrı-acısının onun da ağrı-acısı olduğunu bildirirək onalar qısa zamanda evlərinə dönməyi arzulayıb və özünün ən məşhur şeirlərini onlar üçün oxuyub.

Tədbirdə Azərbaycan-Türkiyə ədəbi əlaqələrin inkişafında xidmətlərinə görə "Aşıq Şəmşir Mədəniyyət Ocağı"na və onun sədri Şəmşiroğluna Türkiyə nümayəndə heyəti tərəfindən mükafat təqdim olunub. Kəlbəcər rayon icra başçısı Aqil Məmmədova Türkiyə nümayəndə heyəti tərəfindən mükafat təqdim olunub.

İraq türkmanlarından şair-yazar Şəmsəddin Kuzəci çıxışında İraqda yaşanan son hadisələrdən danışıb və bütün Türk Dünyasını İraq türkmanlarına daha böyük dəstək göstərməyə çağırıb. "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İB-nin rəhbəri Qənbər Şəmşiroğlu Kərkük bayrağını və materiallar hədiyyə edib. Sonra aşıqların ifasında Dədə Şəmşirin irsinə sayğı əlaməti olaraq saz havaları səsləndirilib, xatirələr, söylənilib. Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov tədbirin sonunda bu tədbirin təşkilatçılarından olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayevaya Kəlbəcər ictimaiyyəti adından hər zaman Kəlbəcərlə bağlı həqiqətlərin yayılmasındakı fəaliyyətinə və bu cür tədbirlərin təşkilinə verdiyi dəstəyə görə fəxri fərmanla təltif etdiklərini deyib və fəxri fərmanı millət vəkilinə təqdim edib. Bunu həyatında aldığı ən dəyərli təltiflərdən biri olduğunu deyən millət vəkili Qənirə Paşayeva bu istiqamətdə çalışmaları özünə borc bildiyini deyib və bundan sonra da bu istiqamətlərdə əlindən gələni edəcəyini deyərək bütün Kəlbəcər rayon ictimaiyyətinə təşəkkürünü bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm